30 ilin müəllimi niyə imtahan verməlidir? – Sabiq nazirdən etiraz

30 ilin müəllimi niyə imtahan verməlidir? – Sabiq nazirdən etiraz

Ötən gündən etibarən təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə start verilib. Ümumilikdə 11 min müəllim imtahan prosesində iştirak edəcək. 

Dünənki imtahanda yüksək nəticə əldə etmiş müəllimlərin sevinc anını əks etdirən görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Buna görə müəllimləri tənqid edənlər də olub. Bildirilib ki, illərlə dərs deyən müəllimlərin “şükür, imtahandan keçdim” deyərək sevinmələri kənardan xoş təsir bağışlamır. Bu addım müəllimlərin biliklərinə güvənməməsi kimi yozulur.

Bu barədə Modern.az-a danışan sabiq təhsil naziri Firudin Cəlilov müəllimlərin sertifikasiya imtahanına cəlb olunmasını dəstəkləmədiyini və bunun düzgün olmadığını bildirib.

“Müəllimlər pedoqoji təhsil alıblarsa, əllərində diplom varsa, onları ikinci dəfə imtahana çəkmək lazım deyil. Attestasiya olmalıdır. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, 5 il işləyən müəllim Təkminləşdirmə İnstitutunda 1 ay kurs keçib, sertifikat alıb işinin başına qayıtmalıdır. 30 il müəllim işləyən şəxsi yenidən imtahana cəlb etmək heç də yaxşı hal deyil”, – deyə keçmiş nazir sertifikasiya imtahanının əleyhinə olduğunu gizlətməyib.

Qeyd edək ki, sertifikasiya imtahanından uğurla keçən müəllimlərin maaşlarına əlavələr olunacaq. Belə ki, maaşlara 35 faiz əlavələr ancaq 50 baldan yuxarı nəticə üçün veriləcək.

DOSYE.ORG

COMMENTS