Bank olmayan kredit təşkilatları bölgələrdə əhalini kölə vəziyyətinə salıb Samir Əliyev: «İndi standart faizlər 40 faizdən başlayır və üzü yuxarı gedir»
Devalvasiyadan sonra kommersiya bankları tərəfindən kredit qoyuluşlarında müəyyən məhdudiyyətlərin yaranması bank olmayan kredit təşkilatlarının (BOKT) işini genişləndirib. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankının son hesabatına görə BOKT-ların iqtisadiyyata kredit qoyuluşları artıb. Lakin bununla yanaşı, faiz dərəcələrində də artımlar müşahidə edilir.
Ümumiyyətlə, bank olmayan kredit təşkilatlarının verdiyi kreditlərin faiz dərəcələri daim yüksək olub. Əgər kommersiya bankları 20-24 faiz arasında kredit verirdilərsə, BOKT-lar 30 faizdən aşağı pul təklif etmir. Hətta 40-45 faizə qədər yüksələn aqrar kreditlər də mövcuddur. Bank ekspertləri bunu risklərlə və maliyyə çatışmazlığı ilə əlaqələndirirlər. Çünki BOKT-lar əsasən, sosial sektora, o cümlədən, kənd təsərrüfatı sahəsinə yatırımlar edir. Həmin sektorlarda risklər çox yüksəkdir. Ekspertlərin fikrincə, faiz dərəcələrinin aşağı düşməsi üçün fermerlərin zərəri sığortalaya bilməsinə dövlət zəmanəti olmalıdır.
Fermer BOKT-larda aldığı vəsaitlərin, demək olar ki, hamısını istehsal vasitələrinə xərcləyir. Əvəzində gəlir əldə etmək üçün illər gərəkir, lakin banklar kreditlərin qaytarılma müddətində heç bir güzəştə getmirlər. Məsələn, çayçılıqda verilən kreditin qaytarılmasına ən az 8 il, bağçılıqda 4 il, heyvandarlıqda 3-4 il müddət lazımdır. Hətta bir illik bitkilərdən qazanmaq üçün də bir neçə il vaxt verilməlidir. Nəzərə almaq lazımdır ki, ilk ildə fermer yetərli gəlir əldə edə bilmir ki, həm krediti qaytarsın, həm də növbəti ildə istehsala yatırım qoysun. Son günlər BOKT-ların kredit faizlərində kəskin bahalaşmanın olması, həm fiziki, həm də hüquqi şəxslər üçün çətinliklər yaradır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Bizim Yol”a bildirdi ki, kommersiya banklarında yaranan durğunluqdan BOKT istifadə etməyə çalışır: “Mərkəzi Bankın son statistikası da göstərir ki, bank sektorunda kreditləşmənin azalmasına baxmayaraq, bank olmayan kredit təşkilatlarında artım olub. Amma ümumilikdə götürəndə sözügedən kredit təşkilatlarının respublika üzrə kredit qoyuluşunda payı olduqca azdır. Onların portfeldəki payı 2-3 faizdən çox olmur. Ona görə də artım olsa da, bazara böyük təsir göstərə bilmir”.
S.Əliyevin sözlərinə görə, BOTK-larda kreditlərin faiz dərəcələri kommersiya bankları ilə müqayisədə çox yüksək olub: “Bundan əlavə, bank olmayan kredit təşkilatlarında kreditləşmə zamanı xarici valyutaya daha çox üstünlük verilir. Ona görə də onların ümumi kredit qoyuluşlarında təsiri kommersiya bankları qədər olmayıb. İndiyədək dollarla kreditlərə üstünlük verdiklərinə görə hazırda onların qaytarılmasında ciddi problemlər yaranıb. BOKT-larda da problemli kreditlər kommersiya banklarında olduğu kimi, artmağa doğru gedir”.
İqtisadçı bildirdi ki, bank sektorunda son zamanlar manatla verilən kreditlər bahalaşıb. BOKT-lərdə isə bu artım daha qabarıq şəkildə özünü göstərir: “Əgər sözügedən maliyyə təşkilatları tərəfindən manatla verilən kreditlərin faiz dərəcələri ən azı 30 faizdən başlayaraq, ən yüksək həddi 42 faiz idi. İndi standart faizlər 40 faizdən başlayır, ən yüksək hədlərin faiz dərəcələri isə daha çox artıb”.
Ekspertin fikrincə, BOKT-lərin əsas problemlərindən biri də resurs çatışmazlığıdır: “BOKT-lar ciddi resurs qıtlığı ilə üzləşiblər. Onlar tərəfindən həyata keçirilən kreditləşmənin həcmi 400-500 milyondan çox deyil, bazardakı payları 2-3 faiz arasında dəyişir.
Qeyd edim ki, kommersiya bankları, əsasən, şəhərin mərkəzində və ona yaxın ərazilərdə oturuşub. Bank olmayan kredit təşkilatları isə regionlarda, xüsusilə ucqar ərazilərdə kreditləşməni həyata keçirirlər. Yəni insanlar üçün əl çatmayan ərazilərdə kreditlər verdikləri üçün faiz dərəcələri də yüksəkdir. Onların resursu banklar qədər deyil. Çünki kommersiya bankları həm xaricdən maliyyə resursları, həm də əmanətlər cəlb edə bilirlər. Onların kredit portfelinin yarısı əmanətlər hesabına formalaşır. Amma bank olmayan kredit təşkilatları əmanət cəlb edə bilmir. BOKT-ların yeganə resursu xaricdən aldıqları maliyyə vəsaitləri və özlərinin puludur. Ona görə də bazarda banklarla rəqabət apara bilmirlər. Bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada belədir”.
“BOKT-lar tərəfindən kredit faizlərinin aşağı salınması üçün Mərkəzi Bank nə üçün tövsiyələr təqdim etmir və ya maliyyə yardımı göstərmir?”
“Qanunvericiliyə görə, faiz dərəcələrinin formalaşdırılması kredit təşkilatlarının öhdəliyinə buraxılıb. Yəni Mərkəzi Bank tərəfindən tənzimlənmir, sərbəstdir. Bank olmayan kredit təşkilatlarında kommersiya bankları ilə müqayisədə şərtlər yüngüldür” – deyə S.Əliyev vurğuladı. Onun sözlərinə görə BOKT-lərdən kredit almaq daha rahatdır: “Yeganə çatışmayan cəhəti isə faiz dərəcələrinin çox yüksəkdir. Buna görə, də maliyyə resursları az olduğu üçün faiz dərəcələrini artırmalı olurlar. Eyni zamanda kommersiya bankları kimi əlavə xidmət göstərərək, oradan da gəlir götürə bilmirlər. Onların qazancları yalnız faiz dərəcələrindən olduğuna görə, bahalı kredit təqdim etməli olurlar”.
COMMENTS