“5 aydır quru çörək yeyirik” – Renatın komandasında nə baş verir?

“5 aydır quru çörək yeyirik” – Renatın komandasında nə baş verir?

“Biz həqiqətən mövsümün əvvəlindən tək qalmışıq. Nə meydançamız, nə bazamız, nə pulumuz var. Heç nəyimiz yoxdur”.

QOL.az xəbər verir ki, bu sözləri Türkiyənin “Hatayspor” klubunun qapıçısı Erce Kardeşler “Gazeteduvar”a açıqlamasında deyib.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi Hatay klubu maddi çətinliklər içərisindədir. Türkiyəli qapıçı komandanın durumunun acınacaqlı olduğunu bildirib:

“Bəzən insanlar bizə əsəbiləşirlər. Amma mən həyatımda belə kollektivlə işləməmişəm. Onların hər biri ilə fəxr edirəm. Çünki çox şəraitsiz vəziyyətdə mübarizə aparırıq.

30 yaşım var, 10-11 ildir futbol oynayıram. İlk dəfədir ki, bir klubun bu qədər baxımsız qaldığını görürəm. Futbol komandası basketbol üsulu ilə məşq edərək oyunlara hazırlaşır. Bu mümkündürmü?

5 aydır ki, quru çörək yeyirik. Məşqdən sonra duş qəbul etmədən evə gedirik. 1,5 saatlıq yoldan heç danışmıram. Tək arzum “Hatayspor”un Superliqada qalmasıdır. Mən hataylılar üçün buradayam. Həmişə getmək istəyəndə ürəyim buna icazə vermir. Bəlkə də, bu çıxışdan sonra insanlar bizə dəstək olacaq…”

Komandanın baş məşqçisi Volkan Demirel bir neçə gün əvvəl istefa verib. E.Kardeşler baş məşqçinin qeyd olunan çətinliklərə görə komandadan ayrılmaq qərarını verdiyini deyib: “Volkan hoca da buna görə getdi. Çünki tək qalmışdı. Hər şeyi etməyə çalışırdı. Yeri gələndə bizə ata, qardaş oldu. Hazırda meydana çıxa biliriksə, bu, Volkan Demirelin sayəsindədir. O, bir qardaş kimi nə vaxt çətinliyə düşsə, düşünmədən qaçıb kömək edərəm. İnsanlar zəlzələni çox tez unudublar, amma biz 1-1,5 il əvvəl çoxlu itkilər vermişik. Ümid edirəm ki, insanlar “Hatayspor”a dəstək olacaqlar”.

Qeyd edək ki, “Hatayspor” 35 turdan sonra 34 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və elitanı tərk etmək təhlükəsi ilə üz-üzədir.

COMMENTS