8 Martda 1 saata 15 min manat qazanan müğənni – Şou əhli toyları tədbirlə əvəz edir?

8 Martda 1 saata 15 min manat qazanan müğənni – Şou əhli toyları tədbirlə əvəz edir?

Bayramların ard-arda sıralandığı mart ayında restoranlarda açıq musiqi proqramları tərtib olunmaqdadır.
Məsələn, 8 Mart günü restoranlarda yer qalmamışdı. Əksər restoranlarda isə musiqi proqramları vardı.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak etdi. Aygün Kazımova bayram günü 1 saat çıxış üçün 15 min manat qazanıb. Müğənni iki restoranda səhnəyə çıxıb.
Müğənni Səidə Sultan 5 məkanla anlaşıb. O, hər yarım saat üçün 2 min manat alıb.
Dj Roshka 35 dəqiqəlik çıxışının müqabilində 2 min manat gəlir əldə edib.
Xalq artisti Miri Yusif isə 1 məkanla razılaşıb. Onun külli miqdarda pul qazanacağı bildirilsə də, məbləğ açıqlanmayıb.
Qarşıdakı 9 günlük tətildə də eyni proses gözlənilir. Bu, işsiz və səhnəsiz qalan sənətçilərin bir qədər nəfəs alması deməkdirmi? Onlar restoranlarda səhnə almağa, oradan qismən qazanmağa necə baxırlar?
Musavat.com mövzu ilə bağlı sənətçilərin fikrini öyrənib.
Müğənni İzzət Bağırov bildirib ki, şou proqramlara dəvət alsa, qatılar: “Məni şou proqramlara dəvət edən olmayıb. Dəvət edən olsa, gedərəm. Onsuz da 1 ildir ki, işsizik, pul qazanmırıq. Bütün sənətçilər gözləyir ki, şou proqramlar, toylar başlasın. Mən də onlar kimi gözləyirəm ki, işimizin başına qayıdaq. Artıq koronavirusdan da qorxmuruq. 1 ildir işsizik”.
Müğənni Afət Fərmanqızı deyib ki, tez-tez şou proqramlara dəvət alır: “Şou proqramlara dəvət alıram. 8 Martdan öncə də, bayram günü də şou proqramda çıxış etdim. Əsasən həftə sonları mənim ifalarıma ehtiyac olur. 6 əyləncə mərkəzindən dəvət gəldi, 4-də çıxış edə bildim. Digərlərinə vaxt çatmadı. Düzdür, əyləncələr əvvəlki kimi deyil. Şən mahnılar oxumağa, rəqs etməyə icazə vermirlər. Amma bu günə də şükür. Qonorara gəldikdə isə əvvəlki məbləğin 3-də birini alıram. Bəzən də yarısını. Amma adi günlərdəki çıxışlar üçün əvvəlki qədər qonorar alıram”.
Müğənni Sevinc Musayeva deyib ki, toylara icazə verilsə, el şənliklərinə qatılar:
“Başqa ölkələrdə toylar başlayıb. Bizdə də başlasa, yaxşı olar. Bir ildir ki, işsizik. Dolanmaq getdikcə çətinləşir. Baxıram ki, sənət dostlarım Rusiyaya toylara gedir. 8 Martda da müxtəlif məkanlarda şou proqramlarda çıxış etdilər. Onların adına sevinirəm. Mən 5 ildir ki, şou proqrama getmirəm. Toyları gözləyirəm”.

COMMENTS