Oqtay Gülalıyevin vəziyyəti normallaşır – Oğlu danışdı

Oqtay Gülalıyevin vəziyyəti normallaşır – Oğlu danışdı

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 9 aydır koma vəziyyətində olan və 4 dəfə əməliyyat olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti normallaşır.

Bu barədə məlumatı Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev verib.

O qeyd edib ki, atasının durumunda müsbət dəyişikliklər hiss olunub: “Atamın baxışlarında duyğunluq artıb.

Yəni daha duyğulu baxır. Reaksiyası əvvəlkindən daha yaxşıdır. Qollarında hərəkət daha çoxdur. Həmçinin çəkisi artmaqdadır”. Komadan tam olaraq nə zaman ayılacağına gəlincə, Təbriz Gülalıyev bu barədə həkimlərin hər hansı bilgi vermədiklərini deyib.

Qeyd edək ki, hüquq müdafiəçisi qəza nəticəsində aldığı kəllə-beyin travmasına görə 4 dəfə əməliyyat olunub. Ən son isə iyunun 25-də Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında həkimi Mehdi Sasani tərəfindən əməliyyat edilib. Başının sol beyin hissəsinə plastik kəmik sümüyü qoyulub və qəzadan bu yana açıq qalan beyinin həmin hissəsi örtülüb.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub.

Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da Bakıda əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və “Avrasiya” xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi sonra İstanbulda yerləşən “Amerikan Xəstəxanası”na köçürülüb. Oqtay Gülalıyev 9 aydır ki, komadadır.

DOSYE.ORG

COMMENTS