Abbas Abbasov: “Mən Rusiyanı seçdim”

abas.jpg

Xəbər verildiyi kimi, bu gün Moskvada Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin (“AzerRos”) VII qurultayı keçirilib.

Son vaxtlar ciddi qarşıdurmanın və bölünmənin yaşandığı bu diaspor təşkilatının qurultayında “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov istefa niyyətini elan edib. Ancaq onun istefası qurultay nümayəndələri tərəfindən qəbul olunmayıb.

Qurultay ərəfəsində A.Abbasov “REGNUM” agentliyinin müxbirinə müsahibə verib. Virtualaz.org saytı xəbər verir ki, baş nazirin keçmiş birinci müavini “AzerRos”un Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının təmin edilməsinə diqqət ayıran təşkilat olduğunu deyib.

“90-cı illərin əvvəllərində dövlət sistemi hələ tam formalaşmayanda müxtəlif xalqların arasında xeyli ziddiyyətlər var idi. OMON bazarlarda alver edən azərbaycanlıların sifətini palçığa sürtürdü. Axı azərbaycanlılar bunu öz xoşlarına etmirdilər. Bu, hələ SSRİ Nazirlər Sovetinin, Mərkəzi Komitənin Rusiyanın və bütövlükdə Moskva şəhərinin ərzaq resursları, təzə meyvə-tərəvəzlə təmin edilməsinə dair kvotanı müəyyən etmişdi.

Məhz onda “Qosplan”ın tövsiyəsi əsasında azərbaycanlılar bura – Moskvaya gəldilər və məskunlaşdılar. Çünki azərbaycanlıların qanında biznes-genlər var, onlar bazarda alver etməyə öyrəşiblər. Bu, neqativ hal deyil, əksinə, insanların real ehtiyaclarının ödənilməsi üçün onlara, xalqa edilən xidmətdir”- A.Abbasov deyib.

A.Abbasov “AzerRos”un istefa vermiş prezidenti Asif Məhərrəmovdan danışıb. Deyib ki, istefada olan polkovnik Məhərrəmov səhhətinə görə istefa verdi. İndi nizamnaməyə əsasən təşkilata yeni prezident seçilməlidir.

“Biz ancaq Rusiyada işləyirik, onun hüdudlarından kənara çıxmırıq. Azərbaycan bizim tarixi vətənimizdir, bizim köklərimiz, valideynlərimizin məzarı oradadır. Çalışırıq ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hörmət, əlaqə olsun. Bizim məqsədimiz Rusiya və Azərbaycan arasında dostluğu dərinləşdirməkdir. Hazırda çox mürəkkəb dövrdə yaşayırıq. “AzerRos” mümkün olan hər şeyi edir ki, əsası hələ Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Vladimir Putin və İlham Əliyev tərəfindən dəstəklənən əməkdaşlıq, qarşılıqlı etimad dərinləşsin”- deyə A.Abbasov bildirib.

“AzerRos”un Ağsaqqallar Şurasının sədri deyib ki, bu təşkilatın daxilində əliəyri adamlar olub və onlar prezidentin yoxluğundan istifadə edərək qanunsuz, nizamnamədən kənar yollarla təşkilatı öz əllərinə keçirməyə çalışıblar. Lakin “AzerRos” fəallarının əksəriyyəti hüquqi müstəvidə fəaliyyətə tərəfdardır və təşkilatın daxilində yaranmış problemlərin öhdəsindən gəlmək mümkün olacaq.

Abbas Abbasovdan sitat: “Mən baş nazirin birinci müavini olmaqla yanaşı Millətlərarası Münasibətlər Komitəsinin sədri, MDB ölkələri Şurasının həmsədri idim. Bu fəaliyyət özlüyündə nə deməkdir? Ünsiyyətdir, insanları bir araya gətirmək üçün axtarışlardır.

Mən 2006-cı ildə istefaya gedəndə Azərbaycan prezidenti məni ölkənin ən yüksək mükafatı ilə təltif etdi. Bura gəldim və Azərbaycan prezidenti İlham Əliyevdən “AzerRos”a rəhbərlik etmək təklifi aldım. Mənim başqa ölkələrə getmək imkanım da var idi, ancaq Rusiyanı seçdim. Öz taleyimdən çox razıyam, şadam ki, Rusiyadayam və mən təşkilatın Ağsaqqallar Şurasının sədri postunu tutmağa razılıq verdim. Bütün həyatımı dövlət işinə vermişəm, indiki fəaliyyətimi də dövlət işi kimi qəbul edirəm. Ona görə də qanunların pozulmasına, hüquq müstəvisindən kənara çıxılmasına yol verə bilmərəm”.

A.Abbasov onu da deyib ki, azərbaycanlılar çörək sevən xalqdır və çörəyə şükür edir: “Və biz həmişə yaşadığımız ölkənin maraqlarını müdafiə edəcəyik, bu ölkəyə rəhbərlik edən lideri dəstəkləyəcəyik.

Bu gün bu ölkəyə Vladimir Putin rəhbərlik edir, biz onun kursundan, bizim xalqa, rəhbərliyiə münasibətindən çox məmnunuq. Mən şəxsən Vladimir Vladimiroviçlə görüşmüşəm, bizim söhbətimizin böyük hissəsi Heydər Əliyevə həsr edilmişdi və onun Heydər Əliyevə, İlham Əliyevə münasibəti mənə gözəl məlumdur”.

Baş nazirin keçmiş müavini bir daha Azərbaycan prezidentinin siyasətinə öz münasibətini bildirib: “İlham Əliyev Azərbaycanın prezidentidir, o, xalq tərəfindən seçilib. Ağıllı və təcrübəli adamdır, artıq 10 ildən çoxdur ki, ölkəyə rəhbərlik edir. Biz isə ona kömək etməli, paravozun qabağınca qaçmamalı və onun əsgərləri olmalıyıq. Və mən siyasətçilərin çoxunu ondan nümunə götürməyə çağırıram”.

Son məlumatlara görə, “AzerRos”un Moskvadakı Millətlər Evində keçirilən qurultayı başa çatıb. Rusiya Prezidenti Administrasiyasının, Mədəniyyət və Ədliyyə nazirliklərinin, regionların nümayəndələrinin də iştirak etdiyi qurultayda Mehriban Sadıqova “AzerRos”un prezidenti seçilib. Ağsaqqallar Şurasının yeni tərkibi təsdiqlənib və A.Abbasovun təklifi ilə Sərdar Abdullayev şuranın tərkibinə seçilib.

COMMENTS