ABŞ Azərbaycandakı vəziyyətdən narahatdır

Dövlət Departamenti: “Hökumətin Beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq”; ABŞ yeni səfirini Bakıya göndərmək işini sürətləndirdi

ABŞ Dövlət Departamenti Azərbaycandakı vəziyyətlə bağlı yenidən narahatlığını ifadə edib. “Azərbaycan hökumətinin beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq”. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtondakı gündəlik brifinqdə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərdən danışarkən belə deyib.

“Amerikanın səsi”nin Dövlət Departamentindəki müxbirinin AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimovun mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılması haqda sualını cavablandıran Cen Psaki Azərbaycan hökumətini fundamental insan haqlarına əməl etməyə çağırıb:

“Biz Azərbaycan hökumətinin insan haqlarına dair özünün beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq. Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə və onlara öz baxışlarını ifadə etmək imkanı yaratmağa çağırırıq”.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, Azərbaycan daha açıq cəmiyyətə imkan verməklə öz stabillik və firavanlığını ən yaxşı bir şəkildə təmin edə bilər.
Bu arada məlum olub ki, ABŞ-ın Azərbaycana yeni səfirini yaxın günlərdə təsdiq ediləcək. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə “Qafqazinfo”ya müsahibəsində bildirib ki, Azərbaycana səfiri postuna təyin olunan namizəd Robert Frensis Cekuta yaxın günlərdə təsdiq olunacaq: “Yaxın günlərdə Senatın beynəlxalq komitəsinin toplantısında Azərbaycana təyin olunan səfir təsdiqlənməlidir. Bu ilin sonuna kimi təsdiqlənəcəyi gözlənilir. Bundan sonra səfir öz fəaliyyətinə başlayacaq”.
Senatın iclasının dekabrın 4-də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, bu ilin iyul ayında prezident Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna Robert Frensis Cekutanın namizədliyini irəli sürüb. Ancaq hələlik ABŞ Senatı Cekutanın səfir vəzifəsini müzakirəyə çıxarmayıb. Bunu Senatın iş qrafiki ilə əlaqələndirirlər. Bir qədər əvvəl ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan “Amerikanın səsi” radiosunun Bakı bürosuna bildirmişdi ki, yeni səfirin təsdiq olunacağı gün haqda xəbərsizdir. Sitat: “Biz də bunu səbirsizliklə gözləyirik”:

Təyinata qədər dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Cekuta 2009-cu ilə kimi Yaponiya və Almaniyada səfir olub.
Bəzi məlumatlara görə, Senatdakı respublikaçılar Cekutanın təyinatından narazıdırlar və yeni səfirin təyinatı bu səbəbdən gecikir. Eyni zamanda bildirilir ki, respublikaçılar Azərbaycana daha fəal bir səfir təyin olunmasını istəyirlər. İddialara görə, prezident Obama daha əvvəl Metyu Brayzanın təyinatında olduğu kimi Azərbaycana səfiri prezident səlahiyyətlərinə əsas Senatın başı üzərindən bir ilik müddətə təyin edəcək. Yəni böyük ehtimalla səfir Cekuta da Azərbaycanda bir il fəaliyyət göstərə biləcək.

Maraqlıdır ki, respublikaçılar Azərbaycana təyin olunacaq yeni səfirin enerji sahəsindən olmamasını, Bakıya daha çox təzyiq göstərə biləcək diplomat olmasını istəyirlər. Respublikaçı senatorlar hesab edir ki, Amerikanın Azərbaycandakı nüfuzunu bərpa etmək üçün daha fəal bir diplomat təyin olunmalıdır. Eyni zamanda Azərbaycanda fəaliyyəti dayandırılmış institutların, o cümlədən Beynəlxalq Respublikaçılar İnstitutunun fəaliyyətinin yenidən bərpa edilməsi tələb olunur. Xatırladaq ki, Beynəlxalq Respublikaçılar İnstitutu 2010-cu ilin aprelində fəaliyyətini dayandırıb. Milli Demokratiya İnstitutu isə bundan bir il sonra fəaliyyətini dayandırıb.

Bəzi ekspertlər iddia edir ki, Cekutanın səfir kimi işi ağır olacaq. Çünki, o ilk növbədə iki ölkə arasında o qədərdə sıcaq olmayan münasibətləri durğunluqdan çıxarmalıdır. Robert Frensis Cekuta Bakı-Moskva dialoqunun genişləndiyini də nəzərə almalıdır. Amerikalı diplomat Azərbaycanın xarici siyasətində balansın Rusiyanın xeyrinə pozulmaması üçün Vaşinqton tərəfdən rəsmi Bakının marağına səbəb olacaq addımlar atmalıdır.
“Atlas” Araşdırmalar Mərkəzi isə hesab edir ki, Cekutanın işini çətinləşdirən daha iki amil var: “Birinci amil Barak Obama administrasiyasının Cənubi Qafqaza, Azərbaycana, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməməsidir. Son illərdə Ağ Ev administrasiyasından və Dövlət Departamentindən Bakıya səfərlərin sayı da azalıb. Bunun qarşılığında isə Moskva Cənubi Qafqaz və Azərbaycan istiqamətində fəallaşıb, rusiyalı rəsmilərin Bakıya səfərləri isə artır.

İkinci amil Vaşinqtonun və ABŞ-dakı təşkilatların Azərbaycandakı insan haqlarının durumu və demokratiya ilə bağlı tənqidi hesabatlarıdır. Bu hesabatlar rəsmi Bakını narazı salır və hakimiyyətin içində “Amerikadan qorunmaq instinktini” gücləndirir.

Buna baxmayaraq, Konqres üzvlərinin Azərbaycana ünvanlanan müsbət siqnalları da var ki, bu, ABŞ-Azərbaycan münasibətlərində müsbət hava yaradır. Məsələn, ABŞ konqresmenləri Robert Aderholt və Mayk Doyl prezident Barak Obamaya Azərbaycanla bağlı məktubla müraciət ediblər. Hər iki konqresmen ayrı-ayrılıqda prezidentə ünvanladığı müraciətdə ABŞ-ı Azərbaycana dəstək verməyə çağırıb. Konqresmenlər bu dəstəyin vacibliyini belə əsaslandırıblar: Azərbaycan ABŞ-a mühüm müttəfiqi kimi Əfqanıstandakı antiterror əməliyyatlarına, Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfə verir.
Vaşinqton Azərbaycan hakimiyyətini ABŞ-la əməkdaşlığa həvəsləndirməlidir. Bunun üçün birinci mərhələdə dialoq genişləndirilməli, qarşılıqlı səfərlərin sayı artmalı, birgə konfrans və seminarlara üstünlük verilməlidir”.

Dekabrın 4-nü gözləyək…

COMMENTS