ABŞ-dən Türkiyəyə qarşı təzyiqlər davam edir

Elxan Şahinoğlu: “Ərdoğan Obamanı çox gözlədə bilməyəcək” 

 

ABŞ ordusu Yaxın Şərqdə ərəb dövlətlərinin hərbi qüvvələri ilə birlikdə İŞİD mövqelərini bombalamaqda davam edir. Prezident Obama bölgədə yerli xalqlarla əməkdaşlığın davam etdiriləcəyini bildirib. Amerika lideri bildirib ki, İŞİD-ə qarşı mübarizədə Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya kimi ölkələrin “addım atmalarına” ehtiyac olduğunu deyib. Sitat: “Onların müdaxilə etməsi lazımdır. Bu onların bölgəsidir, İŞİD onlara bizdən daha çox təhdid yaradır”.

Bu arada məlum oldu ki, Avropa ölkələrinin ardınca ABŞ hökuməti də Türkiyədə olan Amerika vətəndaşlarına xəbərdarlıq edib. ABŞ-ın Türkiyə səfirliyinin yaydığı açıqlamada İŞİD-ə qarşı hava zərbələrinə cavab olaraq Türkiyədəki ABŞ vətəndaşlarına qarşı təhlükə yarana biləcəyi haqda xəbərdarlıq edilir.

Türkiyə hökuməti isə ABŞ-ın təzyiqlərinə baxmayaraq, İŞİD-ə qarşı koalisiyada olmaqla bağlı qəti qərar verməyə tələsmir. Amerikada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koalisiyaya dəstək verəcəklərini bəyan etsə də, bu dəstəyin konkret nədən ibarət olacağı, Türkiyə ordusunun İŞİD-ə hava zərbələri endirib-endirməyəcəyi bəlli deyil. Ancaq o da aydındır ki. girovların azad edilməsindən sonra ABŞ hökumətinin Türkiyəyə təzyiqləri daha da artıb.

Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Türkiyə hökuməti girovların azad edilməsindən sonra fakt qarşısında qalıb: “Vaşinqton Türkiyəni İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmağa dəvət etdikdə Ankara ”yox” demişdi. O zaman bunun ciddi səbəbi var idi. Əks halda, İŞİD girovluqda saxladığı 49 türk diplomatını anında qətlə yetirəcəkdi. Girovlar artıq azadlıqdadırlar. Ona görə də artıq Ərdoğan Vaşinqtona “yox” deyə bilmir, İŞİD-lə mübarizəyə qoşulacağını bildirib”.

E.Şahinoğlunun sözlərinə görə, Ərdoğan İŞİD məsələsində tərəddüd içərisindədir. Ancaq ekspertə görə, bu vəziyyət çox da davam edə bilməyəcək: “ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri Ərdoğanı köşəyə sıxışdırıb. Hər ikisi Ərdoğandan İŞİD-ə qarşı qəti addımlar tələb edirlər. Məsələn, ABŞ İŞİD-in Suriyadakı bazalarını Səudiyyə Ərəbistanı və Fransa təyyarələri ilə birgə bombaladı. Vaşinqton Ankaradan tələb edə bilər ki, İŞİD mövqelərinə qarşı hava zərbələrinə Türkiyənin hərbi təyyarələri də qoşulsun. Vaşinqtonun Ankaradan digər istəyi ABŞ-ın Adana yaxınlığındakı İncirlik hərbi bazasından istifadəyə icazə verməsidir. Ərdoğan hələ ki ciddi tərəddüd içərisindədir. Türkiyənin prezidenti İŞİD-i terrorçu təşkilat adlandıraraq beynəlxalq koalisiyada yer alacağını vurğulasa da, hələ ki nə İŞİD-ə qarşı hava zərbələrinə, nə də ki İncirlikdən istifadəyə razılıq verib. Ancaq Ərdoğan Obamanı çox gözlədə bilməyəcək”.

Ancaq E.Şahinoğlunun fikrincə, Türkiyə İŞİD-ə qarşı mübarizədə aktiv fazada iştirak etməyə tələsməyəcək. Bunun isə bir neçə səbəbi var: “Birincisi, onsuz da Suriyadakı müharibə Türkiyəyə əlavə yükdür. İŞİD hücumlarından və Suriyadakı vətəndaş müharibəsindən Türkiyəyə qaçanların sayı bir azdan 2 milyona yaxınlaşacaq və bu problemin həllində Ankara heç kimdən, o cümlədən ABŞ-dan real kömək ala bilmir. Belə bir durumda Türkiyənin İŞİD-ə qarşı hücumlara başlaması qaçqın axınını bir az daha artıra bilər. İkincisi, hələ ki Türkiyənin indiki hökuməti ilə İŞİD arasında birbaşa toqquşmalar olmayıb. İŞİD-in 49 türk diplomatı azad etməsi də Ankaraya ünvanlanan bir jest idi. Halbuki indiyə qədər İŞİD hansısa girovu sağ buraxmayıb, ortada kəsilən yüzlərlə baş var. Ancaq əgər Türkiyə İŞİD-ə qarşı aktiv hücumlarda iştiraka qərar verərsə, Ankara terrorçuların əks həmlələrinə, o cümlədən terror aksiyalarına da hazır olmalıdır. İŞİD-in Türkiyədə rəğbətçiləri az deyil. Həm də Türkiyə İŞİD-ə qarşı savaşa başlasa inanmıram ki, bir də bu terror qruplaşması girov götürdüyü hansısa Türkiyə vətəndaşını sərbəst buraxsın”.

Ancaq risklərə baxmayaraq, Türkiyə İŞİD-ə qarşı əməliyyatlara qoşulacaq. E.Şahinoğlu deyir ki, regionun güclü dövləti olaraq Türkiyənin böyük hərbi-siyasi prosesdən kənarda qalması mümkün deyil: “Göründüyü kimi, İŞİD-ə qarşı savaşda iştirak Türkiyəyə bəlli risklər yaradır. Ancaq Türkiyə kimi regional liderliyə iddialı olan dövlət bu prosesdən kənarda da qala bilməz. İŞİD Avrasiyanın baş bəlasına, xərçənginə çevrilib. Demək, bu xəstəlik Türkiyə üçün də təhlükəlidir. Digər tərəfdən, ABŞ və müttəfiqləri İŞİD-ə qarşı savaşarkən, Türkiyənin seyrçi mövqedə qalması gələcəkdə Ankaranın bölgədəki rolunu xeyli zəiflədə bilər. Ərdoğan isə əksinə, özünün və Türkiyənin bölgədəki rolunu yüksəkdə görür. Demək, buna uyğun da qərarlar verməlidir”.

COMMENTS