ABŞ erməni ordusunu nəyə hazırlayır?

ABŞ erməni ordusunu nəyə hazırlayır?

Son günlər Azərbaycanla münasibətlər fonunda Ermənistan-ABŞ əlaqələrində yeni yaxınlaşma meyilləri nəzərə çarpır. ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin Şuşaya getməkdən imtina etdiyi bir ərəfədə Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuinlə görüşüb. Görüş zamanı Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib. ABŞ tərəfi Ermənistanda aparılan müdafiə islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, Ermənistanın əvvəlki hərbi sistemi Rusiya ilə bağlı idi:

“Ermənistan yeni müdafiə sisteminin qurulmasında təkcə ABŞ-la deyil, Qərb birliyi ilə də əməkdaşlığa üstünlük verir. Digər tərəfdən, ABŞ regionla bağlı geosiyasi maraqlarını Ermənistan üzərindən həyata keçirir”.

Politoloqun sözlərinə görə, Cənubi Qafqazda geosiyasi maraqları olan Qərb dünyası burada mövqelərini gücləndirə bilmir:

“Bu siyasətin əsas qayəsi Rusiyanı bölgədən tam sıxışdırıb çıxartmaq, Cənubi Qafqazı öz təsir dairəsinə daxil etməkdir. Həmin istiqamətdə isə problemlər var. Regionun ən güclü ölkəsi Azərbaycana qarşı fəaliyyət ABŞ-a öz siyasətini həyata keçirməyə imkan vermir. Rəsmi Bakıya qarşı düşmənçilik davam etdiyi halda, təbii ki, Azərbaycan və Türkiyə buna imkan verməyəcək. Rəsmi Vaşinqton bu gün həm də Qərbin Cənubi Qafqaza giriş qapısı Gürcüstanla da problemlər yaşayır. “Xarici agentlər haqqında” qanun layihəsi ilə bağlı gərginlik buna misaldır. Qərb etiraz dalğasını dəstəkləyir. Bu hadisələr fonunda Ermənistanın əhəmiyyəti artır”.

N.Mirinin fikrincə, ABŞ Ermənistanın müdafiə sisteminin qurulmasında və yeni silahlarla təchiz edilməsində yaxından iştirak edir:

“Gələcəkdə Ermənistan ərazisində bəzi Qərb şirkətləri vasitəsilə müdafiə sənaye kompleksi formalaşdırmaq və istehsal etmək planları da mövcuddur. Bununla da Vaşinqton regionda hərbi balansı təmin etmək istəyir. Ermənistanın Azərbaycan və Rusiya qarşısında duruş gətirməsinə çalışır. Lakin İrəvan anlamalıdır ki, onminlərlə kilometr uzaq məsafədən heç bir qlobal güc region ölkələri ilə problemi olan Ermənistanın təhlükəsizliyini təmin edə bilməz. İrəvan əvvəlcə həmin ölkələrlə normal münasibətlər qurmalıdır”.

Politoloq Rusiyanın hələ ki yalnız ritorikaya üstünlük verdiyini düşünür:

“Bu sərt ritorika ilə də müəyyən mənada istəklərinə nail ola bilir. Ermənistanın Rusiyaya qarşı mövqeyi də bu qəbildəndir. Qərbin təzyiqlərinə baxmayaraq İrəvan Moskvanın nüvəsi olduğu heç bir ittifaqdan çıxa bilməyib. Çünki bu əməkdaşlıq fonunda Ermənistanın ticari, iqtisadi və ixrac bazarı yönündə təhlükəsizliyi, problemləri tam həllini tapmayıb. Rusiyanın Ermənistanı cəzalandırması sadəcə ritorikada mövcuddur. Kreml anlayır ki, hələlik İrəvanın bu imkanları yoxdur və ona ciddi baş qoşmur, öz problemlərini həll etməyə çalışır. Əslində, həlledici amil Ukrayna cəbhəsidir və bundan sonra Ermənistan məsələsi onun üçün daha asanlaşacaq”.

Safura Bənnayeva

COMMENTS