ABŞ-ın BMT-dəki səfirindən Azərbaycanda mətbuat azadlığına dəstək

Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu Nyu-Yorkda ABŞ-ın BMT-dəki səfiri Samantha Powerlə görüşüb. Görüşdə jurnalist Xədicə İsmaylovanın həbsi və Azərbaycanda mətbuata basqılar müzakirə olunub.

Xədicə İsmayılovanın dərhal azad edilməsinə çağıran cənab Kazımoğlunun çıxışı Birləşmiş Ştatların yüksək rütbəli rəsmisi tərəfindən dərin rəğbətlə qarşılanıb. Amerikanın beynəlxalq arenada baş diplomatlarından biri sayılan Samantha Power Kənan Kazımoğlu ilə fotonu özünün Twitter hesabında yayaraq Azərbaycanda mətbuata edilən basqılara diqqət yönəldib. Xanım Power Azərbaycanda mətbuat azadlığı uğrunda mübarizə aparan Kənan Kazımoğlu ilə bir sırada dayanmağından şərəf duyduğunu bildirib.

Bu arada ABŞ Dövlət Departamenti yenidən Azərbaycan hökumətini jurnalist Xədicə İsmayılovanı azadlığa buraxmağa səsləyib. “Azərbaycan hökumətini öz düşüncələrini ifadə etdiklərinə görə həbs olunan bütün şəxsləri, o cümlədən Xədicə ismayılovanı azadlığa buraxmağa çağırırıq,” deyə Departamentin brifinqində çıxış edən Jeff Rathke bildirib. O, habelə İlham Əliyev hökumətinin öz vətəndaşlarının universal hüquqlarına hörmət etməsinin və onlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verməsinin vacibliyini vurğulayıb.

Çərşənbə axşamı PEN Amerika Mərkəzi jurnalist Xədicə İsmayılovanı dünya nüfuzlu 2015 Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı ilə təltif edəcək.

Şikayəti əsasında Xədicə İsmayılovanın həbsə salındığı Tural Mustafayev hazırda Azərbvaycanın dövlət orqanlarının təzyiq və şantajı altında şikayət ərizəsi yazdığını, işgəncələrə məruz qaldığını deyir, və rəsmən ittihamını geri götürdüyünü bəyan edir.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bu günlərdə açıqladığı hesabatında Azərbaycan mətbuatın ən çox basqılara məruz qaldığı 10 ölkə sırasında yer alıb. /Amerikanın səsi/

COMMENTS