Bakı növbəti dəfə Qarabağ şərtini açıqladı; bölgədə hərbi əməliyyat riskləri artır, lakin…
Zahid Oruc: “Yalnız silahlı yolla münaqişəni həll etməyə çalışmaq beynəlxalq aləmlə döyüşmək deməkdir; çünki bizə siyasi koalisiya yaratmadan hərəkət etmək olmaz”
Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı ciddi irəliləyiş müşahidə olunmasa da, son vaxtlar yeni, həm də bir-birinə ziddiyyət təşkil edən gəlişmələrin şahidiyik.
Məsələ burasındadır ki, Qərb Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginliklərin müharibə fazasına keçə biləcəyindən ehtiyatlanaraq prezidentlərin növbəti – Vaşinqton görüşünə tədarük görür, həmsədrlərin səfəri də buna hesablanıb, ancaq eyni zamanda şimal qonşumuz və həmsədrlərdən biri olan Rusiya işğalçı Ermənistana güzəştli kreditlə 200 milyon dollarlıq silah-sursat satır. Hətta Kremlin İrəvana 500 km-lik məsafəni darmadağın etmək gücündə olan “İsgəndər” raket kompleksini verməklə bağlı prosesin getdiyi barədə xəbərlər yayılıb.
Düzdür, Rusiyada dərc olunan “Arsenal Oteçestva” jurnalının baş redaktoru, Rusiya hökuməti hərbi sənaye komissiyası sədri yanında Ekspert Şurasının üzvü Viktor Muraxovski Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində qüvvələr balansını təmin etmək üçün Rusiyanın İrəvana “İsgəndər” raketləri satacağı barədə erməni KİV-lərinin yazdığı materialların həqiqətə uyğun olmadığını deyib. Lakin hələlik nə Bakı, nə də Moskvanın rəsmi reaksiyası ortada yoxdursa, məsələnin üstündən keçmək olmaz.
Bəzi rus analitikləri isə Ermənistana silah payının göndərilməsini faciə hesab etməyərək Azərbaycanın da növbəti partiya müasir silahlar almaq şansının yarandığını iddia edir. Belə görünür ki, Rusiya əslində bölgəni silah arsenalına çevirmək və iki ölkənin yarışını təşkil etməklə daha çox qazanmaq istəyir. Bu da son nəticədə dəhşətli müharibə perspektivi deməkdir.
***
Bu arada xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın mövqeyinin bəlli olduğunu deyib. “Dağlıq Qarabağ problemi məsələsində güzəşt yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər” – nazir bildirib. Onu da xatırladıb ki, Dağlıq Qarabağın statusu məsələsi indi həll olunan məsələ deyil. Rəsmi Bakı hesab edir ki, ilk növbədə, hərbçilər hər iki tərəfdən kənara çəkilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı, yollar açılmalıdır: “Sonra bütün əlaqələri bərpa etməliyik. Bu baxımdan həm də Dağlıq Qarabağ ətrafında olan işğal olunmuş 7 rayondan da erməni hərbçiləri çəkilməlidir. Bundan sonra bütün yolların, kommunikasiyaların açılmasına imkan verəcəyik”.
Ancaq Rusiyanın gərginliyi artıra biləcək addımları Ermənistanın konstruktiv mövqe tutacağına şübhələri artırır. Deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ermənistana “İsgəndər” raketlərini satacağı haqqında xəbərlər tamamilə cəfəngiyatdır və bunu dövriyyəyə çıxaranların bir çox avantürist məqsədləri var: “Gəlin əvvəlcə onu xatırladaq ki, operativ-taktiki silahlar içərisində xüsusi yer tutan həmin raketlərin ixrac olunan versiyası ”İsgəndər-E” adlanır və özünün hədəfləri vurma və döyüş qabiliyyətinə görə kifayət qədər fərqlənir. Yəni ondan sonra gələn daha yüksək çeşidli ballistik raketlər seriyasıdır ki, biz onları yalnız qitələrarası toqquşma təhlükəsi zamanı müxtəlif ölkələrin hərbi addımları zamanı görmüşük. Məsələn, “Şahab” raketləri kompleksi dediyimiz sinfə daxil olan və uzaq məsafələri vuran ən güclü silahların içərisində yer alıb. Ona görə də 280 km məsafədə hədəfə yönələn “İsgəndər-E” raketlərinin Ermənistana hansı əsaslarla verilə biləcəyini əsaslandıranlar, görünür, sadəcə, Azərbaycanda xof və qorxu yaratmaq üçün əsassız informasiya təxribatına əl atıblar. Çünki əvvəlki Suriyaya həmin silahların satılacağı haqqındakı məlum beynəlxalq skandaldan sonra indi iki Qafqaz ölkəsində guya hərbi balansı bərpa etmək üçün belə riskli və regional təhlükəsizliyi zərbə altında qoyacaq əməliyyata gedilə bilməzdi. Əsl gerçəklikdə isə NATO Türkiyədə güclü radar sistemlərini qurandan sonra Rusiya Gümrü bazasına müxtəlif qanadlı raketlər sistemini yerləşdirmək haqqında düşünməyə başladı. Suriya ətrafında İncirlik üzərindən qurulmuş Qərb hərbi sistemlərinin Rusiyaya hansı təhlükəni törətdiyini əsaslandırmağa bir o qədər də ehtiyac yoxdur. Çünki Hafiz Əsəd dönəmidən Rusiya Suriyada hava hücumundan müdafiə sistemlərinin yaradılması missiyasını öz üzərinə götürmüşdü. Deməli, Ermənistanın bəlli dairələri Rusiyanın 2016-cı ildə heç bir ölkəyə “İsgəndər-E” satmayacaqları haqda bəyanatının olmasına baxmayaraq, Azərbaycanda anti-Rusiya əhvalını gücləndirmək üçün belə bir təxribata əl atıb”.
Z.Oruc onu da bildirdi ki, reallıqda ölkəmizə Rusiyanın göndərdiyi hərbi texnika və texnologiyalarının həcmi Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclüdür: “Onun məbləği ermənilərin indi aldığı 200 milyonluq hərbi kreditin və ötən on illərdəki yardımların ümumi məbləğindən qat-qat çoxdur. 5 milyard dollarlıq həmin razılaşmalardan ölkəmizə gələn güclü silahlar Azərbaycanın təhlükəsizliyini xeyli gücləndirib və Qarabağda ermənilərə qarşı istifadə olunur. Sərkisyan da Poznerə şikayətlənərkən azərbaycanlıların əlində olan rus silahından öldüklərini etiraf etməyə məcbur olmuşdu. Ona görə Ermənistana İsgəndər raketlərinin satılacağı məsələsi bizim üçün informasiya müharibəsi kimi qəbul olunmalıdır. Bir də son hakimiyyət krizinə və kütləvi etiraz aksiyalarının qarşısını almağa görə Sərkisyan aldığı krediti qaytarıb Rusiyaya verməkdən daha çox, siyasi aqibətini düşünməyə və böhranı həll etməyə xərcləyəcək. Hesablamalar görə, ən azı 50 milyon dolardan artıq vəsaitin elektrik enerjisi borclarına gedəcəyi şübhəsidir”.
***
Qarabağ məsələsinin ədalətli həllinə mane olan təkcə Rusiyanın davranışları deyil. Hətta prezidentlərin görüşünə hazırlıq görən ABŞ da işğalçıya yardım ayırmaqla öz “töhfəsini” verdi. ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Komitə Ermənistan üçün 20,06 milyon dollar humanitar yardım, 1,7 milyon dollar xarici hərbi yardım, 600 min dollar isə beynəlxalq hərbi təhsil və təlim çərçivəsində yardım ayrılmasını təklif edib. Azərbaycan və Gürcüstana isə müvafiq olaraq 8,778 milyon dollar və 54 milyon dollar iqtisadi yardımın edilməsi nəzərdə tutulub. Komitə həmçinin, Azərbaycan və Ermənistana bərabər şəkildə hərbi yardımın ayrılmasını da təklif edib. Bakının etirazlarına baxmayaraq, Ağ Ev yenə də işğalçı ilə təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoyub.
Z.Oruc da ABŞ-ın Qarabağ separatçılarına və Ermənistana maliyyə yardımı ayırmasına etirazını ifadə etdi: “İlk baxışda sözügedən yardımlar Amerika vətəndaşlarının vergi ödənişləri hesabına formalaşdığından Konqresin qərarı ilə onun hansı ölkəyə verilməsi Birləşmiş Ştatların sırf daxili işi sayıla bilərdi. Lakin uzun on illər boyu həmin beynəlxalq yardımlar xüsusi məqsədlərlə həyata keçirildiyindən artıq dünyada Amerikanın maddi dəstək verdiyi ölkələrin haqqında dəqiq bir xəttin izləndiyini söyləmək heç bir çətinlik doğurmur. Məsələn, İsrailə verilən vəsaitlər istənilən on ölkənin birgə aldığı yardımlardan qat-qat çoxdur. Təkcə ötən il həmin məbləğ 1 milyard dollara yaxın olub. 2016-cı ildə Birləşmiş Ştatlar hökumətinin üç Qafqaz ölkəsinə hansı meyarla yanaşdığını təyin etməyə çalışsaq, yenə də ənənəvi xəttin saxlandığını deyə bilərik. Yəni 1992-ci ildə ”Azadlığa dəsətk aktı” ilə bizim müstəqilliyimizin güclənməsinə köməkdən imtina edən bir dövlət sırf öz mənafeləri naminə həmin sanksiyanı 2001-ci ildə götürəndən sonra həmişə Gürcüstanı yardımların 1-ci yerinə, Ermənistanı 2-ci yerə qoyur. Bir tərəfdən Azərbaycanın artan iqtisadi gücü, o biri yandan məlum siyasi məsələlər bizim ölkəmizi Amerika yardımlarının ön yerinə çıxarmağa səbəb olmayıb. Ötən 24 ildə Ermənistanın aldığı 2 milyard dollar vəsait, o cümlədən, Dağlıq Qarabağa edilmiş 83 milyon dollarlıq dəstək həmin regionlarda təhlükəsizliyi və demokratiyanı nə qədər gücləndirib? Həqiqətənmi bundan xalq fayda götürüb və orada effektli idarəçilik, məsuliyyətli hakimiyyət formalaşıb? Əgər Ermənistanda güclü siyasi sistem yaradılıbsa, indi millət niyə küçələrdə barrikada qurub? Əsl həqiqətdə Qarabağa edilən köməyin maddi səviyyəsi separatçı rejimin sosial-iqtisadi planlarına çox da əsaslı təsir etməsə də Amerika bununla sanki onları tərəf kimi tanıyır və Qarabağ məsələn, Krımdan fərqli olaraq sanksiyaların deyil, yardımların ünvanı olmaqla ölkəmizə qarşı aparılan təcavüzkar əməliyyatların bəraət qazandıqlarını zənn edirlər. Halbuki Amerika Ermənistandan köməyini kəssəydi, aparılan sülh danışıqları və ermənilərin aqressiv razılaşmazlığına çoxdan son qoyulardı. Krım Respublikası Ukraynaya qarşı silahlı təcavüzə əl atmadan öz səsi ilə Rusiyaya birləşmək yolunu tutub. Əgər belədirsə, onda gərək Qarabağda olduğu kimi, Amerika hökuməti oraya eyni yanaşma tətbiq etsin və krımlılara siyasi-maliyyə dəstəyini əsirgəməsin. Bu fikrə Qərb aləminin reaksiyasını rahat bir şəkildə təsəvvürünüzə gətirə bilərsiniz. Halbuki Ermənistan Azərbaycan ərazilərindən çıxsın, bizim dövlətimiz Qarabağa ən yüksək maddi ayırmalarını edəcək və region real bir iqtisadi-sosial rifaha qovuşacaq”.
Z.Oruc XİN başçısının sülh sazişi barədə son açıqlamalarından bəhs edərkən bunları dedi: “Elmar Məmmədyarov ”Böyük sülh razılşması”ndan danışırsa, deməli, danışıqlarda əvvəlki variantların üzərindən xətt çəkilib. Axı ən sonda Praqa prosesi kimi xarakterizə olunan və vasitəçilərin masaya yatırdıqları sənədin bir çox detalları Kazan görüşündə razılaşdırıla bilinmədiyindən dövriyyədən tamam çıxarıldı. Ondan sonra tərəfləri bir araya gətirmək düz bir il qeyri-mümkün oldu və Minsk üçlüyü hətta bununla tamam beynəlxalq missiyanın fəaliyyətindən imtina olunacağı kimi perspektivdən narahat olmağa başladı. Çünki “hər şey razılaşdırılmayıbsa, heç nəyə kompromis verilməyib” prinsipi ilə işləmək əslində iki xalqı yenidən müharibə meydanına sürükləmək deməkdir.
Məgər Ukrayna münaqişəsi zamanı son Minsk dialoqu aparılarkən cəmi 16 saatlıq danışıqlarda hazır çərçivə müddəalarından ibarət sənəd ortaya qoyulmadımı? Hətta Kuçmanın Luqansk və Donetsk rəhbərləri ilə apardığı danışıqlarda ayrıca bir saziş də imzalanmışdı. Ona görə köklü sülh sənədləri üçün ATƏT çərçivəsində hərəkət etməyin başqa alternativi yoxdur. Yalnız silahlı yolla münaqişəni həll etməyə çalışmaq isə beynəlxalq aləmlə döyüşmək deməkdir. Çünki bizə siyasi koalisiya yaratmadan hərəkət etmək olmaz. ABŞ İraq və Əfqanıstan üzərinə onlarla ölkənin ittifaqını formalaşdırandan sonra getməmişdimi?..”
COMMENTS