ABŞ siyasətində anti-Azərbaycan trendi DAYANDIRILDI

ABŞ siyasətində anti-Azərbaycan trendi DAYANDIRILDI

“Mənim şəxsi təcrübəm nöqteyi-nəzərindən, – mən bunu dəfələrlə bölüşmüşəm, – sözsüz ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik”.

DOSYE.ORG xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağ evdə hakimiyyətin dəyişməyindən sonra ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti barədə danışarkən deyib.

Ölkə başçısı ADA Universitetində dünən keçirilən “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forumda çıxışı zamanı bildirib:

“Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, biz orada olmazdıq. Biz təkcə çox sayda hərbçilərimiz vasitəsilə fiziki dəstəyi deyil, həm də istər hava yolu ilə və ya yerüstü vasitələr və Xəzər dənizi vasitəsilə Əfqanıstana mühüm nəqliyyat əlaqəsini təmin etdik. Bu, Prezident Buş administrasiyası dövründə ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildi. Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da bir qədər dəyişdi”.

İlham Əliyev deyib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər:

“Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini – Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına “907-ci düzəliş” müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi,- bunu onların necə etdiyini hamımız gördük, – onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi”.

Prezident bildirib ki, Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutub:

“Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Bəli, demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini biz hamımız bilirdik. Lakin buna baxmayaraq, Amerikanın prosesdə vasitəçilik tarixində heç vaxt onlar Ermənistana münasibətdə birtərəfli mövqe tutmamışdılar. Ötən il aprelin 5-də cənab Blinken, xanım Ursula Fon der Lyayen, cənab Borell və cənab Paşinyanın iştirakı ilə Brüsseldə keçirilmiş çox qəribə görüşü xatırlamaq kifayətdir – ABŞ və Avropa siyasətçilərindən ibarət komandanın nəinki postsovet məkanının, dünyanın heç bir ölkəsi ilə indiyədək keçirmədiyi bir görüş. Bizdə kifayət qədər etibarlı məlumat var ki, razılaşdırılmış protokolun bir hissəsi hərbi potensialın artırılmasına həsr olunmuşdu. Biz bunun qarşısını almaq üçün bu məsələni əvvəlcədən qaldırmışdıq. Sonradan bu, sənədin mətnindən çıxarılmışdı. Lakin de-fakto bu mövcud idi. Buna əsaslanaraq qondarma “Avropa Sülh Fondu” silah almaq üçün Ermənistana ilk tranşını ayırdı. Blinkenin dövründə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində başqa mühüm bir amil Prezident Trampın səlahiyyətlərinin icrasına başlamazdan 5 gün əvvəl imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi oldu. Bu il yanvarın 14-də Vaşinqtonda Dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri strateji tərəfdaşlığa dair bəyannamə imzaladılar – oğrular kimi tələsik. Yeni komandanın gəlişinə cəmi 5 gün qalmış, – siyasəti Prezident Tramp müəyyənləşdirəcəkdi, – bu nəyə lazım idi? Bu, cənab Blinkenin növbəti anti-Azərbaycan addımı idi. Mən buna çox təəssüflənirəm, çünki təmaslarımızın əvvəlində mən ona çox etimad edirdim. Lakin əfsuslar olsun ki, mən yanılmışdım. Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu”.

İlham Əliyevin sözlərinə görə, Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı.

“Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi. İndi, yeri gəlmişkən, bizim Baş prokuror USAID-in qanunsuz fəaliyyətini araşdırır. Mənə ilkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səylərini nümayiş etdirir. Sənədlər hazır olan kimi biz onu Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin. Beləliklə, bu tarixdir və mən bu tarix barədə bəlkə də saatlarla danışa bilərəm”.

Dövlət başçısı Ağ evdə hakimiyyətin dəyişməyindən sonra rəsmi Bakının gözləntilərinin özünü doğruldub-doğrultmadığına da aydınlıq gətirib:

“İndi ən mühüm olan odur ki, biz gözlədiyimizi artıq əldə etmişik ya yox? Mən deyərdim, bəli. Çünki, birincisi, ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır. İkincisi, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Üçüncüsü, Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. Bizim münasibətlərimizdə heç bir böhran yox idi. Bəli, münasibətlərimiz istədiyimiz kimi fəal deyildi, lakin bu, birinci prezidentlik dövrü idi. İndi Prezident Tramp və komandası Avropa İttifaqının ona qarşı riyakarlığını gördü, Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o, bunu öz üzərində hiss etdi. Ona görə də ikinci prezidentliyi dövrü, – əlbəttə ki, bu, mənim qiymətləndirməmdir, – birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Biz bunun olmasını istəyirik. Biz bunun baş verdiyini görürük, eyni zamanda, başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik”.

COMMENTS