Abşeron rayonunda antiterror tədbiri şəhidləri anılıb

Abşeron rayonunda antiterror tədbiri şəhidləri anılıb

Xalqımız üçün tarixi və müqəddəs torpaqları olan Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan 6 abşeronlu igidimizin – Arzullayev Murad Təvəkkül oğlunun, Manafov Qiyas Ramil oğlunun, Eyvazov Vüqar Eyvaz oğlunun, Rəhimov Ramil Sücəddin oğlunun, Balabəyli Elcan Vasif oğlunun və Hüseynov Səbuhi Məhbub oğlunun qırx mərasimi və Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn İlyasov Fərid İbad oğlunun 3-cü ildönümü qeyd edilib. 

Anım tədbirində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, Abşeron rayon Ağsaqqallar Şurasının sədri və üzvləri, regional idarələrin nümayəndələri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon içtimaiyyəti iştirak edib.

Mərasim iştirakçıları İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində  “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən Müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyulub.

Qeyd edilib ki, xalqımızın qalib gəldiyi 44 günlük müharibəsindən sonra Ermənistanın Kapitulyasiya Aktına imza atmasına baxmayaraq ermənilərin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatlarla terrorçuların məhv edildiyini, bəzilərinin isə Ermənistana qaçdığını vurğulayan RİH başçısı Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini, xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə və Xocalıda bayrağımızı qaldırmasını iftixar və qürur hissi ilə izlədiyini bildirib.

Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək uğurlu antiterror əməliyyatının ordumuzun gücünü və istənilən hərbi əməliyyatı icra etmə qabiliyyətini bütün dünyaya göstərdiyini söyləyib. O, yenilməz şanlı ordumuzun düşmənin bütün təxribatlarının qarşısını almağa hazır olduğunu vurğulayaraq şəhidlərimizin qisasının döyüş meydanında alındığını söyləyib.

Vətən Müharibəsi iştirakçısı, polkovnik Məhərrəm Həmidov ermənilərin həm 44 günlük Vətən Müharibəsinə qədər, həm də müharibədən sonra həyata keçirdikləri terror fəaliyyətlərindən ətraflı danışaraq şanlı ordumuzun uğurlu antiterror tədbirləri nəticəsində düşmənin təxribatlarının tamamilə qarşısının alındığını və vətənimizin ərazi bütövlüyünün tam şəkildə təmin edildiyini qeyd edib.

İşğaldan azad olunan ərazilərin çox surətlə bərpa edildiyini, soydaşlarımızın öz yurdlarına qayıtdığını önə çəkən polkovnik qeyd edib ki, əgər bundan sonra düşmənin revanşist qrupları yenidən terror və ya hərbi təxribatlar törətməyə cəhd edərsə, onların bütün təşəbbüsləri yerindəcə məhv ediləcəkdir.

Şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, onların ruhlarına dualar oxunub.

DOSYE.ORG

COMMENTS