Abşeron – Xızı Regional Təhsil İdarəsi kimə həvalə edilib?- NARAZILIQ VAR

Abşeron – Xızı Regional Təhsil İdarəsi kimə həvalə edilib?- NARAZILIQ VAR

Günlərdir ki, yerli medianın gündəmini məşğul edən, dillərdə şou-biznes nümayəndələrindən çox adı hallanan şəxslərdən biri də Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.

Əvvəlcə İlhamə Abdullayeva barəsində oxucularımızı qısaca tanış edək. Bu xanımın vəzifəyə gəlməsində “Körpü-Bina tikinti” MMC – nin rəhbəri Xəlil Göyüşovun birbaşa dəstəyi olduğuna dair mətbuatda bir sıra məlumatlar yer alıb.

“DogruXeber.az” bildirir ki, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, sən demə Xəlil Göyüşov İlhamə Abdullayevanın doğmaca dayısı imiş. Deyəsən, bu qohumlar dövlət müəssisələrini “şəbəkə biznesi” kimi istifadə edirlər. Kimin hansı vəzifəyə təyinat vermək səlahiyyəti varsa, yalnız öz qohumlarının ərizəsinə imza atır. Bir sözlə, Xəlil Göyüşovun “zəhməti boşa getməyib”. “Əziyyətini”mi deyək, “xərcini”mi deyək çəkib vəzifəyə gətirdiyi bacıqızı da digər çoxsaylı qohumlarını çəkdi “qanadının altına”. Məsələn, Xəlil Göyüşovun qardaşı Xaliq Göyüşovun oğlu, eyni zamanda İlhamə Abdullayevanın doğmaca dayısı oğlu Qədim Göyüşov sözügedən təhsil idarəsində məsləhətçi vəzifəsində çalışır. Hələ üstəlik ona müəyyən imtiyazlar da verilib.

“Məsləhətçi” demişkən, etibarlı mənbənin redaksiyamıza verdiyi daha bir məlumatda isə bir vaxtlar adı Sumqayıt təhsil sektorunda məsləhətçi vəzifəsində gedən Elvin adlı şəxslə bağlıdır. Bildirilir ki, o, “ulya həzrət” İlhamə Abdullayevanın sürücüsü və şəxsi “buyruqçusu” kimi xidmət göstərir. Xanımın doğmaca bacısı – öz işində-gücündə olan iş xanımı, gözəllik salonu sahibəsi Ceyhunə Abdullayevanın adı isə Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi (laborant) kimi qeyd olunub və dövlətdən maaş alır.

Yeri gəlmişkən, bir zamanlar adı şəhidlərin xatirəsinə hörmətsizlikdə çəkilən, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin sabiq direktoru Vəfa Məmmədovanın da xanım Abdullayeva ilə qohum olduğu deyilir. O, Vəfa Məmmədova ki, şəhidlərin xatirəsi sükutla yad ediləndə sıraya durmamışdı.

Yoxsa, şəninə sığdırmamışdı?

Yeri gəlmişkən, bu barədəki məlumatlar “müəmmalı şəkildə” bütün saytlardan silindi (ya da sildirildi). Doğrudur, bu hadisədən sonra cəmiyyət tərəfindən güclü “qınaq atəşinə” tutulan Vəfa xanım “elgözünə” işdən çıxarıldı. Və budur… “qohumundan yarıyan” bu şanslı xanım mənbənin bildirdiyinə görə hazırda Abşeron rayonunun Fatmayi kəndində 9 illik məktəbin direktoru vəzifəsində çalışır. Amma, nə hikmətsə bu barədə internet üzərindən heç bir məlumata rast gəlmədik.

Bundan əlavə, etibarlı mənbənin redaksiyamıza verdiyi dəqiq məlumata görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva da xanım Abdullayevanın yaxın qohumudur.

Bu qədər qohumları “qanadının altına yığan” İlhamə xanımın qohumları üçün etdiyi bu fədakarlıqları xalası nəvəsi – Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva tərəfindən elə bu yaxınlarda yüksək qiymətləndirilib.

Bu “qohumcanlılığı” onu (vəzifəli) qohumlarının gözündə o, qədər böyüdüb ki, hətta, xalanəvəsi Arifə xanım bu “sevgisini ilahiləşdir”məyi “özünə borc bilib”. Belə ki, bu ilin 16 mart tarixində Xırdalan şəhərində Heydər Əliyev parkında keçirilən bayram şənliyində İlhamə xanıma üzərinə rəsmi toxunulmuş xalça hədiyyə edib. Və bu “xüsusi anı əbədiləşdirmək” üçün facebook sosial şəbəkəsində paylaşım da ediblər. Lakin, qısa zaman keçdikdən sonra anlayıblar ki, işin bu qisminin adı “ağ eləməkdir”. Odur ki, dərhal həmin paylaşım sosial şəbəkələrdən qaldırılıb.

Bəli, qohumların siyahısı kifayət qədər genişdir. Xızı rayon Təhsil Şöbəsinin müdiri Oktay Abdullayevin də İlhamə Abdullayevanın yaxın qohumu olduğu deyilir. Elə oktay Abdullayevin qızı Gülnar Abdullayeva da təhsil idarəsində işlədiyi halda bu yaxınlara qədər adı Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbində texniki işçi (laborant) kimi qeydiyyatda olub. Məsələnin “üstü açıldıqda” isə yalnız kağız üzərində işçi olan bu xanımın adı işdən çıxarılıb.

Burda deyibləre… “bapbalaca boyu var, dam dolusu toyu var”. Bir xanım idarə müdiri nələrə qadir imiş, ilahi…

Sayırıq, siyahı bitmir…

Hələ bu yaxınlarda Quba-Xaçmaz regional Təhsil idarəsinə müdir təyin edilən Coşqun Əliyevin də bu xanımla qohumuq əlaqələrinin olduğu deyilir. Yeri gəlmişkən, heç bir pedaqoji təhsilinin olmadığı halda bir müddət İlhamə Abdullayevanın müavini vəzifəsində çalışan keçmiş nəqliyyat rəisi Coşqun Əliyevin də barəsində təhsil adına layiq olmayan məlumatlar yerli mətbuatda yer alıb. Amma, qeyd edək ki, bir zamanlar parkinglər hesabına “Küçələrdə pul yığan” xoşbəxt Əliyevin “himayədarı” kimi təkcə Abdullayevanın adını çəkməklə, bu müqəddəs ayda Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “haqqına girmiş oluruq”. Axı, vəzifədə yüksəlişi üçün Eldar Əzizovun da Coşqun Əliyevin “boynunda ağır haqqı var”.

Bir müddət Bakı meriyasında işləyən atası Vidadi Əliyevin rəhbərləri yanında olan “hörmət bağları” oğlunun hətta, bilik sahəsinə yad olan təhsildə rəhbər vəzifəyə qalxmasında “pilləkən” olub.

Elə təhsil sahəsində təhsilə aidiyyatı olmayan təsadüfi insanların bəzi rəhbər vəzifələrdə çalışmasıdır ki, bu gün Azərbaycan təhsilinin “anası ağlayır”.

Mövzunu davam etdirəcəyik və növbəti yayımlarımızda məhz İlhamə Abdullayeva tərəfindən hüquqlarının pozulduğunu, 20 min manata yaxın maddi və mənəvi ziyana uğradıldığını iddia edən 33 ilin müəlliminin müraciətini təqdim edəcəyik.
Bəs Elm və Təhsil Naziri Emin Əmrullayev özü bu narazılıqların harasındadır?

Bu barədə qarşıdakı günlərdə.

Bizi izləyin.

COMMENTS