ADP prezidentə çağırış etdi

Sentyabrın 21-də ADP İdarə Heyətinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbərə görə, iclasda 1 noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə mövcud olan vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə seçkidə iştirak edən müxalif düşərgə təmsilçilərinə qarşı baş verən qanun pozuntuları – namizədlərin özlərinə və səlahiyyətli nümayəndələrinə qarşı hakimiyyət orqanları tərəfindən həyata keçirilən basqılar, imzatoplama kampaniyasına yaradılan süni maneələr və s. kimi hallar ciddi tənqid olunub. İdarə Heyəti hakimiyyəti dünyada və regionda mövcud siyasi konyuktura şəraitində ölkədə yersiz qarşıdurma yaratmamağa, dövlət məmurlarının seçkiyə müdaxiləsinin qarşısının alınması, konstitusion qaydada azad və ədalətli seçkilərin keçirilməsi üçün ciddi tədbirlər görməyə çağırıb.

ADP İdarə Heyəti son vaxtlar Dağlıq Qarabağın bəzi rayonlarının azad edilməsi müqabilində rus qoşunlarının “sülhməramlılar” adı altında Azərbaycanın işğal altında olan ərazilərinə yeridiləcəyi ilə bağlı ölkə və beynəlxalq mətbuatda gedən informasiyaları da müzakirə edib. Belə bir hadisənin Azərbaycanın suverenliyinin məhdudlaşdırılmasına gətirib çıxara biləcəyini nəzərə alaraq, hətta Azərbaycan ərazilərinin işğaldan azad olunması müqabilində rus qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsinin yolverilməz olduğu bildirilib.

ADP İdarə Heyəti qarşıdan gələn Müqəddəs Qurban Bayramı ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edərək islami dəyərlərə hörmət əlaməti, islami həmrəyliyə və ölkədə milli barışa xidmət edəcək bir addım kimi siyasi məhbusların azad edilməsi üçün geniş əfv fərmanı imzalamağa çağırıb.

Sonda Azərbaycan xalqına qarşıdan gələn Müqəddəs Qurban Bayramı münasibətilə təbrik ünvanlanıb.

COMMENTS