Əli Həsənov Kəlbəcər girovlarına görə “Qızıl Xaç”ın nümayəndəsinə xəbərdarlıq etdi

İyulun 30-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla yenidən görüşüb.

 

Dosye.az Modern.az-a istinadən xəbər verir ki, görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi və ermənilərin məlumatına görə qətlə yetirilmiş Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə Həsən Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər. Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır. Əgər bu gün Ermənistan tərəfi girovların və meyidin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə, onda gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar.

Görüşdə bildirilmişdir ki, bütün bu məsələlər ilk gündən Azərbaycan prezidenti İlham Əliyevin nəzarətindədir və Azərbaycan hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.

Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov da iştirak edib.

Görüşdən sonara Baş nazirin müavini Əli Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul edib.

“Dövlətqaçqınkom”dan Modern.az-a bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevin azad edilməsinə köməklik göstərilməsi ilə bağlı ailə üzvlərinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə ünvanlanmış məlum müraciəti artıq iyunun 28-də xüsusi rabitə vasitəsi ilə Kreml poçtuna daxil olub.

“Dövlətqaçqınkom” bir daha Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxınlarına müraciət edərək bildirir ki, bu məsələdə təmkinli olsunlar, yuxarıda da qeyd edildiyi kimi bu məsələ ilk gündən dövlət başçısının nəzarətindədir və bununla bağlı hərtərəfli işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.

 

COMMENTS