AFFA Di Françeskonun millimizə namizəd olması xəbərinə münasibət bildirdi

AFFA Di Françeskonun millimizə namizəd olması xəbərinə münasibət bildirdi

“Azərbaycan milli komandasında baş məşqçi məsələsi ilə bağlı hər hansı yenilik yoxdur”.

Bunu “Report”a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla italiyalı mütəxəssis Eusebio Di Françeskonun yığmada baş məşqçi postuna namizəd olmasına münasibət bildirərkən deyib.

Federasiya rəsmisi nəinki Di Françesko, heç bir namizədlə bağlı yeniliyin olmadığını vurğulayıb.

Qeyd edək ki, Türkiyənin “Fotospor” nəşri Eusebio Di Françeskonun Azərbaycan millisindən təklif aldığını yazıb.

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.

“Report”un “Fotospor”a istinadən verdiyi məlumata görə, bu, italiyalı mütəxəssis Eusebio Di Françeskodur.

Əvvəllər İtaliyanın müxtəlif komandalarında çalışmış Di Françesko 2017-ci ildə “Roma”nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb – 2:1.

Hazırda Di Françesko ilə Türkiyənin “Fənərbağça” klubu da ciddi maraqlanır.

Qeyd edək ki, daha öncə italiyalı mütəxəssislərdən Canni De Byazi, Luici Di Byaco və Çezare Prandelli də Azərbaycan millisinin baş məşqçi postuna namizəd olub.

DOSYE.ORG

COMMENTS