Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiç Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, Balkan yarımadasından olan həmkarlarımız AFFA-nın mütəxəssisə cəlbedici təklif göndərdiyini iddia edir.
AVRO-2016-nın seçmə mərhələsinin Xorvatiya ilə səfər oyunundakı 0:6 hesablı məğlubiyyətin ardından istefa verən Berti Foqtsa əvəzləyici axtaran assosiasiya Suşiçə 1 illik 3 milyon dollar maaş vəd edib. Bu rəqəm isə almaniyalının aldığından da çoxdu.
Lakin 58 yaşlı bosniyalı bu təkliflə razılaşmayıb. Suşiç bunu pul haqda düşünməməyi və 5 ildi çalışdırdığı yığmanın inkişafını fikirləşməsi ilə izah edib.
AFFA Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiçin Azərbaycan yığmasına namizəd kimi təklif olunmasını təsdiqləyib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu apasport.az saytına bildirib ki, balkanlı mütəxəssisi quruma menecerlər təklif edib.
Rurum rəsmisi hər hansı danışıqların aparılmadığını qeyd edib: “Müxtəlif menecerlər tərəfindən AFFA-ya bir neçə namizəd məşqçi təklif olunub. Suşiçi bizə təklif edən menecer də onun CV-si assosiasiyaya göndərib. Lakin ona nəinki təklif edilməyib, heç məsələsinə də baxılmayıb. Bu mütəxəssisin çalışdırdığı komandanın təmsil etdiyi federasiya ilə müqaviləsi də var. Təklif olunan digər məşqçilərin adlarını açıqlamaq istəmirəm. Bu etik cəhətdən düz olmazdı. Suşiç məsələsini isə onun öz meneceri mətbuata çıxarıb”.
Safet Suşiçin apasport.az saytına müsahibəsində bu təkliflə bağlı danışıb:
– Bosniya və Herseqovina mətbuatı AFFA-dan müqavilə təklifi aldığınızı qeyd edib. Bu nə dərəcədə doğrudu?
– Bəli, belə bir şey olub. Amma konkret sizin federasiyadan mənə zəng etməyiblər.
– Bəs hardan zəng ediblər?
– Dünən mənə bir menecer zəng etmişdi. O, Berti Foqtsun Azərbaycan millisindən ayrıldığını və yığmaya məşqçi axtarıldığını bildirdi. Amma mən orda işləmək istəmədiyimi söylədim.
– Maraqlıdı ki, AFFA rəsmiləri də sizin menecerinizin onlara zəng etdiyini bildirir…
– Yox. Biz tərəfdən heç kim onlarla əlaqə saxlamayıb. Dediyim kimi, mənim özümə menecer zəng edib, belə bir şey olduğunu vurğulayıb.
– Sizə bu təklifi edən menecerin adını bilmək olarmı?
– Milan Kalasan. O, Fransanın paytaxtı Parisdə yaşayır. Amma əslən Çernoqoriyadandı.
– Azərbaycan yığmasından imtinanıza nə səbəb oldu? Halbuki, ilinizə 3 milyon dollar veriləcəyi deyilirdi…
– Gəlin, pul məsələləri haqqında danışmayaq. Çünki onsuz da sizin federasiyanın rəsmiləri ilə heç bir əlaqəm olmayıb. Amma təklifdən imtina etməyimə səbəb hələ Bosniya və Herseqovina yığması ilə 2 illik müqaviləmin olmasıdı. Dünya çempionatına çıxsaq da, müəyyən səbəblərdən orda zəif çıxış etdik. Baxmayaraq ki, debütant idik, bu komanda ilə qrupdan çıxa bilərdik. İndi istəyirəm ki, Bosniya və Herseqovina yığmasındakı işimi davam etdirim. Avropa çempionatına vəsiqə qazanmağı hədəfləmişik. Federasiya ilə 2016-cı ilədək müqaviləm var.
– Sizə dünya çempionatından öncə də zəng vurmuşduq. Onda “Qarabağ”ın qapıçısı İbrahim Şehiçi mundiala aparmayacağınızı bildirmişdiniz. Bəs, seçmə oyunlara onun çağırılması perspektivləri var?
– Mən Şehiçi yaxşı tanıyıram. O, yaxşı insan və yaxşı qapıçıdı. Amma hazırda millidə başqa qapıçılara şans tanıyıram.
– Onun çıxış etdiyi komanda Avroliqanın qrup mərhələsində çıxış edir. Şehiç “İnter”, “Sent-Etyen” kimi komandalara qarşı “Qarabağ” formasında meydana çıxır…
– Bunlardan xəbərim var. Açığı, çıxış etdiyi komandanın oyunlarını izləməsəm də, bilirəm ki, o, ötən mövsüm Azərbaycan çempionu olub. Amma dediyim kimi, hazırda bizdə qapı xəttinə rəqabət güclüdü. Şehiçə yalnız gələcəkdə dəvət göndərməyim mümkündü.
COMMENTS