Ağ Evdən Bakıya mühüm jest – ermənilər PƏRT DURUMDA

Ağ Evdən Bakıya mühüm jest – ermənilər PƏRT DURUMDA

ABŞ-dan ermənilərə bəd xəbər gəlib. Dünən prezident Co Bayden Azərbaycana birbaşa dövlət yardımını qadağan edən “907-ci düzəliş”in qüvvəsini daha bir il müddətinə dayandırıb. Bu, o deməkdir ki, yeni administrasiya da rəsmi Bakı ilə hərbi sfera da daxil, strateji istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmindədir.

Bu barədə ötən həftə dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon söhbəti zamanı anons eləmişdi. Bununla da erməni tərəfini, özəlliklə ABŞ-ın erməni lobbisini bərk məyus və dilxor duruma salmışdı. Çünki onlara elə gəlirdi ki, Bayden “soyqırımı” deməyin ardınca dərhal Türkiyə və Azərbaycana qarşı az qala, yeni cəbhə açacaq, Bakı və Ankaranı “cəzalandırmaq üçün” hərəkətə keçəcək, hətta “artsax”ı xilas əməliyyatına” başlayacaq və “907-ci düzəliş”in qüvvəsini bərpa edəcək.

Heç biri olmadı. Bununla bir daha təsdiqləndi ki, digər iri xristian dövlətləri kimi Birləşmiş Ştatlar da uydurma məsələdən sırf Ankaraya təzyiq göstərib ondan bəzi siyasi dividentlər qoparmaq üçün istifadə edir. Növbəti dəfə adın oldu ki, Vaşinqton maşa rolunu oynamağa adət eləmiş ermənilərin dar maraqları naminə nə Türkiyəni, nə də Güney Qafqazın açar ölkəsi olan Azərbaycanı atmaq, onlara arxa çevirmək niyyətində deyil.

ABD Başkanı Biden ″soykırım″ ifadesini kullandı | DÜNYA | DW | 24.04.2021

Sözsüz ki, Ağ Ev başçısının bu qərarı az öncə erkən parlament seçkiləri mərhələsinə girmiş Ermənistanda hakimiyyət-müxalifət rəqabətinə məxsusi rəng qatacaq, rusiyayönlülərin əlini gücləndirəcək. Necə ki, Baydenin “erməni soyqırımı” ifadəsi seçkilərdə qərbyönlü Nikol Paşinyanın mövqeyini kəsərli edən, Ermənistanın Rusiya orbitindən uzaqlaşmasına yardımçı olan jest kimi şərh olunmuşdu.

*****

“ABŞ prezidentinin ”soyqırımı” bəyanatından, habelə “İsgəndər” raketləri mövzusundan görmək olar ki, hədəf əslində seçim qarşısında qalan erməni cəmiyyətidir. Qərb öz tərəfindən göstərir ki, sənin yanında olacağam. Rusiya da Türkiyə və Azərbaycan qorxusunu şişirdir və deyir ki, yox, mən olmadan sən məhv olacaqsan. Burada faktiki iki konsepsiya toqquşur”.

Tofiq Zülfüarov

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüarov Teleqraf.com-a bildirib.

Onun fikrincə, Ermənistanda qərbyönümlü siyasət və baxışlar yekunda qalib gələcək, Rusiya Ermənistandan addım-addım çəkilməli olacaq: “Hazırda əsas rəqabət Ermənistan uğrunda gedir. Zənnimcə, Ermənistan birbaşa qərbyönlü siyasətə keçid edəcək. İrəvan müstəqillik əldə etdikdən bu yana ruspərəst siyasət həyata keçirilib. Nəyə nail olub, uğur əldə ediblərmi? Bu ölkənin iqtisadiyyatına baxanda görürsən ki, hər hansı uğurdan söhbət belə gedə bilməz. Ordularını qurublar? Son müharibə göstərdi ki, orduları da pis vəziyyətdə olub. Deməli, Ermənistanın əslində dövlətçilik ideologiyası iflasa uğrayıb. Onlar indi başa düşürlər ki, Ermənistanın yeganə şansı odur ki, Qərbə açılsınlar və Qərb gəlib onlara köməklik edərək deqradasiya prosesini dayandırsın. Zarafat deyil, 3 milyon 400 min əhalisi indi gəlib 1 milyon 500 min cvarına düşüb. Görün yollar açıldıqdan sonra nə qədər əhali Ermənistandan qaçacaq”.

*****

Bunu pandemiya fonunda daha qabarıq görmək olar. Ermənilər nəinki Ermənistandan, Qarabağdan da qaçmaq üçün fürsət gözləyirlər. Onların demoqrafik iflasdan isə yalnız qonşu Türkiyə və Azərbaycanla münasibətləri təcili qaydaya salmaq, həmçinin Qarabağ ermənilərinin Azərbaycan Konstitusiyasını tanıması qurtara bilər. Elə T.Zülfüqarov da haqlı olaraq qeyd edir ki, artıq bölgədə şərtlər dəyişib və güclənən əsas oyunçu Türkiyədir, Türkiyə-Azərbaycan tandemidir: “Ermənilər də bunu anlayır. Güman edirlər ki, Qərb gəlib onları müdafiə edəcək. Amma əslində bu yanlış düşüncədir”.

Ayrı sözlə, uzaq Qərbdənsə, yaxın Türkiyə, yaxın Azərbaycan məfkurəsi erməni ictimai şüuruna hakim kəsilməyincə Ermənistanı Qərb də xilas edə bilməyəcək. Rusiyanın nəyə qadir olduğunu, 30 ildə forposta nə verdiyini isə erməni xalqı əyani şəkildə gördü. İndi də Qərbə güvənib qonşulara qarşı analoji iddiaları sürdürməyə davam eləmək eyni fəlakətli nəticəyə gətirəcək.

Odur ki, bir yandan Qərbə sarı boylanıb, o biri yandan Zəngəzurda (Sünikdə) “Türkiyə-Azərbaycan hədəsinə qarşı” Rusiya hərbi bazasının daha iki məntəqəsini yaratmaq heç nəyi dəyişməyəcək, ermənilərin sosial-iqtisadi, demoqrafik durumu yaxşılaşmayacaq. Erməni xalqı nəhayət, həqiqi qurtuluşun ünvanının harada olduğunu özü üçün dəqiqləşdirməlidir: bu, Bakı və Ankaradır, onlarla tərəfdaşlıq, dostluqdur. Türkiyə və Azərbaycanla sərhədləri möhkəmlətmək, ora əlavə rus hərbçiləri yığmaq yox, əksinə, sərhədləri açmaqdır…

****

Əfsus ki, biz erməni siyasilərinin dilindən hələ də köhnə bayatıları, erməni xalqına yalnız müsibətlər bəxş edən iddiaları eşidirik. Türkə nifrət üzərində qurulmuş irqçi Njde ideologiyası hələ də həm müxalifət, həm də iqtidar üçün ideal olaraq qalır. Nəticədə Ermənistan hələ də Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağa tələsmir. Bununla da özünün də ərazi bütövlüyünü avtomatik şübhə altına almış olur. Ona görə ki, hazırkı Ermənistanın əzəli Türk torpaqlarında təşəkkül tapan süni bir dövlət olduğunu hamı bilir. Bu üzdən Azərbaycan və Türkiyə də adekvat addımlar atmaq zorunda qalır və qalacaq…

“İndiki mərhələdə son 30 il müddətində bizə qarşı səsləndirilən ərazi iddialarına cavab olaraq Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etməliyik. Yəni bizim tarixi və digər hüquqi əsaslarımız var ki, minimum Zəngəzur dəhlizi ilə bağlı ərazi iddiaları irəli sürək. Bu, ən azı ermənilərin bizə qarşı ərazi iddialarının neytrallaşdırılmsı baxımından əhəmiyyətə malik olardı. Əgər onlar bizim beynəlxalq sərhədlərimizi tanımaq istəmirlərsə, biz də onlara qarşı ərazi iddialarımızı açıq şəkildə elan etməliyik”.

Bunu da Tofiq Zülfüqarov deyib. Yəni kritik seçimə görə məsuliyyət, həmişəki kimi, ermənilərin üzərindədir. Uzağı, ayyarım vaxtları var – 20 iyun seçkilərində bütün “i”lərin üzərinə nöqtələr qoyulmalıdır… (Musavat.com)

COMMENTS