Ağasəlim Mircavadov: “Bu, komandada nəyinsə düzgün olmadığına işarədir”

Ağasəlim Mircavadov: “Bu, komandada nəyinsə düzgün olmadığına işarədir”

Dosye.org Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov apasport.az saytına verdiyi müsahibəsini təqdim edir.

– Millinin Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində Bolqarıstanla keçirdiyi oyun haqda nə deyə bilərsiniz?

– Bolqarıstanla oyunu izləməmişəm. Çünki həmin gün Bakıda deyildim, Naxçıvana, toy məclisinə getmişdim. Ona görə də oyunla bağlı fikir bildirməyim düzgün olmazdı.

– Millinin qarşısına qrup mərhələsini üçüncü pillədə başa vurmaq və pley-off mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulub. Bu yoldakı əsas rəqibimizə uduzduq.

– Üçüncü yeri tutmaq istəyiriksə, Bolqarıstan kimi komandaları udmalı, ən azı heç-heçə etməliyik. Çünki qrupda İtaliya, Xorvatiya kimi güclü rəqiblər yer alıb. Onlara qarşı mübarizə aparmaq olar, amma xal almaq real deyil. Bolqarıstan, Norveç kimi komandaları öz meydanımızda udmalıyıq.

– Şansımız realdırmı?

– Şans hər zaman var. Gərək, bu 3 xalın əvəzini çıxasan. Bolqarıstanı səfərdə udasan, və ya Xorvatiya, İtaliya kimi rəqiblərdən heç olmasa, 1 xal qoparasan. Bolqarıstan qələbə qazanmaqla hansı hədəf uğrunda mübarizə aparacağını ortaya qoydu.

– Həftəsonu Premyer Liqanın oyunları başlayacaq. Təbii ki, əsas diqqət “Neftçi” – “Xəzər Lənkəran” oyununa yönəlib. Mərkəzi matçla bağlı nə deyə bilərsiniz?

– Hər iki komanda mövsümə yaxşı başlamayıb. “Neftçi” Avropa Liqası ilə vidalaşdı, baş məşqçi dəyişikliyi etdi. “Xəzər Lənkəran” da isə heyəti təkmilləşdirmək, oyunu qurmaq baxımından problemlər qalmaqdadı. Hər iki komandada problem olsa da, futbolçular meydanda var güclərini qoyurlar.

– Arif Əsədovun “Neftçi”yə yenidən dönməsi komandaya yeni nəfəs verə bilərmi?

– Əsədovu təbrik edirəm. Sadıq Sadıqova da təşəkkür edirəm ki, hər zaman yerli məşqçilərə güvənir. Arif Əsədov əvvəl də komandada işləyib. Mühiti bilir, futbolçuları tanıyır. Maraqlı keçəcəyinə inanıram.

– Bəs “Xəzər Lənkəran”dakı son illərdəki qeyri-sabitliyi nə ilə izah edirsiniz?

– Komandanın daxilində olmadığıma görə, bir söz deyə bilmərəm. Ancaq bilirəm ki, lənkəranlı azarkeşlər komanda ilə nəfəs alır. O vaxt azarkeşlərlə mənim də söhbətim olurdu. Onlara deyirdim ki, harda oynayırıq oynayaq, komandanı dəstəkləyin.

– Amma baş məşqçi komandanın yenidən Bakıda məskunlaşmasına, ancaq oyundan oyuna Lənkərana yollanmasına qərar verib. Bu azarkeşlərlə klub arasında problem yarada bilərmi?

– Yenə deyirəm, Lənkəranda futbola maraq böyükdür. Onlar hər zaman komandanı dəstəkləyirlər. Bu qərardan isə xəbərim yoxdur. Belə bir şey varsa, yəqin ki, problem yaranacaq.

– Turnir cədvəlinə baxdıqda bu gün “Sumqayıt” lider, son çempion isə autsayder qismindədir. Bu mənzərə reallığa nə dərəcədə yaxındır?

– Hər kəs öz yerini tutacaq. Mövsüm yeni başlayıb. “Sumqayıt” “Qarabağ”a uduzsa da, texniki qələbə əldə etdi. Komanda “Xəzər Lənkəran”ı və “Araz Naxçıvanı” yendi. Ancaq “İnter”ə böyük hesabla uduzdu. Bu da komandada nəyinsə düzgün olmadığına işarədir.

COMMENTS