Ağcabədidə ünvanlı sosial yardımların verilməsində “köhnə hamam-köhnə tas“dı

Ağcabədidə ünvanlı sosial yardımların verilməsində “köhnə hamam-köhnə tas“dı

Rayonda hələ də ünvanlı sosial yardımların verilməsində problemlər var

 

Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev sosial yardım almaq üçün arayış istəyən vətəndaşlardan 100 manat tələb edir.

Bununla bağlı tia.az- Ağcabədi sakinləri müraciət edib. Müraciətdə bildirilir ki, Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev sosial yardım almaq üçün arayışla bağlı müraciət edən sakinlərdən “şirinlik” olaraq 100 manat istəyir. Bu “şirinliyi” verməyənlər ya arayış ala bilmirlər, ya da verilən arayışla sosial yardım almaları imkansız olur. Müraciətdə qeyd olunur ki, sosial yardımla bağlı rayonda ciddi problem hökm sürür. Dövlətin yardımına ehtiyacı olanlar sosial yardım ala bilmirlər. Bunun əvəzinə isə daha çox imkanlı adamlar sosial yardım alırlar.

Sakinlər bildirirlər ki, rayonda hazırda sosial yardımla bağlı bir şəbəkə fəaliyyət göstərir. Belə ki, bir yandan icra nümayəndəsi imkansız şəxslərdən 100 manat tələb edir. Bundan sonra isə Ağcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Əbülfət Qasımov vətəndaşdan alacağı sosial yardımın 3 aylığını əvvəlcədən istəyir: “Buna görə də Ağcabədidə imkansız ailələrə sosial yardım almaq müşkülə dönüb. Çünki alacağımız sosial yardımın yarısını bizdən əvvəlcədən tələb edirlər. Bu vəziyyətdə sosial yardım almaq üçün müraciət etməyin əhəmiyyəti olmur. İmkansız olduğumuz halda sosial yardım almaq üçün əvvəlcədən tələb olunan rüşvəti hardan tapıb verək. Biz ona görə dövlətə yardım üçün müraciət edirik ki, imkansızıq. Əgər məmurlar bizdən buna görə pul tələb edirlərsə, onu necə verə bilərik? Ona görə də Ağcabədidə dövlətin imkansız ailələrə ayırdığı sosial yardımı imkanlı ailələr alır. Onların bir çoxu isə məmurların qohumlarıdır. Məmurlar bu yolla dövlətin kasıb və imkansız ailələrə ayırdıqları yardımı belə bizim əlimizdən alırlar”.
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

COMMENTS