Ağdam dövlət qayğısının ünvanına çevrilib

Ağdam dövlət qayğısının ünvanına çevrilib

Qarabağ müharibəsində 5 min nəfərdən çox şəhid vermiş, ərazisinin dörddə üç hissəsini itirmiş Ağdam bu gün dövlətin davamlı qayğısının mərkəzində yer alır.

Respublika Prezidenti İlham Əliyevin bu cəbhə bölgəsinə göstərdiyi xüsusi qayğı və diqqət rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanır. Ən başlıcası isə odur ki, bölgədə nikbin ruh, yüksək əhvali-ruhiyyə hökm sürür.

Dövlət başçısının Qarabağ probleminin həlli ilə bağlı bir qarış torpağın da güzəşt edilməsindən uzaq qətiyyətli və prinsipial mövqeyini birmənalı şəkildə bəyənən, müdafiə edən rayon sakinləri işğal altındakı torpaqların tezliklə azad ediləcəyinə, doğma yurda, isti və rahat ev-eşiklərinə yaxın zamanda qayıdacaqlarına inanırlar. Bu inamın mayasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasət, ordumuzun gündən-günə artan hərbi qüdrəti dayanır.

Bu yenilməz inamla yaşayan ağdamlılarda döyüş ruhu kifayət qədər yüksəkdir. Bölgədə uşaqdan böyüyə hər kəs müqəddəs savaşa atılmağa hazırdır. Bu gün isə onlar Ağdamın işğal altında olmayan ərazilərində həvəslə tikinti, abadlıq, quruculuq işləri görür, əkin-biçinlə məşğul olurlar.

2015-ci ilin arxada qalan birinci rübü sosial-iqtisadi inkişaf sahəsində mühüm mərhələ olmuşdur. Quzanlı qəsəbəsinin ən böyük küçəsi olan Heydər Əliyev prospekti başdan-başa yenidən qurulur. Prospektin Ağcabədi tərəfdən giriş hissəsində yüksək zövqlə xeyli abadlıq işləri görülmüşdür.

Burada milli memarlıq üslubunda giriş qapısı inşa olunmuş, yolun hər iki tərəfində yaşıllıq zolağı salınmış, qazon və bəzək ağacları əkilmiş, suvarma sistemi ilə təmin olunmuşdur. Uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün qəsəbədə minifutbol meydançası tikilib istifadəyə verilmişdir.

Bölgədə aparılan tikinti, abadlıq və quruculuq işlərinin miqyası kifayət qədər böyükdür. Qəsəbədə müasir tipli yeni yanacaqdoldurma məntəqəsi inşa olunmuşdur. Rayon sakinlərinin rahatlığına xidmət edən yeni avtovağzal istismara verilmişdir. Evoğlu kəndində 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır.

Heydər Əliyev Mərkəzi üçün yeni və daha yaraşıqlı binanın tikintisi sürətlə davam edir. Məqsəd ilin sonuna kimi bu obyektin tikintisini başa çatdırmaqdır. Quzanlı qəsəbəsində kənd təsərrüfatı idarəsinin və 360 şagird yerlik məktəb binasının tikintisi də zərbəçi ahənglə aparılır. Bölgə əhalisi üçün son dərəcə əlamətdar olan bir hadisə bu yaxınlarda reallaşmışdır.

Ağdamlılar Ağdamsız yaşadıqları uzun illər ərzində “Çay evi”ni həmişə həsrətlə xatırlayıblar. “Çay evi” sanki Ağdamın simvoluna çevrilmişdi. Bölgə sakinlərinin istək və arzularını həssaslıqla nəzərə alan rayon rəhbərliyi Quzanlı qəsəbəsində eynilə xatirələrdə qalan görkəmdə yeni “Çay evi” tikintisini uğurla reallaşdırdı.

İndi şirin və kövrək xatirələrin dilə gəldiyi bu məkan ağdamlılar üçün müqəddəs bir yerə çevrilib. Ətrafı zövqlə abadlaşdırılmış, fəvvarələrlə, gül kolları, bəzək ağacları ilə əhatə olunmuş “Çay evi”ndə keçirilən vaxt təkcə insanların yorğunluğunu çıxarmır. Bir qəribəlikdir ki, burada adamın ruhu da dinclik tapır…

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə tutulmuşdur. Hazırda 12 tədbirin icrası müvəffəqiyyətlə davam etdirilir. Bu hesaba rayonda cari ilin ötən üç ayı ərzində 394 yeni iş yeri açılmışdır ki, bunun da 200-ü daimi, 194-ü isə mövsümi iş yeridir.

Birinci rübdə ümumi məhsul istehsalının həcmi 18 milyon manat olmuşdur. Rayonda sahibkarlığın inkişafına xüsusi fikir verilir. Təkcə bu ilin ötən ayları ərzində rayon üzrə 196 nəfər fiziki, 4 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Əhalinin maddi rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaradılması prosesində fəal iştirak edən sahibkarlar zəruri qayğı və diqqətlə əhatə olunmuşlar.

Sahibkarların səmərəli fəaliyyəti üçün yaradılan şəraitin, onlara verilən güclü dəstəyin məntiqi nəticəsidir ki, rayonun ümumi məhsul istehsalında özəl sektorun payı 81 faiz təşkil edir. Rayon ərazisində fəaliyyət göstərən bank filialları və kredit təşkilatları üç ay ərzində rayon sahibkarlarına 2 milyon manata yaxın kredit vermişdir.

Kənd təsərrüfatı rayonu olan Ağdamda əhalinin əsas fəaliyyət növü əkinçilik və heyvandarlıqdır. Cari ilin məhsulu üçün rayonda 1675 hektarda tərəvəz, 450 hektarda kartof, 1975 hektar sahədə isə təzə yonca əkilmişdir. Son illər heyvandarlığın inkişafına maraq xeyli artmışdır.

Hazırda qaramalın sayı keçən ilin eyni dövrü ilə müqayisədə 1024 baş artaraq 39183 başa çatdırılmışdır. Təbii ki, mal-qaranın baş sayının artırılması məhsul istehsalına da əhəmiyyətli təsir göstərir. Əvvəlki illə müqayisədə ət istehsalında 23,4 ton, süd istehsalında 155 ton artım qeydə alınmışdır. Rayonda heyvandarlığın, xüsusilə cins maldarlığın inkişaf etdirilməsi, damazlıq işinin təşkili sahəsində təqdirəlayiq işlər görülmüşdür.

Bu cəbhə bölgəsində əhalinin həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmaq, insanları narahat edən sosial problemləri operativ surətdə aradan qaldırmaq üçün dövlət səviyyəsində zəruri tədbirlər görülür. Qaçqın və məcburi köçkünlərin problemlərinin öz fəaliyyətində daim prioritet olduğunu bəyan edən Prezident İlham Əliyevin davamlı və yetərli qayğısı Ağdamda hər evdə, hər ailədə minnətdarlıqla qarşılanır.

Qarabağ müharibəsinin, Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində doğma yurdundan, rahat ev-eşiyindən perik salınıb respublikanın müxtəlif bölgələrinə səpələnən, ağır şəraitdə yaşamağa məhkum edilən ağdamlıların böyük əksəriyyəti məhz dövlət qayğısı nəticəsində doğma rayona qayıda bilib. Ağdam rayonu ərazisində dövlət vəsaiti ilə tikilən yeni qəsəbələrin sayı artıq 18-ə çatır. İndi bu qəsəbələrdə 6986
ailə, başqa sözlə, 28085 nəfər məcburi köçkün yaşayır.

Razılıqla qeyd edilməlidir ki, hər bir qəsəbə fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və su ilə təmin olunur. Bütün qəsəbələrdə məktəb, tibb müəssisəsi, uşaq bağçası, poçt məntəqəsi və digər zəruri infrastruktur obyektləri fəaliyyət göstərir.
Atəşkəs rejiminin tez-tez pozulduğu bu cəbhə bölgəsində yeni vətənpərvər nəslin yetişdirilməsinə böyük önəm verilir.

Dövlətin artmaqda olan daimi qayğısı sayəsində rayon təhsilinin maddi-texniki bazası ildən-ilə daha da möhkəmlənir. Hər il yeni məktəblərin tikintisi, bəzi təhsil ocaqlarının əsaslı təmir edilib müasir avadanlıqlarla komplektləşdirilməsi geniş dünyagörüşə və dərin biliyə malik nəslin yetişdirilməsi prosesində etibarlı zəminə çevrilir.

135 ümumtəhsil məktəbinin fəaliyyət göstərdiyi Ağdamda ulu öndər Heydər Əliyev irsinin öyrədilməsinə böyük önəm verilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə rayonun bütün ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir.

5 saylı köçkün tam orta məktəbin XI sinif şagirdi Pünar Məhərrəmovanın “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda yazdığı inşa yazı işi qalib hesab edilərək respublika müsabiqəsində iştirak üçün Təhsil Nazirliyinə göndərilmişdir. Fənn olimpiadaları üzrə Mingəçevirdə keçirilən zona müsabiqəsində ağdamlı şagirdlərdən 4 nəfər birinci, 1 nəfər ikinci və 4 nəfər üçüncü yerləri tutmuşlar.

Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, uşaq bağçalarının Heydər Əliyev Mərkəzinə vaxtaşırı ekskursiyalarının keçirilməsi böyük bir ənənəyə çevrilmişdir. Mərkəzdə XI sinif şagirdlərinə Heydər Əliyev irsinin təbliği ilə bağlı məşğələlər keçirilmişdir.

Dövlət qayğısının ünvanına çevrilmiş Ağdam rayonunda əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi də son illər nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Yeni tikilən xəstəxana və doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası rayon əhalisinə nümunəvi xidmət göstərir.

Prezident İlham Əliyevin əhalinin məcburi tibbi müayinədən keçirilməsi barədə məlum tapşırığına son dərəcə məsuliyyətlə yanaşan həkim və orta pilləli tibb işçiləri üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirərək 50 min nəfərdən çox rayon sakininin tibbi müayinədən keçirilməsini təmin etmişlər.

Müayinədən keçənlərin 1403 nəfəri ambulator müalicəyə, 118 nəfəri stasionar müalicəyə, 71 nəfəri isə daha effektli müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon rəhbərliyi əhali ilə birbaşa canlı ünsiyyətin qurulmasına, qarşılıqlı hörmət və ehtirama əsaslanan vətəndaş-məmur münasibətlərinin formalaşmasına böyük əhəmiyyət verir.

Rayonun sosial-iqtisadi, mədəni, ictimai-siyasi həyatının bütün sahələrində, xüsusilə sakinlərlə aparılan işin səmərəli, işgüzar təşkilində, ortaya çıxan problemlərin həllində rayon icra hakimiyyətinin rolu razılıqla qarşılanır.

Rayon icra hakimiyyəti başçısının 53 şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində keçirilən 2014-cü ilin yekunlarına dair hesabat yığıncaqlarında 7241 nəfərin iştirakı təmin olunmuş, 274 nəfər çıxış etmiş, 200-dən artıq tənqidi qeyd və təklif söylənilmişdir.

Yığıncaqlarda Prezident İlham Əliyevin müdrik, məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə qazanılan nailiyyətlərdən, dövlət başçısının diqqət və qayğısı, imzaladığı sərəncamlara əsasən Ağdamda vüsət alan tikinti-quruculuq, abadlıq işlərindən ətraflı söhbət açılmışdır.

Rayonda vətəndaş müraciətlərinə baxılması, onların qəbulunun təşkili, əhalini narahat edən problemlərin aşkar edilərək aradan qaldırılması daim diqqət mərkəzində saxlanılır. 2015-ci ilin birinci rübündə rayon icra hakimiyyəti başçısı və aparatı tərəfindən 1162 nəfər vətəndaş qəbul edilmişdir.

Əhali ilə sıx əlaqənin qurulması üçün yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsi çox əhəmiyyətlidir və ona görə rayon rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Cari ilin birinci rübündə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən səyyar qəbullarda 888 nəfər dinlənilmiş və onların böyük əksəriyyətinin müraciəti öz müsbət həllini tapmışdır.

Rayonun sosial-iqtisadi inkişafında, tikinti-quruculuq, abadlıq sahəsində qazanılan qürurverici uğurlar ağdamlıları qətiyyən arxayınlaşdırmır. Doğma diyarın hər qarışını cənnətə döndərmək istəyi rayonda gerçək el hərəkatına çevrilmişdir. Bir neçə gün əvvəl I Avropa Oyunları məşəlinin Quzanlı qəsəbəsinə gətirilməsindən doğan xoş ovqat hələ də hiss olunur.

Qədim “Atəşgah”dan od alan çıraq yeni “Çay evi”ndə şölələnməkdə, hər ürəyə, hər könülə hərarət paylamaqdadır. Çırağımızın, ocağımızın tezliklə yolumuzu gözləyən dədə-baba torpaqlarımızda yandırılacağı heç kəsdə şübhə doğurmur.

COMMENTS