Ağstafa Ramiz Tatarovun “qanunları” ilə idarə olunur?

“Rayon rəhbərliyinə arxalanan Ramiz Tatarov ondan şikayət etməyimə rişxəndlə yanaşaraq, “Sən müsavatçısan, kimdir şikayətinə baxan?!

Boş yerə haqq-ədalət gəzirsən”, – deyə güldü də”

Ötən saylarımızda “Ağstafada açılmış cinayət işinin üstünü necə örtdülər?” başlıqlı məqalə dərc edilmişdi. Sözügedən yazıda bildirilirdi ki, bir müddət əvvəl mətbuatda “Ağstafa rayon prokurorluğu bir neçə bələdiyyəni yoxlayır” başlıqlı məqalə yer almışdı. Bundan sonra məlum oldu ki, hansısa səbəbdən yoxlamanı dayandırmaq istəyirlər.

Məlum məqalədə bildirilirdi ki, bir neçə ay əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzi və yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslərin ciddi cəzalandırılması ilə bağlı fikirlər səsləndirib. Bundan sonra bir çox rayonlarda, o cümlədən Ağstafada da yoxlamalara başlanıldı. Yoxlamalar müxtəlif sahələri əhatə edirdi. Hazırda isə yoxlamalar BTC boru kəmərininn keçdiyi rayon və kəndləri əhatə edir. BTC boru kəməri Ağstafa rayonunun Saloğlu, Ağgöl qəsəbəsi, Aşağı Göyçəli, Qırlı, Poylu, Qıraq Kəsəmən, Zəlimxan kəndlərini əhatə edir. Bu kəndlərdə isə onlarla icarədarın adına torpaqların 10 il bundan qabaq icarə müqaviləsi əsasında götürülməsi və milyonlarla vəsaitin mənimsənilməsinə şəraitin yaradılmasından söhbət gedir.

Rayondakı bəzi məmurların qanunsuz hərəkətləri nəticəsində “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlıya və “Təzadlar”a müraciət edən Qıraq Kəsəmən kənd sakini Vəliyev Kənan Hacıməmməd oğlunun da hüquqları pozulub. Belə ki, onun icarədar olmasına əhəmiyyət vermədən, müqavilə yolu ilə istifadəsində olan torpağı digər şəxslərin adına rəsmiləşdiriblər. Məlumata görə, bu faktın özü də Ağstafa rayon prokurorluğu tərəfindən nəzarətə götürülüb, amma…

Şikayətçi K.Vəliyev yazır ki, rayondakı heç bir məmura inanmadığı üçün bizə müraciət edib. Redaksiyadan kömək istəyən k.Vəliyev 2008-ci ildə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarovun əmri ilə hüquqlarının pozulduğunu, haqqının tapdandığını yazır: “Bildirirəm ki, H.Əliyev adına BTC və Bakı-Tblisi-Ərzurum kəmərlərinin Ağstafa rayon ərazisindən keçən Qıraq Kəsəmən kəndində mənim də uzunmüddətli icarəyə götürdüyüm torpaq sahəsindən boru xətləri keçdi. Ancaq yerli məmurlar ciddi qanunsuzluqlara yol verərək mənim haqqımı yedilər. Əlimdə bu qanunsuzluğu sübut edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarovun, BP-nin nümayəndəsinin, Qıraq Kəsəmən kənd icra nümayəndəsi Nurəddin Yaqubəliyevin,

bələdiyyə sədri Şahin Əhmədovun və dövlət notariusunun imzaladığı saxta müqvailələr var. Həmin sənədlərdə mənim icarəmdə olan torpağın boru xətləri keçən yarım hektarlıq hissəsi Qıraq Kəsəmən kənd icra nümayəndəsi Nurəddin Yaqubəliyevin atası Yaqubəliyev Ələddin Əmrah oğlunun adına saxta olaraq rəsmiləşdirilib. Bu qanunsuzluğa etirazımı bildirəndə, mənə dedilər ki, get, kimə istəyirsən şikayət et. Mən də bu il aprelin 9-da Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət etdim. MTN-dən müraciətim baxılması üçün aprelin 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğuna, oradan isə rayon prokurorluğuna göndərildi, lakin bu günədək heç bir nəticə yoxdur. Bu azmış kimi, Milli Təhlükəsizlik Nazirliyinin Ağstafa rayon şöbəsinin əməkdaşı Vüqar Mirzəyev şikayətimi geri götürməyimi xahiş etdi. Çünki Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarov onun yaxın dostudur. Rayon rəhbərliyinə arxalanan Ramiz Tatarov ondan şikayət etməyimə rişxəndlə yanaşaraq, “Sən müsavatçısan, kimdir şikayətinə baxan?! Boş yerə haqq-ədalət gəzirsən”, – deyə güldü də.

Əgər doğrudan da Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ağstafa rayon prokurorluğu Ramiz Tatarov və onun kimilərinin vəzifədən sui-istifadələrinə imkan verirsə, daha kimə inanım? Belə çıxır ki, Ağstafa dövlətin yox, Ramiz Tatarovun “qanunları” ilə idarə olunur. Bu səbəbdən də şikayətimə Ağstafa rayon prokurorluğunda baxılmasını istəmirəm.

Ailədə dörd azyaşlı övladım, xəstə anam var. Onların haqqını niyə başqaları yeməlidir? Odur ki, sizdən şikayətimin ictimailəşdirilməsini və aidiyyəti dövlət qurumlarından tapdanan hüquqlarımın bərpasına kömək etmələrini xahiş edirəm”.(Təzadlar.az)

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

COMMENTS