Ağstafada icra hakimiyyəti nəyə lazımdır? – “Dəfələrlə şikayət etsəm də…”

Ağstafada icra hakimiyyəti nəyə lazımdır? – “Dəfələrlə şikayət etsəm də…”

“Döşəyi betonun üzərinə sərib, üstündə yatırıq. Qarşıdan qış gəlir, yenə soyuq betonun ümidinə qalacağıq, böyrəklərimiz çürüyüb, sıradan çıxıb”. DİA.AZ bildirir ki, bunu Ağstafanın Kolxəlfəli kənd sakini Elza Əiyeva deyir.

Elza xanım deyir, oğlu Əflatun Əliyev 1990-cı illərdə Qarabağda döyüşüb, müharibə veteranıdır. Səhhətinə görə işləyə bilmir, müharibə veteranı kimi aldığı 80 manat məbləğində təqaüd ailənin tələbatlarını ödəmir: “Müharibənin oğlumun səhhətinə vurduğu zərərlər yaşa dolduqca üzə çıxır, beynində problem var, müalicə ala bilmir. İş yoxdur, olsa da, səhhətinə görə əmək fəaliyyətiylə məşğul ola bilmir. Əvvəllər fəhləliklə məşğul olurdu, ailəni birtəhər dolandırırdı. Uşaqların anası yoxdur, bütün qayğıları atanın üzərindədir. Mən də pensiyamla kömək olmağa çalışıram. Ancaq yaşım yetmişi ötüb, özüm də xəstəyəm, dərmanlarım, başqa qayğılarım var. Bununla belə, çalışıram ki, oğluma, nəvələrimə köməyim dəysin”.

Elza xanımın nəvələrindən biri kollecdə pullu təhsil alır, digəri 10-cu sinifdə oxuyur. Ancaq maddi imkansızlıq onların təhsilinə də öz təsirini göstərir: “İki nəvəm var – qızın 18 yaşı var, kollecin ödənişini etməsək, təhsili yarımçıq qalacaq. Oğlan 10-cu sinifdə oxuyur, nə məktəb ləvazimatı var, nə geyimi… İndi karantindir, məktəb yoxdur, sabah məktəblər açılsa, ayaqqabısı da yoxdur ki, ayağına geyinib getsin…”

Elza xanım deyir, illərlə pensiyasından kəsib, həyətdə bir heyvan damı tikməyə çalışıb, o da yarımçıq qalıb: “Fikirləşdim ki, bəlkə heyvan saxlasaq, vəziyyətdən çıxa bilərik. Heyvan üçün dam tikmək istədim, o da yarımçıq qaldı. Damı tikəndən sonra heyvanı hansı pulla alıb o dama salacağıq, o da başqa dərddir. Bu bir tərəfə, qaldığımız ev bir otaqlıdır, yeri betondur, xəstə oğlum, nəvələrim, özümün də yaşım yetmişdən yuxarı, bu betonun üstündə yatmağa məcburuq. Eləcə, döşəyi bu başdan o başa atırıq, yatırıq. Betonun soyuğu səhərə kimi canımıza hopur, uşaqlar da, mən də tir-tir titrəyirik, çarpayı almağa da imkanımız yoxdur. Nəvəm deyir, biz nə vaxta qədər bu şəraitdə yaşayacağıq? Uşaq yaşayışımıza görə öz yaşıdlarından utanır”.

Elza xanım evin təmirinə lazım olan tikinti materialı üçün Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq deməsinə görə, qurumdan ona müsbət cavab verilməyib: “Evin dam örtüyü düzəlməlidir, divarları nəm çəkir, bir çarə edilməlidir, yaşlı adamam, betonun üstündə altımda yaş döşək, üstümdə yaş yorğanla yatıb-dururam. Bir az hörgü işi edə bilmişik, onu da, pensiyamla etmişik, daha edə bilmirik, ona görə də icra hakimiyyətinə müraciət etdik, ancaq heç bir faydası olmadı”.

DOSYE.ORG

COMMENTS