Ağsuda icra başçısı-deputat qarşıdurması

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayon məmurlarını, ziyalılarını, ağsaqqallarını bir araya toplayaraq, onlardan gələn il keçiriləcək parlament seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən biznesmen deputat, Mərkəzi Univermağın sahibi Ərəstun Cavadovu deyil, birinci müavini Rasim Novruzovu müdafiə etməyi tələb edir. İcra başçısı açıq şəkildə bildirir ki, o, hər vəchlə Ərəstun Cavadovun deputat seçilməsinə imkan verməyəcək.

Editor.az-a danışan məlumatlı mənbə bildirir ki, icra başçısının ona qarşı kampaniya aparmasından duyuq düşən Ərəstun Cavadov da sakti oturmayıb və o, da bütün əlaqələrini işə salaraq, Ənvər Seyidəliyevi “vurmağa” çalışır: “Rayonda sözün əsl mənasında qırğın gedir. Ərəstun Cavadovun deputat kimi fəaliyyətsizliyi, istər Milli Məclisdəki fəaliyyəti zamanı susqun mövqeyi, istərsə də seçiciləri yaddan çıxarması Ənvər Seyidəliyevin işinə yarayır. O, hər yerdə “Biabır olmuşuq, belə də deputat olar, o deputatlığa konkret məsuliyyət kimi yox, kiməsə “krişalıq” etmək üçün vasitə kimi baxır” deyərək, seçiciləri ayıq olmağa çağırır. Müavini Rasim Novruzovun isə daha məsuliyyətli və savadlı olduğunu deyən başçı “Ərəstun Cavadov deputat seçilsə, mən rayondan gedəcəm” deməkdən də çəkinmir. Bütün bunlar göstərir ki, Ənvər Seyidəliyev özünə əmindir və onda Ərəstun Cavadovun deputat seçilə bilməyəcəyinə dair bir inam var. Yəqin ki, Ərəstun Cavadovun passiv və uğursuz fəaliyyəti icra başçısında bu qənaəti möhkəmləndirir”.

COMMENTS