Ailə qurmaq istəyən tələblərə cavab verməlidir

Bundan sonra gənclər nikaha girməzdən əvvəl sağlamlıq haqqında arayış təqdim etməlidir.

 

Bu haqda bu gün Milli Məclisdə Ailə Məcəlləsinə dəyişiklik edildi. Modern.az xəbər verir ki,
Deputat Vahid Əhmədov isə bu tələbin effektiv olmayacağını bildirdi. Onun sözlərinə görə, istənilən şəxs xəstə olsa belə, həkimdən pul verərək sağlam olması haqda saxta arayış alacaq və qanun sadəcə əlavə korrupsiyaya yol açacaq.

Ziyafət Əsgərov isə səhiyyə müəssisələrində işləyən insanları şübhə altına almağın düzgün olmadığını bildirdi: “Qanunun fəlsəfəsi saf məsələyə xidmət edir. Əsas məqsəd odur ki, millətin gələcəyi sağlam olsun. Xəstə insanlar nikaha daxil olub xəstə uşaq dünyaya gətirməsin. Həyatdır, əgər müəyyən sui-istifadə halları olacaqsa, indi biz qanun qəbul etməyək?”

Fazil Mustafa isə təklif etdi ki, həkim təksə sağlamlıq haqqında arayışı verməklə kifayətlənməsin, həm də xəstəlik haqqında rəy versin. Və tərəflər bu rəylə tanış olmaq imkanını qazansın.

Rəfael Cəbrayılov hesab edir ki, layihə bir qədər də təkmilləşdirilməldiir: “Çünki yazılıb ki, dəri-zöhrəvi xəstəliklərin gizlədilməsi nikaha xitam verilməsinə əsas verir. Belə çıxır ki, “qribki” dediyimiz mikrob tapılsa, nikah pozulmalıdır? Halbuki, hemofiliya xəstəsi nikahda qala bilər, amma “qriboku” olan yox? Dəri xəstəlikləri ağırlıq dərəcəsinə görə o qədər də ağır sayılmır”.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə qanun layihəsinin müzakirəsinin gərgin keçəcəyini gözlədiyini dedi. Onun sözlərinə görə, gənclər təxminən 6 virusla bağlı yoxlamadan keçiriləcək ki, QİÇS və vərəm də bura daxildir: “Əsasən genetik kodlarla bağlı analizlər aparılacaq. Arayışda analizlərin nəticəsi, gənclərdə hansı xəstəliyin tapılıb-tapılmaması haqqında heç nə yazılmayacaq. Sadəcə, “həkim müayinəsindən keçdi və həkim məsləhəti aldı” sözləri yazılacaq. Yəni, həkim nikaha giən tərəflərin hər birinə məsləhətini verəcək”.

COMMENTS