Akademik Bəkir Nəbiyevin 85 yubleh tədbiri keçirilib

Görkəmli ədəbiyyatşünas alim, “Şöhrət” və “İstiqlal” ordenli əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, akademik Bəkir Nəbiyevin 85 illik yubileyi ilə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında anım tədbiri keçirilib.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan nümayəndələr, həmçinin dövlət və hökumət nümayəndələri, ali məktəblərin rəhbərləri və millət vəkilləri iştirak ediblər.

İlk olaraq Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbir iştirakçılarını salamlayıb. Tədbirin ərsəyə gəlməsində Mərkəzi Elmi Kitabxananın işçi heyətinin əməyini vurğulayıb, təşkilati dəstək göstərən Nizami adına Ədəbiyyat İnstitutuna minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları kitabxananın sərgi zalında Bəkir Nəbiyevin müəllifi olduğu əsərlərdən, redaktoru və tərtibçisi olduğu çoxcildliklər daxil olmaqla elmi əsərlərin, elmi rəhbəri olduğu müəlliflərin əsərlərindən ibarət kitab sərgisi, həmçinin alimin həyat və yaradıcılığını əks etdirən virtual materiallar və Mərkəzi Elmi Kitabxananın saytında əks olunmuş məlumat bazası ilə tanış olublar.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Bildirib ki, 2015-ci il Azərbaycan Milli Elmlər Akademiyası üçün əlamətdar ildir.              

Bu ilin sentyabrında ölkəmizdə Azərbaycan professional musiqisinin banisi, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən və ilk həqiqi üzvlərindən biri olmuş dahi Üzeyir Hacıbəylinin 130 illiyi təntənə ilə qeyd olunub. Yaxın günlərdə Azərbaycanın milli sərvəti, elmi-intellektual potensialının mərkəzi olan AMEA-nın yaradılmasının 70 illiyi qeyd olunacaqdır. 2015-ci ildə həm də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor, filologiya üzrə elmlər doktoru, iki dəfə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, mərhum Bəkir Nəbiyevin  anadan olmasının 85 illiyi tamam olur.

Alim haqqında fikirlərini bölüşən Akademik Akif Əlizadə elm xəzinəsinə qiymətli əsərlər bəxş edən akademik Bəkir Nəbiyevin Azərbaycanda ədəbi və mədəni mühitin inkişafında öz çəkisi ilə diqqəti cəlb edən nüfuzlu şəxsiyyət kimi xidmətlərindən danışıb.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla akademik Bəkir Nəbiyevin mənalı həyat yolundan danışıb. Onunla birgə çalışdığı illərin xatirələrini yada salan akademik K.Abdulla alimin Qarabağ müharibəsi illərində Şuşada, Ağdamda, Ağdərədə əsgərlərlə görüşündən, onların milli vətənpərvərlik hisslərinin yüksəldilməsinə naminə əsgərlərlə səmimi ünsiyyətindən, müqəddəs amallar yolunda öz gücünü əsirgəməyən mərd və qayğıkeş insan kimi yüksək daxili keyfiyyətlərindən bəhs edib.

Daha sonar AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Akademik B.Nəbiyevlə ilk tanışlığının hələ tələbəlik illərində onun kitablarıyla başladığını deyən İ.Həbibbəyli alimin geniş elmi-ədəbi yaradıcılığa malik olduğunu bildirib.  Qeyd edib ki, Azərbaycan elmi-pedaqoji mühitində özünəməxsus dəsti xətti olan B.Nəbiyev ölkə ziyalılarının bir neçə nəslinin müəllimidir.

Tədbirdə digər çıxış edənlər də akademik Bəkir Nəbiyevi Azərbaycan elminin görkəmli nümayəndəsi kimi dəyərləndirib, onun tənqid və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən  danışıblar.

Sonda Azərbaycan və Avropa musiqisi sədaları altında nəfis tərtibatda nəşr olunmuş “Akademik Bəkir Nəbiyev – 85” biblioqrafik soraq kitabının təqdimatı keçirilib və tədbir iştirakçılarına hədiyyə edilib.


AMEA Rəyasət  Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

 

COMMENTS