Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Şöhrət” və “İstiqlal” ordenli Əməkdar Elm Xadimi, dövlət mükafatları laureatı, 60-dan çox kitabın, yüzlərlə elmi məqalənin müəllifi, AMEA-nın həqiqi üzvü, akademik Bəkir Nəbiyevin “Üzeyir Hacıbəylinin Ömürnaməsi” adlı kitabının təqdimat mərasimi keçirilib.
AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutu və Mərkəzi Elmi Kitabxananın (MEK) birgə həyata keçirdiyi tədbir Akademik Üzeyir Hacıbəylinin 130 illiyi, AMEA-nın 70 illiyi və Akademik Bəkir Nəbiyevin 85 illik yubileyləri çərçivəsində təşkil olunub.
Təqdimatda müəllifin ailə üzvləri, dostları ilə yanaşı elm, mədəniyyət və incəsənət xadimlər də iştirak edib.
İlk olaraq MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbir iştirakçılarını salamlayıb. Tədbirin təşkilində və bu kitabların işıq üzü görməsində dəstəyi olan insanlara minnətdarlığını bildirib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq iki görkəmli şəxsiyyətin: Üzeyir Hacıbəyli və Bəkir Nəbiyevin mənalı həyat yolundan danışıb, onların bir alim kimi elmə böyük töhfələr bəxş etdiyini, bir vətəndaş kimi hər bir Azərbaycanlıya örnək bir ömür yaşadığını diqqətə çatdırıb.
“Üzeyir Hacıbəylinin Ömürnaməsi” kitabı haqqında fikirlərini bölüşən akademik İ.Həbibbəyli nadir faktlarla zəngin bu əsərin akademik Üzeyir Hacıbəyli şəxsiyyətini dolğun ifadə edən və müstəqillik dönəmində bəstəkar haqqında yazılan kitabların məntiqi yekunu olduğunu deyib. Bildirib ki, əsər həm akademik B.Nəbiyebin elmi fəaliyyətini tamalayır, həm də dahi bəstəkar Ü.Hacıbəylinin həyat və yaradıcılığını ümümuləşdirir. Akademik qeyd edib ki, B.Nəbiyev çox qiymətli əsərində möhtəşəm yaradıcılıq yolu keçən Üzeyir Hacıbəylinin necə böyuk və nadir şəxsiyyət, inanılmaz istedad sahibi olduğunu təcrübəli alim qələmi ilə açıb göstərə bilib, üzeyrsevərlərin və tədqiqatçıların ürəyincə olacaq təkrarsız bir əsər ortaya qoyub.
Daha sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev məruzə ilə çıxış edib. Alimin böyük bir məsuliyyətin ağırlığını çiyinlərində hiss edərək dahi bəstəkar Ü.Hacıbəylinin həyat və yaradıcılığını bir ədəbiyyatşünas səliqəsi ilə tədqiq etmək qabiliyyətini və bununlada üzeyirşünaslığa yeni bir töhvə verməsini yüksək qiymətləndirib. Professor bildirib ki, Üzeyir bəyin çoxşaxəli yaradıcılığı onun misilsiz fitri istedada sahib olmasından söz açır. Odur ki, onun kimi bir dahiyə, musiqi sənətimizin korifeyinə əsər həsr etmək nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətli işdir. Qeyd edib ki, bəstəkarın zəngin həyat yoluna, təkrarsız yaradıcılığına, elmi-pedaqoji, ictimai fəaliyyətinə həsr olunan əsərlərdə Üzeyir bəyə layiq olduğu qiymət verilib. Lakin Bəkir müəllim yeni yolla gedərək bəstəkarın zəngin həyat və fəlaiyyətini təqvim üzrə əks etdirib. Alim işin həcmini nəzərə alaraq təqvim günləri üzərində işləyərkən ilk növbədə Üzeyir bəyin tərcümeyi-halının ən taleyüklü günlərini, bütün opera və oprerttalarının ilk tamaşası günlərini, bəstəkarın bütün əsərlərinin və haqqında nəşr edilmiş bütün kitabların çapa hazırlandığı tarixləri əsas götürüb. Təqdiqatçı araşdırmaya Üzeyir bəyin iki yüzə yaxın təqvim gününü cəlb edib.
“Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabını yazıb tamamlamağın B.Nəbiyevin ən böyük arzularından biri olduğunu qeyd edən Q.Paşayev əsərin üzeyirşünaslığa dəyərli töhfə olduğunu bildirib.
Tədbirin davamında MEK-in əməkdaşı, Günay Allahverdiyeva sözügedən kitabdan sətirlər səsləndirib. Musiqili təqdimatla keçən tədbirdə Respublikanın Əməkdar artisti, Opera və Balet Teatrının solisti, dosent Gülnaz İsmayılova Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından Gülçöhrənin ariyasını, bəstəkar Niyazinin “Arzu” romansını və “Evləri var xana-xana” xalq mahnısını oxuyub.
Sonra Üzeyir Hacıbəyli nəslinin nümayəndəsi, Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Ülviyyə Hacıbəyova çıxış edərək əsər haqında fikirlərini söyləyib. Kitabın unikal tədris vəsaiti olaraq Musiqi Akademiyası və ümumiyyətlə musiqi tədris edən akademik qurumlarda dərslik kimi istifadə olunmasını tövsiyyə edib.
Tədbirdə Ü.Hacıbəyova pianoda bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən Adajio ifa edib.
Daha sonra çıxış edən Əməkdar İncəsənət xadimi, professor Zümrüd Dadaşzadə “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabı haqqında təsüratlarını bölüşüb. Professor Azərbaycan musiqişünaslıq tarixində ölkənin hüdudlarını aşıb beynəlxlq arenaya çıxan dahi bəstəkar Ü.Hacıbəyli haqqında əsər yazmağın heç də asan iş olmadığını deyib. Ü.Hacıbəyli görkəmli bəstəkar, musiqiqşünas alim olmaqla bərabər, həm də yazıçı jurnalist və ictimai xadim idi. Akademik B. Nəbiyev bunu öz kitabında ustalıqla təsvir edə bilib.
Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov görkəmli tənqidçi və ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin yaradıcılığından danışıb. O, akademikin kitabxananın ən maraqlı daimi oxucularından biri olduğundan, müəllifin kitabının hazırlandığı müddət ərzində kitabxananın arxivindəki iş üslubundan söhbət açıb. Ötən ay Azərbaycan Milli Kitabxanasında akademikin 85 illiyi münasibətilə “Bəkir Nəbiyev-85” adlı kitab sərgisinin təşkil olunduğunu xatırladan K.Tahirov sərgidə akademikin Azərbaycan və rus dillərində çap olunmuş əsərlərinin, haqqında yazılan və “Ön söz” yazdığı, redaktoru olduğu kitabların nümayiş olunduğunu bildirib.
Daha sonra tədbirdə “Şərq – Qərb” Nəşriyyatının baş redaktoru, Əməkdar müəllim Samirə Bekdaşi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov və digər qonaqlar hər iki şəxsiyyətin istedadı, xarakteri və elmi yaradıcılıq fəaliyyəti haqqında öz fikirlərini səsləndirib.
Tədbirdə AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıb.
Sonda kitabın işıq üzü görməsində maliyyə dəstəyi olan Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fonduna iştirakçılar adından təşəkkür edilib. “Şərq -Qərb” Nəşriyyat evi və akademik Bəkir Nəbiyevin ailəsi tərəfindən Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilmiş “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabının nüsxələri tədbir iştirakçılarına paylanılıb.
Ruslan Kərimov
AMEA Mərkəzi Elmi Kitabxana Mətbuat xidməti
COMMENTS