Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan “Akademik Elm Həftəliyi – 2015” beynəlxalq multidisiplinar forum öz işinə başlayıb. Rəyasət Heyətində keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə çıxış edib.
Yaxın günlərdə Akademiyanın yaranmasının 70 illik yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb. Ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 14 mart 2014-cü il tarixli Sərəncamını xatırladan AMEA rəhbəri qeyd edib ki, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkil etdiyi bu tədbir AMEA-nın 70 illiyinə böyük töhfədir.
Akademik Akif Əlizadə vurğulayıb ki, forum digər ənənəvi tədbirlərdən fərqlənir. Tədbir çərçivəsində interaktiv müzakirələr təşkil olunacaq ki, bu da Akademiyada ilk dəfə keçirilir. Məqsəd respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirliklər, elmin inkişafına dəstək verən fondlar, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirmək, onlarla müştərək, faydalı əməkdaşlığa nail olmaqdır. Müzakirə üçün olduqca aktual olan “Akademik startaplar: nəyi nailiyyət hesab edək?”, “Elmin inkişafında mövcud fondların rolu”, İnnovativ ideyalar və perspektivlər” kimi mövzuların seçilməsi və bu prosesə ölkəmizin tanınmış elm, ictimaiyyət və KİV nümayəndələrinin cəlb olunması xüsusi qeyd edilməlidir.
AMEA rəhbəri bildirib ki, forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi əhəmiyyət kəsb edən multidisiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin etmək məqsədilə beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edib. Akademik AMEA-nın 70 illik yubiley tədbirinə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini deyib. Bildirilib ki, ölkə başçısı İlham Əliyevin elmə və təhsilə ayırdığı diqqətin son illər bu sahələrin inkişafına töhfə verir. Akademik Akif Əlizadənin rəhbərliyi ilə həyata keçirilən islahatlar elmin inkişafına müsbət təsir göstərir. A.Məhərrəmov AMEA prezidentinin gənclərə qayğısını, elmin gəncləşdirilməsi siyasətinə diqqətinin yüksək dəyərləndirildiyini əlavə edib.
Sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov GAMŞ-ın təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, son illər Akademiyada həyata keçirilən islahatlar, xüsusilə, AMEA-nın gənclər siyasəti Azərbaycan elminin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. Rəhbərlik etdiyi qurumun AMEA ilə sıx əməkdaşlıq etdiyini deyən M.Musayev müasir qloballaşma şəraitində ölkədə sahibkarlıq mühiti və subyektlərinin potensial imkanlarının düzgün qiymətləndirilməsi, həmçinin iş adamları üçün müvafiq ixtisaslaşmanın aparılması və təkmilləşdirilməsi istiqamətində elmi proqramların təklif olunmasının əhəmiyyətindən danışıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxışında qeyd edib ki, “Akademik Elm həftəliyi-2015” multidisiplinar forumun keçirilməsinin əsas məqsədi gənc alim və mütəxəssislərin intellektual səviyyəsinin yüksəldilməsinə, onların beynəlxalq əməkdaşlığına dəstək verməkdir. Forumun ilk iş günündə interaktiv müzakirə təşkil etməyin məqsədəuyğun hesab olunduğunu vurğulayıb. Qeyd edib ki, bu müzakirəyə ilk növbədə Akademiya gəncləri üçün maraq doğuran prioritet mövzular seçilib.
F.Salmanov əlavə edib ki, forumun ikinci iş günündə keçiriləcək beynəlxalq konfransda isə 22 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssis iştirak edəcək. Alim noyabrın 3-ü və 4-də baş tutacaq seksiya iclaslarında ümumilikdə 150 məruzə dinləniləcəyini bildirib.
Forum panel müzakirələrlə öz işini davam edib.
AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
COMMENTS