Akif Səlimov : “Laçınlıları Laçına qaytarmaq üçün gəlmişəm”

Akif Səlimov : “Laçınlıları Laçına qaytarmaq üçün gəlmişəm”

Dosye.org Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun lacin.info saytına verdiyi müsahibəni oxuculara təqdim edirir.

-Akif müəllim, təyin olunmağınızdan üç il keçir, yorulmamısınız ki?

-Elə bilirəm ki, bu gün təyin olunmuşam (gülür).

-Tez- tez səyyar görüşlər keçirdirsiniz. Rayon sakinləri daha çox nədən narazılıq edir ?

-Bizim rayonun əhalisinin narazı olduğu əsas məslə məcburi köçkünlüyün yaratdığı problemlərdir. Bunları ümümiləşdirsək adına məişət problemləri demək olar. Yəni hələki bütün qaçqınlar evlə təmin olunmayıb, amma bütövlükdə əhalinin dövlət səviyyəsində elə bir problemi yoxdur. Sakinlərimiz dövlətimizdən də, cənab Prezidentdən də, qaçqnlara olan qayğıdan da razıdırlar. Ona görə də elə ciddi narazılıqlar yoxdur.

– Hazırda rayonda hərbi vətənpərvərlik ruhu necədir?

– Tam əminlklə deyə bilərəm ki, bu gün hərbi vətənpərvərlik ruhu Laçın rayonunda çox yüksək səviyyədədir. Bilirsiniz ki, 2013-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu məsələlər ölkə səviyyəsində araşdırıldı. Belə qərara gəlindi ki, gənclərin hərbi akademiyalara qəbulu məsələsi ilə birbaşa icra hakimiyyəti başçıları ciddi məşğul olsunlar. Bu da zərurətdən atılmış addımdır. Araşdırmalar göstərir ki, məcburi köçkün düşən rayonların sakinlərindən hərbi akademiyaya qəbul olanların sayı 2013-cü ilə nisbətən 2014 cü ildə 10 dəfəyə yaxın artıb. Laçın rayonundan isə 2013 cü ildə 4 nəfər qəbul olunmuşdusa, 2014-cü ildə onların sayı 14 nəfər olub. Bu rəqəmlər Hərbi Akademiyaya qəbul olanlara aiddir, liseylər və digər məktəblər bura aid deyil. Hərbi vətənpərvərlik quru termin deyil, bu, Azərbyacan üçün vacib bir işdir və bütün bu təşəbbüslər ona xidmət edir.

– Laçının işğalından bizi 23 il ayırır…

– Laçının, eləcə də Qarabağın işğalına, başımıza gələn bütün hadisələrə tarixi nöqteyi -nəzərdən yanaşmalıyıq. Çünki bu cür hadisələr hər bir xalqın başına gələ bilər. Məsələn yəhudiləri Fələstindən qovdular. 2 min il bu xalq dünyanı gəzdi, 2 min il öz dövlətlərini qurmaq arzusu ilə yaşadı. Sonda isə 1948-ci ildə istəklərinə nail oldular. Laçının işğalından bizi 23 illik bir zaman kəsiyi ayırır. Əslində 23 ilə tarixin gözü ilə baxsaq çox da uzun zaman deyil. Belə götürəndə əsrin 4/1-dir. Ancaq buna emosinala yanaşanda, fərd kimi yanaşanda, laçınlı kimi yanaşanda ağrıdır bizi. Yer qalıb, yurd qalıb, ocaq qalıb, məzarlarımız qalıb. Bunlar emosinal bir hissdir. Hazırda dünyada böyük gücə malik olan dövlətlərin hamısının tarixinə məğlubiyyət yazılıb və vaxtı çatanda onlar bu məğlubiyyətin altından çıxıblar. 23 il qabaq bu hadisə bizim də başımıza gəlib. Bunalr mənim 1992-ci ildə fikirləşdiklərim idi, elə indi də o fikirdəyəm. Hamımıza gün kimi aydındır ki, biz mütləq Laçına qayıdacağıq. Sadəcə olaraq üstümüzə düşən bir vəzifə var. Dövlətimizlə bir olmaq, cənab Prezidentin ətrafında birləşmək, qisası qiyamətə qoymamaq.

-İstefada olan polis polkovniki, hazırkı icra başçısı, bir də yaradıcı Akif Səlimov. Hansı daha səmimidir?

-Biraz qəliz sual oldu (gülür). Əslində belə götürəndə bu üç şəxsin arasında bir zərrə belə fərq yoxdur. Bu üç insanın kökündə haqq ədalət, humanistlik durur. Bu dünən də var idi, bu gün də var, sabah da olacaq.

-Bir neçə kitabın, çoxlu sayda məqalələrin müəllifisinz, yazmaq həvəsi hardan yarandı?

-Laçında normal orta təsil alan hər bir şəxsin içində beş Laçın boyda dünya var. 5 laçınlıdan 3-ü şeir yazmaq qabilyyətinə malikdir. Bu, ümumilikdə laçınlılara xas olan bir xüsusiyyətdir. 4-cü sinifdən bu günə qədər şeir yazıram. Çox sayda şeirlərim var. Hərdən başqa şeirlərə baxanda görürəm ki, mənim şeirlərim onlardan daha yaxşıdır. Ancaq bilirsən mən onları niyə üzə çıxartmamışam? İnsan bir şeyi edəndə gərək başqasından bir az fərqli edə. Bu kitabların hansı zərurətdən yarandığını deyim. Bir dəfə televizyaların birində Laçının işğalının ildönümü ilə əlaqədar verlişə baxırdım. Bir laçınlı Laçın hadisələrini başladı öz bildiyi kimi danışmağa, təqdim etməyə. Fikirləşdim ki, bu hadisələri məndən yaxşı bilən yoxdur. Ancaq bəzi insanlar çıxıb efirdə bildiklərini də, bilmədiklərini də danışırlar. düşündüm ki, mənim haqqım yoxdur bunu yazmamağa. Çünkü mən Laçında baş verən bütün proseslərin içində olmuşam. Arxivlərdəki sənədlərlə tanış olmuşam. Belə qənatə gəlmişəm ki, bunları yazmaq lazımdır. Çünkü Laçına qayıdandan sonra naşı adamlar bu hadisələri özləri istədiyi kimi təhrif edəcəklər. Biz uzun müddət erməniyə söymək, söyə- söyə yaşamaq xülyası ilə durmuşuq. Sonra gördük ki, bu çox məkirli düşməndir. Söyməklə iş aşmır. Düşmənlə mübarizə aparmaq üçün gərək onu tanıysan. Tanımaq üçün də düşmənin dilini, məişətini, tarixini, mədəniyyətini öyrənməlsisən. Mənim Türkiyə elm adamları ilə çox yaxın əlaqələrim var.Təqaüddə olanda arxivlərdə araşdırmalar apardım, müxtəlif mənbələri öyrəndim. Nəticədə “Çığırlar birləşəsələr” kitabın yazdım. Daha sonra “Ora vətəndir” kitabı ərsəyə gəldi. Baxmayaraq ki, ilk dəfəydi kitab yazırdım, ancaq bu kitablarda elə məlumatlar var ki, bu gün Azərbaycan mətbuatında rast gələ bilməzssən o məlumatlara. Bunların bir hissəsi qondrama erməni soyqırımı ilə bağlı arxivlərdən çıxmış materiallardır.

-Bugünkü laçınlı gənclərdən razısınızmı?

-Bugünkü Laçın gəncliyi 23 il bundan qabaqkı Laçın gəncliyindən çox fərqlənir. 23 il əvvəlki Laçın gəncliyi sovet ideologiyası ilə tərbiyə olunmuş, təmiz qalmış gənclik idi. İndiki gənclik respublikanın 58 rayonuna səpələınib, müxtəlif mühitdə böyüyüb. Razı qaldığım nədir? Bu, mənim adi vətəndaş kimi fikrimdir, icra başçısı kimi yox. Bu gün Laçın gəncliyində yüksək ali təhsil almağa doğru xeyli irəliləyiş var. İkinci məsələ 10 laçınlı gəncdən 9-nun vətənpərvər olmasıdır. Üçüncü ən böyük amil laçınlı gənclərin hamısının müharibəyə qatılmaq, Vətəni azad etmək arzusudur. Sevinirəm ki, müasir Laçın gəncləri belə böyüyür. Ancaq narazı qaldığım tərəf də var. Bəzi Laçın gəncləri çiynində Laçın boyda Vətən dərdini gəzdirə-gəzdirə dini radikalizmə ayaq basırsa, dövlətimizin yaxşılığını istəməyən radikal müxalifətə simpatyası olsursa, rayon miqyasında , respublika miyasında görülən işləri görmürsə, bu yaxşı hal deyil.Təbii ki, bu adamlar laçınlı gənclərin 100/1-ni təşkil edir. Hesab edirəm ki, bu gün Laçın rayonunda özgə dəyirmanına su tökən 1 nəfər belə olmamalıdır. Bunu bizə din bağışlayar, valideyin bağışlayar, dostlar bağışlayar, ancaq Laçın bağışlamaz !

-Valideyn kimi övladlarınızla münasibətiniz necədir?

– İki oğlum var. İkisi də böyüyüblər, müxtəlif vəzifələrdə çalışırlar. Övladlarımla aramızda həmişə bir səmiyyət olub. Buna dostluq deməzdim, hardasa yoldaşlıqla dostluğun arasında bir yer var, bax münasibətimiz elədir.

-Təqaüdə çıxanda yaradıcılğı davam etdirmək istəyirsinizmi?

-İnşallah təqaüdə çıxdıqdan sonra yaradıcılığı davam etdirmək fikrindəyəm. Yazacağım kitabın təxminən mövzusu da hazırdır. “Laçından kənarda gördüyüm Laçın”. Bax bu mövzuda bir kitab yazmaq istəyirəm. Ancaq iki kitabım da çapa hazırdır. Onlardan biri “Altaydan başlanan yol” adlanır. Sadəcə ona görə çap etdirmirəm ki, bəzi adamlar fikirləşər ki, hazırda icra başçısıdır. Kiməsə xahiş eləyib yazıblar.

-Bildiyimə görə “Paşa bəyin el deyimləri” adlı kitab hazırlanır…

– Artıq “Paşa bəyin el deyimləri” kitabı hazırlanmaq üzrədir. Materialların yığımı ilə məşğuluq. Bilirsiniz ki, bu el deyimlərinin bir hissəsi itib-batıb. Ancaq düşünürəm ki, bu el deyimləri mütləq mənada çap olunmalıdır. Heç olmasa çap olunub laçınlılara paylanmalıdır. Məni həmişə Laçın miqyasında bir neçə məsələ ağrıdıb. Birincisi, laçınlıların fəxr etməli olduğu Sarı Aşığın irsi lazımı səviyyədə öyrənilərək öz dəyərli qiymətin almayıb. İkincisi, Seyid Mir Həmzə Nigarinin irsi. Nigari ilə bütün türk dünyası fəxr eləyir, ancaq laçınlılar çox az tanıyır onu. Bir də Paşa bəy və onun nəslinin atalar sözünə bərabər olan el deyimləri. Bu istiqamətdə də yəqin ki, lazımı işlər görəcəyik. Biz artıq icra hakimiyyətində komissiya yaratmışıq, elm adamları, ağsaqqalar, Paşa bəyin nəslindən olan adamlarla söhbətlər aparılır. İnşallah tezliklə nəticələr olacaq.

– Bu yaşda vəzifəyə niyə qayıtdınız?

– Bu sualı mənə dostlar da veriblər.Tək bir cavabım var: Mən bu vəzifəyə cənab Prezidentin rəhbərliyi altında laçınlıları Laçına qaytarmaq üçün gəlmişəm.

COMMENTS