“Akkord” şirkətində müdür xanım işçisinə intim təklif edib?

Bir neçə gün öncə “Akkord” şirkətinin rəhbər şəxslərindən biri orada çalışan xanım işçilərdən birinə qarşı əxlaqsız hərəkət edib.

 

Bu barədə virtualaz.org saytına açıqlamasında zərərçəkmiş xanımın özü məlumat verib.

Bəri başdan deyək ki, zərərçəkən xanımın adı redaksiyamıza məlum olsa da etik mülahizələri və Azərbaycanın adət-ənənələrini əsas götürərək onun adını açıqlamırıq.

Adını şərti olaraq Z.H. deyə qeyd etdiyimiz xanım əməkdaş virtualaz.org saytına açıqlamasında deyir ki, “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə göndərdiyi CV əsasında bu il avqust ayının 11-də həmin şirkətdə işə qəbul olunub.

Universiteti bitirdikdən sonra təhsilini Londonda davam etdirib başa vuran Z.H. Azərbaycana qayıdandan sonra iş üçün BP və “Akkord” şirkətlərinə müraciət edib. Əvvəlcə “Akkord”dan təklif alan Z.H. bu il avqustun 11-də şirkətə daxil olan “Qaradağ Mərmər Qranit” MMC-də müdir köməkçisi vəzifəsində işə başlayıb.

Z.H. bu 3 ay ərzində başına gələnləri belə nəql edir: “İşə başlayanda mənimlə əmək müqaviləsi bağlanacağını demişdilər. Amma müqavilənin bağlanması nədənsə uzanırdı. Rəhbərliyə bununla bağlı bir neçə dəfə müraciət etdim. İngilis dilini yüksək səviyyədə bilməyim və xaricdə aldığım təhsil kollektivdə çalışqan işçi kimi tez bir zamanda seçilməyimə imkan verdi. Burada işlədiyim müddətdə BP-dən də iş sorğuma cavab gəldi. Məni BP-yə də işə dəvət etdilər. “Qaradağ Mərmər Qranit” MMC-də 3 ay idi işləyirdim, amma mənimlə hələ də əmək müqaviləsi bağlanmamışdı. Bu üzdən normal əməkhaqqı da ala bilmirdim.

İşdən ayrılmaq istəyi ilə bağlı “Qaradağ Mərmər Qranit” MMC-nin müdiri, Türkiyə vətəndaşı olan İsmayıl Ceylana müraciət etdim. İsmayıl Ceylan isə cavabında mənə bildirdi ki, ən qısa zamanda səninlə əmək müqaviləsi bağlanacaq, iş şəraitin də yaxşılaşdırılacaq, əməkhaqqın da yüksək olacaq.

O, mənə belə vədlər verməklə fikrimi qismən dəyişdirdi. Həm də artıq kollektivə də öyrəşmişdim. Bu vədləri, perspektivdə hər şeyin yaxşı olacağını nəzərə alıb BP-dən gələn təklifi qəbul etmədim”.

Z.H.-nin başına nə gəlibsə də elə bundan sonra gəlib. Türkiyə vətəndaşı İ.Ceylanın kollektivin əksər gənc xanım işçilərinə qarşı “səmimi münasibəti”nə dəfələrlə şahid olan Z.H. əvvəlcə müdirin bu hərəkətlərinin fərqinə varmayıb, bu xoş münasibətin, səmimiyyətin pis niyyət güddüyünü zənn etməyib.

Z.H. türkiyəli müdirin gənc xanım işçilərə qarşı bu cür “səmimi münasibəti”nin əsl səbəbini, onun bu əməlinin və niyyətinin arxasında nələrin dayandığını sonradan anlayıb.

“İsmayıl Ceylan yaşlı adamdır. 53 yaşı var. Mən onu təzə-təzə tanıyanda bu cür pis niyyətli biri ola biləcəyini heç ağlıma da gətirmirdim. Hərdən görüşəndə bəzi xanım işçilər kimi məni də öpürdü. Sonradan bundan şübhələnib narahat olmağa başladım. Bundan şikayət edəndə kollektivdə çalışan xanımlardan biri mənə inanılmaz hadisələr danışdı. Deməli, bu adam, necə deyərlər, əsl seksual manyak imiş. Adını açıqlamaq istəmirəm, məndən əvvəl bu vəzifədə işləyən gənc bir xanım da bu səbəbdən işdən uzaqlaşıb. O, İsmayıl Ceylanın bu özbaşınalığı ilə bağlı baş idarəyə müraciət edib. İdarədən isə o qıza bu məsələ ilə bağlı başqa heç yerə şikayət etməməyi tapşırıblar. Əvəzində isə ona başqa iş veriblər. Bununla da məsələ bağlanıb.

İsmayıl Ceylan ötən həftə məni kabinetinə çağırdı. Sonra mənə qarşı əxlaqsız hərəkətlər etməyə cəhd etdi. Məni qucaqlamaq istədi. Qışqırdım. Qorxdu və tez məni buraxdı. Bizim kabinet olan mərtəbədə başqa heç kim yox idi. Mən onun üstünə qışqırmağa başladım. Elədiyi murdar hərəkət azmış kimi məni günahkar çıxarmağa çalışdı. “Qara məni basınca…” prinsipi ilə hərəkət edib qışqıra-qışqıra məni otağından qovdu” – deyə Z.H. başına gələnləri danışır.

Z.H. bu iyrənc hadisəni iş yerində bir neçə xanım həmkarına da açıb. Lakin onlar məsələni demək olar ki, normal hadisə kimi qarşılayıblar:“Mən qorxurdum. Başıma gələnləri işdə ürəyim qızan qadınlara danışdım. Bəzi iş yoldaşlarım dedi ki, “hə, o adam elədir”. Məni ən çox təəccübləndirən də elə xanım iş yoldaşlarımın bu cür etinasızlığı, soyuq reaksiyası oldu. Amma işimdən ayrılmaq istəmirəm. Bunda isə bir məqsədim var. Mən bu haqsızlığa göz yumulmasını istəmirəm. Sizə danışdıqlarımdan da aydın olur ki, məndən əvvəlki işçinin başına bu oyun gəlib. Mənim də başıma gəldi. Deməli, məndən sonrakı işçinin də başına gələcək. İsmayıl Ceylan öz vəzifə səlahiyyətindən və işçilərin işini itirmək qorxusundan sui-istifadə edərək bu cür iyrənc əməllərə əl atır. Axı bu adam kimdir ki, bu cür özbaşınalıq edir?!”

Həmsöhbətimiz deyir ki, bu hadisədən sonra İ.Ceylan onu işdə sıxışdırmağa başlayıb: “Bu hadisədən sonra adi qaydada işə gedib-gəlməyə başladım. Amma heç iki gün çəkmədi ki, İsmayıl Ceylan işdə məni sıxışdırmağa başladı. Qabaqlar hər işimi tərifləyən İsmayıl Ceylan indi məni işdən qovmaq üçün bəhanə axtarır. Lakin hər kəs bilir ki, mən işimi çox gözəl bilirəm və işdən qovulmağım üçün heç bir səbəb də yoxdur. Olsaydı, çoxdan qovardı”.

Z.H. işdən çıxmamaq üçün mübarizə aparacağını, sonuna qədər haqqını tələb edəcəyini deyir: “İdarədə olan işçilərin əksəriyyəti İsmayıl Ceylanın bu cür murdar hərəkətlərindən xəbərdardır. Buna etiraz etmək istəyənlər də var, amma işlərini itirmək qorxusu ilə səslərini çıxarmırlar. Bu adam kimdir ki, Türkiyədən gəlib Azərbaycanda istədiyi kimi hərəkət edir?! O, Azərbaycan qadınlarını nə sayır? 4-5 ay olar bu vəzifəyə təyin olunub, 8 min manat maaş alır. Kefi yerindədir. Lap yaxşı. Amma bəs onun işçilərə qarşı istədiyi hərəkəti etmək haqqı da varmı?

İsmayıl Ceylanın bu hərəkətləri ilə bağlı müvafiq qurumlara şikayət etmişəm, ərizə yazmışam. Şikayətimə baxılacağına, İsmayıl Ceylanın bu cür əməllərinə görə qanun qarşısında cavab verəcəyinə inanıram. Əgər məsələ obyektiv araşdırılmasa, ölkə başçısına da müraciət edəcəyəm. Bu haqsızlığın qarşısını almaq üçün əlimdən gələni edəcəyəm. İşimi itirmək qorxum yoxdur. Əsas məqsədim bu adamın şərəfsizliyini sübut etməkdir. Bura gələn əcnəbi müdirlər qızlarımızı, qadınlarımızı bu cür yollarla tora salır, aşağılayırlar. Əgər hansısa bir xanım öz savadı, bacarığı ilə çörəkpulu qazanmaq istəyirsə, o, bu cür vicdansız insanlar tərəfindən təzyiqlərə, təhqirlərə məruz qalmamalıdır”.

 

P.S. Bu ittihamlarla bağlı İsmayıl Ceylanın da fikirlərini öyrənməyə çalışacağıq.

COMMENTS