“Akkord”a qarşı yüzlərlə məhkəmə iddiası qaldırılır – Mənzil fırıldağı

Yüzlərlə insan “Akkord” Şirkətlər Qrupunu məhkəməyə verir.

 

Dosye.org AzNews.az-a istinadən xəbər verir ki, şirkət vətəndaşları aldatmaqda suçlanır. İddialara görə, bu şirkətdən mənzil alanlar, sonradan aldadıldıqlarını biliblər.

Daha doğrusu, mənzil alanlar sonradan mənzilin satıldığı ölçüdə olmadığını aşkarlayıblar. Məlum olub ki, hər mənzilin ölçüsündə sənəddə göstərilən sahədən 7, 8, 9, 10 kv.metr bəzi mənzillərdə isə daha çox əskiklik var.

Xatırladaq ki, bir müddət əvvəl jurnalist Anar Məmmədovun da “Akkord” tərəfindən aldadılması ilə bağlı məlumat yaymışdıq. O, AzNews.az-a açıqlamasında bildirmişdi ki, 2010-cu ilin aprelində “Akkord”un Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Uğur-2 kompleksindən mənzil alıb. Müqaviləyə görə, ümumi sahəsi 79,05 kv. metr olan mənzil üçün müqavilə bağlayıb: “Bina iki il əvvəl təhvil verildi, bir il əvvəl isə təmir etdirib mənzilə köçdüm. Təmirlə bağlı usta evin sahəsini ölçən zaman sahənin az olduğunu dedi, lakin inanmadım. Bir neçə ay əvvəl özüm mütəxəssis çağıraraq mənzilin sahəsini ölçdürdüm və acınacaqlı nəticə ortaya çıxdı. Mənzilin ümumi sahəsi müqavilədə mənə satılandan 8 kvadrat metr az idi”.

Həmkarımız məsələni hüquqi müstəvidə həll etmək istədiyini də bildirmişdi: “Artıq vəkillə danışmışam və müqaviləni təqdim etmişəm. Yaxın günlərdə məhkəmə iddiası qaldıracağıq”.

Qeyd edək ki, 2005-ci ildə təsis edilən “Akkord” Şirkətlər Qrupunun bu günədək başa çatmış infrastruktur layihələrinin ümumi dəyəri 1,7 milyard ABŞ dolları təşkil edir. Cari layihələrin ümumi dəyəri isə 1,9 milyard ABŞ dollarına bərabərdir.

Korporasiya Bakı şəhərində ümumi yaşayış sahəsi 775.000 kv.m. və qeyri-yaşayış sahəsi 56.000 kv. m. olan 10 yaşayış kompleksinin tikintisini həyata keçirib.

COMMENTS