Aktyorlar qayğısızlığın qurbanı olur?

Bu il Azərbaycan kino və teatr mədəniyyətində çoxlu sayda itkilər oldu.

Bir neçə xalq artisti, tanınmış aktyor və aktrisalar, o cümlədən xalq artisti İlham Əsgərov, Nuriyyə Əhmədova, əməkdar artist Əsgər Məmmədoğlu və digərləri dünyasını dəyişdi. Bəzən bu itkilər gözlənilməz və hansısa cüzi bir xəstəlik ucbatından baş verdiyindən cəmiyyətdə aktyorlarımıza yetərincə qayğı olmadığı barədə fikirlər formalaşmağa başlayıb. Təkliflər səslənir ki, aktyorlara qayğı məsələsi ilə bağlı qanun tətbiq edilsin, həmin qanunda aktyorların sağlamlıq, sosial müdafiəsini təmin edən müddəalar öz əksini tapsın.

Tanınmış aktyorların da əksəriyyəti az məvacib almasından şikayətlənir, məhz buna görə bir çox  gənc kadrların peşəkarlıq səviyyəsinin arzuolunmaz səviyyədə olduğunu bildirirlər. Mərhum xalq artisti, kino və teatr mədəniyyətinin incilərindən olan Yaşar Nuri bu mövzudan söz düşərkən demişdi:

“Yeni gələn gənc kadrlar 30 ilin aktyorunun maddi vəziyyətinə baxanda onların sənətə həvəsləri ölür. İstənilən sahənin inkişafı üçün əsas şərt maddiyyatdır. Əgər aktyora yaxşı pul verilməsə, ondan yalnız ilk aylarda yaxşı aktyor oyunu gözləmək olar. Sonra özü həvəsdən düşəcək, yalnız səhnədə oynamaq xatirinə rol göstərəcək”.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə isə ”Yeni Müsavat”a açıqlamasında bildirib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda aktyorlara kifayət qədər qayğı göstərilir:

“Mən bunu səmimi deyirəm. Bildiyiniz kimi, bu günlərdə Cahangir Novruzov babasının yubileyi ilə əlaqədar Bakıya gəlib. Azərbaycan Teatr Xadimləri İttifaqında  Cahangir Zeynalova həsr edilmiş bir elmi-praktik konfrans keçiriləndə Cahangir Novruzov dedi ki, “Azərbaycanda sənətkarlara göstərilən qayğını heç yerdə görməmişəm”.

Əgər aktyorlar problemlə rastlaşırlarsa teatrların həmkarlar ittifaqlarına müraciət etsinlər. Bilirəm ki, onlara prezident təqaüdləri və mükafatları, evlər, adlar verilir.

İnanıram ki, dövlətimiz tərəfindən digər müəyyən tədbirlər də görüləcək. İndi bütün dünyada iqtisadi krizislər yaşanır. Çalşmalıyıq ki, yaxşı münasibətimiz ilə bir-birimizi qoruyaq.

Allah xəstə olan sənətkarlarımıza şəfa, digər sənətkarlarımıza isə uzun ömür versin”.

Xalq artisti Bəsti Cəfərova da aktyorlara qarşı yetərincə diqqət, qayğı olduğunu deyib:

“Fikrimcə, kifayət qədər diqqət var. Qeyd edim ki, düyasını dəyişənlər də prezident təqaüdü, mükafatı alırdılar. Aktyorlarımızı bir-birinin ardınca itirməyimiz, məncə, maddi problemdən irəli gəlmir.

İndi vəziyyət bir qədər çətinləşib, dolların məzənnəsi qalxıb. Lakin bundan əvvəl heç də pis olmayan maaş, pensiya alırdılar.

Evsiz-eşiksiz, çöldə qalan aktyorumuz yoxdur. Hər halda mən bunu duymuram. İnsan bir qədər çalışsa özünə ev-eşik edə bilər. Bəzən 500 manat alanlar 5000-ə yaşamaq istəyir. Gərək ayağını yorğanına görə uzadasan.

Hazırda xalq artistlərinin, əməkdar artistlərin 90 faizi ev alıb. Mən də prezidentin hədiyyə etdiyi evdə yaşayıram, özüm pul verib almamışam. Mən də başqaları kimi ayda 500 manat prezident təqüdü alıram, o pulla məişət problemlərimi həll edir, qızımı oxuduram.

Heç bir yerə nə borcum, nə də kreditim var”.

Aktrisa bu günlərdə dünyasını dəyişən əməkdar artist Əsgər Məmmədoğlunun vəziyyətindən də söz açıb:

“Məgər o, səfalət içərisində dünyasını dəyişdi? Əlbəttə ki, yox. Özünə 3-4 otaqlı ev almışdı, sonra oğluna da ev almışdı. Vəziyyətindən həmişə razılıq edirdi.

O heç bilməzdi ki, onda xərçəng xəstəliyidir. Çünki özünü o qədər də pis hiss etmirdi. Hətta məşqləri olmayanda belə teatra gəlirdi, teatra bağlı adam idi”.

Tanınmış kino və teatr aktrisası, xalq artisti Həmidə Ömərova da ona göstərilən qayğıdan razılıq edib:

“Mən xalq artistiyəm və hər zaman diqqət mərkəzindəyəm. Mənə olan qayğı və diqqəti çox bəyənirəm. Həqiqətən də bu belədir”.

COMMENTS