Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərini başlatdı

Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərini başlatdı

Artıq xəbər verildiyi kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Möhtərəm dövlət başçımızın bu səfəri Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür.
Düşmən qoşunlarının Azərbaycan ərazisindən hələ ki, tam çıxarılmadığı bir vaxtda aydındır ki, erməni irticaçılarından hər cür təxribat gözləmək olar. Bununla belə, möhtərəm Prezidentimiz bütün mövcud riskləri gözə alaraq, öz xanımı ilə birlikdə möhtəşəm qələbəmizin sevincini bir daha azad olunmuş ərazilərdə öz xalqı ilə paylaşmaq üçün bu addımı atmışdır. Budur əsil iqtidar -xalq birliyi, budur Azərbaycan xalqının öz Prezidentinə, öz dövlətinə olan sonsuz sevgisinin səbəbi.
Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq Füzuli rayonundan Şuşaya aparan bu yolun inşasına start verilib. Çox qürurverici bir haldır ki, işğaldan azad edilmiş torpaqlarımızda icrasına başlanmış ilk layihə məhz Füzuli – Şuşa yolu olacaqdır. Bu yolun əlbəttə ki, müstəsna əhəmiyyəti vardır. Çünki Şuşa bizim göz bəbəyimiz, qürur mənbəyimizdir. Möhtərəm Prezidentimizin də Füzuli rayonunda sakinlərlə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.
Füzuli – Şuşa yolunun inşasına başlanması həm də Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun bir göstərisidir. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan ermənilər həmin ərazilərdə tək bir quruculuq işinə də imza atmamış, yalnız dağıtmaq, viran qoymaq və talan etməklə məşğul olmuşlar. Həmçinin Füzuli rayonuna gedən yolun ətrafında yerləşən kəndlərdə, bir vaxtlar həyat qaynayan bu ərazilərdə də öz dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar. Budur erməni xislətinin mahiyyəti. Lakin Azərbaycan xalqına bu xüsusiyyətlər yaddır. Azərbaycan yalnız quruculuq, sülh və əmin-amanlıq mücəssəməsidir. Budur, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra artıq cənab Ali Baş Komandanın ayaq basdığı yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri zamanı baş vermiş ən önəmli hadisələrdən biri də möhtərəm dövlət başçımızın Füzuli şəhərində, Xudafərin körpüsündə və Cəbrayıl şəhərində şanlı Azərbaycan bayrağını qaldırması oldu. Heç şübhəsiz, bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Bəli, Vətən torpaqlarının 30 ildən artıq davam edən işğalına son qoyuldu, Azərbaycan tarixi ədaləti bərpa etdi.
Eşq olsun Şanlı Azərbaycan Ordusuna! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Eşq olsun Azərbaycan xalqına!

Səttar Möhbalıyev,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

COMMENTS