Ali məktəblər yeni dərs ilinə necə hazırlaşır?

Artıq yeni dərs ilinin başlanılmasına bir aydan da az müddət qalıb. Bəs görəsən ali məktəblər yeni dərs ilinə necə hazırlıq görürlər? Universitetlərin tədris binalarında təmir-bərpa işləri aparılır? Hansı yeni texnologiyalar gətirilir?

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova: “Hər bir təhsil müəssisəsində olduğu kimi, BDU da yeni tədris ilinə hazırlaşır. Bizim hər il, o cümlədən də bu yay 4 korpusumuzun hamısında fakültələr üzrə təmirə ehtiyacı olan otaqlarda təmir-bərpa işləri aparılır. Eyni zamanda labaratoriyalarımız üçün, çatışmayan avadanlıqların alınması və yenilənməsi planlaşdırılır. Humanitar fakültələr də auditoriyanın tələb etdiyi avadanlıqlarla (lövhələr, proyektorlar) təmin ediləcək. Universitet yeni tədris ili başlayana qədər təmir-bərpa işlərini bitirməyi planlaşdırır”.

Azərbaycan Dövlət Neft Akademiyasının İnformasiya kommunikasiya texnologiyaları Mərkəzinin rəisi Osman Mirzəyev: “Yeni texnologiyaların alınması bizdə təkcə yeni tədris ili ilə əlaqəli deyil. Universitetimizdə həmişə yeni texnologiyalar alınır. Bütün kafedralarımız kompüterlərlə təmin olunub. Dərslər elektron formada, proyektorlar vasitəsi ilə keçirilir. Təmir işləri də hər il aparılır. Tədris ili bitdikdən sonra tətil müddətində təmir-bərpa işləri aparılır. Hər üç tədris korpusumuzda təmir işləri aparılır və yeni tədris ili başlayana qədər bitirməyi planlaşdırırıq”.

Bakı Slavyan Universitetinin rektorunun müşaviri Malik Kərimov: “Əsaslı təmir işləri aparılmır. Çünki buna ehtiyac yoxdur. Keçən il 2 nömrəli korpusumuzda əsaslı təmir işləri aparılıb. Əsas binamızda da təmir işləri aparılıb. Cari təmir işləri görülür. Auditoriyalarımız demək olar ki, yeni tədris ilinə tam hazır vəziyyətdədir. Yeni müasir texniki vasitələr mütəmadi olaraq alınır və dəyişdirilir”.

Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova: “Biz demək olar ki, yeni tədris ilinə hazırıq. Bütün binalarımızda elektrik işlərində, yeməkxanalarımızda ərzaqların alımı-verimi kimi kiçik dəyişikliklər olunub. Böyük təmir olmayıb. Bir yataqxanamız, ankoloji klinikamız təmirə bağlanıb. Qalan klinikalar, tədris binaları öz işindədirlər, yeni tədris ilinə hazırdırlar. Hələ ki heç bir problemimiz yoxdur. Hər şey öz axarında gedir. Tələbələrin qeydiyyat prosesi də demək olar ki, bitib. Hər fakültədən 2-3 nəfər qalıb. 2 nəfər 700 bal toplamış tələbəmiz var. Boş yerimiz qalmayıb. Bir-iki tələbə var ki, adı var, hələ ki özü gəlməyib”.

İqtisad Universitetinin mətbuat xidməti: “ Univeristetdə yeni dərs ili üçün smart lövhələr quraşdırılır. Bütün auditoriyalar multimedia avadanlıqları ilə təchiz olunub və zəruri təlim infrastrukturu yaradılıb. Universitetin tədris binaları yüksək sürətli internet şəbəkəsi ilə təmin edilib. Elektron kitabxanada yendənqurma işləri yekunlaşmaq üzrədir. ADİU-da quraşdırılan webinar auditoriyalarda xarici mütəxəssislərin online rejimdə mühazirələri, dərsləri təşkil olunacaq. Tələbələr bu auditoriyalarda müxtəlif video konfrans və forumlarda iştirak edə biləcəklər. Eləcə də, auditoriya fondunun daha optimal istifadəsi üçün dərs cədvəllərinin mərkəzləşdirilmiş qaydada tərtibatı nəzərdə tutulub. Bundan başqa, ADİU-nun aseu.az saytının yenilənməsi, informasiya portalı formatında fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir”.

COMMENTS