ALİMLƏRİMİZİN İTALİYAYA SƏFƏRİ HAQQINDA

Azərbaycan Milli Eləmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun “Geodinamika və Seysmologiya” şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov və AMEA Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev İtaliyada səfərdə olublar.

Səfərin məqsədi AMEA Geologiya və Geofizika İnstitutu ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR) arasında əməkdaşlıq müqaviləsi çərçivəsində beş ildən artıq aparılan tədqiqatların hesabatının verilməsi və gələcək tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsi olub. Həmçinin, əldə edilmiş nəticələr əsasında Thomson Reuters İmpakt Faktorlu “Physics A” jurnalına təqdim olunacaq məqalənin yekunlaşdırılmasına dair müzakirələr aparılıb.

CNR-in institut və müəssilərini ziyarət edən Azərbaycanlı alimlər italiyalı mütəxəssislər Luçiano Teleska və Miçelle Lovallo ilə görüşlər keçiriblər. Birgə həyata keçirilməsi nəzərdə tutulan gələcək layihənin Azərbaycanda texnogen və təbii təhlükəli proseslərə aid monitorinq nəticəsində əldə edilən parametrlərin fundamental təhlilinə və proqnoz məsələlərinə həsr edilməsi planlaşdırılıb.

AMEA Rəyasət Heyəti
Aparatının İctimaiyyətlə əlaqələr
və elmin populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS