Top.Mail.Ru

Alimpaşa Məmmədovun oğlu da narazılıq yaradır – GİLEY

Alimpaşa Məmmədovun oğlu da narazılıq yaradır – GİLEY

Şəmkir rayon sakini Şahmar Qurbanov “Azfarel” MMC-dən şikayətçidir. O, istehsalatda aldığı zədə nəticəsində qolunu itirdiyini və şirkətin onu protezlə təmin etmədiyini deyib. Şahmar Qurbanov deyir ki, 2017-ci ilin mayından 2018-ci ilin aprelin 2-nə qədər “Azfarel” MMC-də 1 il müqaviləsiz işləyib.

“MMC rəhbərliyi tikinti aparıldığını bəhanə edərək işçilərlə müqavilə imzalamırdı. Yalnız 2018-ci ilin aprelin 2-də bir illik əmək müqaviləsi bağlanıb. Elə həmin ilin noyabrın 19-da işdə qəza zamanı sol əlimin 90 faizi zədələnib və qeyri-işlək vəziyyətə düşüb. Bundan sonra 20 gün Gəncə 3 saylı xəstəxanasında müalicə olunmuşam”, – Şahmar Qurbanov deyib.

O bildirib ki, xəstəxanada olarkən MMC-nin direktoru Adil Məmmədov yanına gəlib və şikayət etməməsini xahiş edib. Direktor bildirib ki, təxminən 2 min manatlıq protez qoyacaqlar, şirkətdə də yüngül işlə təmin ediləcək. Amma xəstəxananı tərk edəndən sonra nə Adil Məmmədovun, nə də şirkətdə digərlərinin qəbuluna düşə bilməyib. Şahmar Qurbanov Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəmkir İdarəsinə, yerli prokurorluq və polisə şikayət etsə də, reaksiya verilmədiyini bildirib:

“Mənə açıq şəkildə deyirdilər ki, “Azfarel” MMC Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun oğlu Adil Məmmədovun obyektidir, ora girə bilmərik. Məcbur olub Heydər Əliyev Fonduna şikayət etdim, Nərgiz Paşayeva tərəfindən qəbul olundum”.

Şahmar Qurbanovun sözlərinə görə, bu görüş 2019-cu ilin ilk aylarında olub və işində dönüş bundan sonra baş verib.

“Nərgiz xanım hüquqşünasa tapşırıq verdikdən sonra əmək müqaviləmi əsas götürüb Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə tapşırıldı ki, bu şikayətin üstündə dayanın. Sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmiləri Şəmkirə gəlib araşdırmaya başladılar. Yalnız bundan bir gün sonra Şəmkurdə araşdırma başlanıldı. Çünki icra başçısı Alimpaşa Məmmədov bütün vasitələrlə əngəl yaradırdı.

Həmin araşdırmanın nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə İdarəsi qəza zamanı xəsarət almağımla bağlı akt təqdim etdi. Sonradan məlumat aldım ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Şəmkirdəki yerli idarəsinə etibar etmədiyi üçün mənim şikayətimi Gəncəyə göndəriblər”.

Nazirlikdən Şahmar Qurbanova təklif ediblər ki, iş yerindən sığortası olmadığı üçün məhkəməyə müraciət etsin:

“Səkkiz ay Şəmkir Rayon Məhkəməsində süründürdülər. Səbəb bəlli idi. İcra başçısı Alimpaşa Məmmədov bütün vasitələrlə prosesə müdaxilə edirdi. Nəhayət, hakim Nemət Paşayev bu ilin fevralın 20-də hökm çıxartdı ki, “Azfarel” MMC mənə 5 min manat mənəvi, 10 min manat da maddi zərər ödəsin, o cümlədən, pensiya yaşıma çatana qədər ayda 470 manat verilsin. Ancaq hakim Əmək Məcəlləsində göstərildiyi kimi, zərərçəkənin istəyinə uyğun olaraq protezlə təmin olunması tələbini təmin etmədi. Səbəb də o idi ki, mən hərəkətli protez istəyirdim, o da baha olduğundan vəsatətim qəbul olunmadı”.

Onun sözlərinə görə, bundan sonra “Azfarel” MMC Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib. “Azfarel” MMC, Dövlət Ekspertiza İdarəsinin yerli şöbəsinin arayışına baxmayaraq, onun yenidən ekspertizaya getməsini tələb edib.

“Gəncə Apelyasiya Məhkəməsində prokuror və köməkçi hakimlər yenidən ekspertizaya ehtiyac görmədiklərini söyləsələr də, hakim Salman Hüseynov qısa müşavirədən sonra qarşı tərəfin vəsatətin qəbul etdi. Mart ayından sənədlər ekspertizaya göndərilsə də, hələ cavab yoxdur. Güman ki, Dövlət Ekspertiza İdarəsində işi yubadırlar”.

Onun sözlərinə görə, indi isə Gəncə Apelyasiya Məhkəməsi prosesi uzadır:

“Məncə, yenə icra başçısı Alimpaşa Məmmədov oğlu Adil Məmmədovun şirkətinə qəyyumluğu sayəsində hazırkı mənzərə yaranıb”.

Şahmar Qurbanov karantin səbəbindən Heydər Əliyev Fonduna elektron müraciət edəcəyini bildirib.

Yaranmış situasiya ilə bağlı ekspert rəyi

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov:

“Əvvəla, “Azfarel” MMC Şahmar Qurbanovla əmək müqaviləsi imzalayanda, işçisini sığorta etməliydi. İkinci, işçi zədə alan kimi “Azfarel” MMC özü Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməli və bu qurumun rəsmiləri gəlib akt bağlamalıydı. Ancaq Şahmar Qurbanovun qarşılaşdığı mənzərədə sadaladıqlarımın heç biri olmayıb. Təəssüf ki, Azərbaycanda bu cür hallar çox olur, adamları aldadırlar ki, get evdə qal, yardım edəcəyik. Hətta istehsalatda ölən adamların yaxınlarına deyirlər ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmə, soruşsalar, küçədə olduğunu söylə. Şahmar Qurbanov da oxşar halla qarşılaşıb. Amma Heydər Əliyev Fonduna şikayətindən sonra Dövlət Əmək Müfəttişliyi Xidməti işə müdaxilə edib. İndi onun işi məhkəmədədir, proses uzana bilər. Güman ki, Ali Məhkəməyə qədər gedəcək. Bütün hallarda “Azfarel” MMC Şahmar Qurbanovla əmək müqaviləsi imzalayanda, onu sığortalamalıydı. Eyni zamanda, işçi zədə alan kimi Əmək Müfəttişliyi Xidmətinə müraciət ünvanlamalı, onlar da həkim komissiyası göndərib akt tərtib etməliydilər. Bunların heç biri olmadığından, “Azfarel” MMC məsuliyyət daşıyır. Son qərarı məhkəmə verəcək, iş hələ apelyasiyadadır, posesual baxımdan pozuntu yoxdur”.

DOSYE.ORG

COMMENTS