Alimpaşa Məmmədov hələ də Şəmkirin “icra başçısı”dır… – MƏMUR MƏSULİYYƏTSİZLİYİ

Alimpaşa Məmmədov hələ də Şəmkirin “icra başçısı”dır… – MƏMUR MƏSULİYYƏTSİZLİYİ

Alimpaşa Məmmədov hələ də Şəmkirin “icra başçısı
Bu günlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra qanunsuz əməllərə yol verdiyi müəyyən edilib.
Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət başçısının sərəncamı ilə Alimpaşa Məmmədov tutuduğu vəzifədən azad edilib.
Ancaq Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında Alimpaşa Məmmədov hələ də icra başçısı kimi təqdim olunur.
Bunu araşdırarkən daha bir fakt qarşımıza çıxdı. Xeyli vaxtdır rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Qüdrət Əliyev rəsmi saytda hələ də icra başçısının birinci müavini kimi təqdim olunur.
Bütün bunlar Alimpaşa Məmmədovun necə fəaliyyət göstərdiyindən xəbər verir. Başı korrupsiyaya, rüşvətxorluğa, dövlət əmlakını mənimsəməyə qarışan keçmiş başçı rayonu tamamilə unudubmuş. Görünən odur ki, indi icra hakimiyyətindəkilər də Alimpaşa Məmmədovun səhlənkarlıq və məsuliyyətsizlik yolunu davam etdirirlər.

COMMENTS