Allahşükür Paşazadənin rəhbərliyi ilə bayram namazı qılınıb

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.

 

APA-nın məlumatına görə, Əjdərbəy məscidində saat 8.00-da başlayan namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayevin, Təzəpir məscidində saat 9.00-da başlayan namaz isə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
Bayram namazının qılınmasından sonra A. Paşazadə jurnalistlərə açıqlamasında Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.
QMİ sədri xalqa rifah, əmin-amanlıq arzulayıb, Qarabağ torpaqlarının işğaldan azad olunması üçün dualar etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycanda dünən və bu gün Ramazan bayramı qeyd olunur.
İyunun 29-da başlayan Ramazan ayı başa çatır.
Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə iyulun 28-i və ya 29-na düşür. Azərbaycan hökumətinin qərarına əsasən, hər iki gün bayramdır.
Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

COMMENTS