Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən DOSYE.ORG-a verilən məlumata görə, təbrikdə şeyxülislam qədim və gözəl bahar bayramı, yeni günün və yenidən dirçəlişin timsalı olan Novruz münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-Taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür diləyib.

Qeyd edib ki, Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. “Qurani-Kərim”də bu dirçəlişin ilahi mənası: “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər.

A.Paşazadə təbrikində, həmçinin bildirib: “Builki Novruz həm də İslam dünyası üçün əziz olan on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən bizim üçün daha da dəyərli və əlamətdardır. Azərbaycan xalqı bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu – müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq – qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad edilir. Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən və prezidentliyinin yeni mərhələsinə qədəm qoyan dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik”.

Şeyxülislam, eyni zamanda, qeyd edib ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına, azad Qarabağa Böyük qayıdışımıza rəvac verir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür və bu uğurlu inkişaf yolunu təqdir edir. Dövlət rəhbərimizin milli-mənəvi dəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını tərənnüm edir. Bu gün Qarabağın işğaldan azad olmuş bütün məkanlarında, keçmiş separatçılıq yuvası Xankəndinin mərkəzində alovlanan Novruz tonqallarında bizə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk!

“Qələbə – daim dindarlarımızın, hər bir azərbaycanlının dualarında olmuşdur. Fəqət həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Azadlığı gələcək nəsillərə əmanət etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Novruz və Ramazan günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-Taaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq”, – deyə QMİ sədri vurğulayıb.

Şeyxülislam bildirib ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək, il Əjdaha bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 19-da, mübarək Novruz bayramı isə martın 20-də qeyd ediləcək. “Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükür duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram. Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlət rəhbərimizi böyük zəfərlərlə mükafatlandırsın, bayrağımızı hər zaman uca məqamlara qaldırsın, ordumuzu daima güclü və müzəffər etsin! Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun! Amin!”, – deyə o diqqətə çatdırıb.

COMMENTS