“Almaniya futbolundan faydalı olanı Azərbaycana gətirmək olar”

“Almaniya futbolundan faydalı olanı Azərbaycana gətirmək olar”

Artıq 3-cü gündür ki, AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Bakıda “Elit Klub Proqramı” (Elite Club Programme) təhsil həyata layihəsi keçirilir.

Layihədə Azərbaycanın klub rəsmiləri də iştirak edir. Təbdirdə AFFA-nı təmsil edən qurumun Klublar Komitəsinin koordinatoru Orxan Əhmədov QOL.az-a açıqlamasında seminar haqda məlumat verib.

O bildirib ki, seminarlar 3 moduldan ibarət olacaq. İndi Bakıda keçirilən tədbir onlardan birincisidir. AFFA rəsmisi əvvəlcə bu layihənin təşkil edilməsinin məqsədindən danışıb: “Bu seminar AFFA rəhbərliyinin təşəbbüsü ilə keçirilir. Klublar Komitəsi platformasında bu məsələ müzakirə olunurdu. Son 3-4 ayda qərara gəldik ki, AFFA belə bir seminarı UEFA ilə keçirsin. Müxtəlif modullar üzərində danışıqlar apardıq. Üç modul üzərində dayandıq. Birinci modul artıq iki gündür Bakıda keçirilir və bu gün bitəcək.

İkinci modulu dekabrda Almaniyada “Ayntraxt”ın bazasında keçirməyi planlaşdırırıq. Orada klubun infrastrukturu, akademiyanın yaradılması ilə yaxından tanışmaq olmaq olar. Bu, sırf futbol modulu olacaq. Üçüncü modulu isə gələn ilin fevral ayında Bakıda keçirməyi nəzərdə tuturuq”.

O.Əhmədov hazırda Bakıda keçirilən ilk modulda müzakirə olunan məsələlər haqda danışıb: “Bakı modulunda idarəetmə, yəni futbolun təşkili, idarəetmə strukturu, qaydaların tənzimlənməsi müzakirə olundu. Həmçinin liderlik, yəni liderlik üslubları, qərarvermə və problemin həlli bacarıqları, dəyişkən və yüksək stressli mühitdə idarəçilikdən söhbət açıldı. Bundan başqa, marketinq – brendin yaradılması və inkişaf etdirilməsi, sponsporluq, azarkeşlərin cəlb edilməsi, rəqəmsal marketinq müzakirə olundu. Biz də üzləşdiyimiz bəzi məsələlərlə bağlı UEFA-dan dəvət olunan 3 mütəxəssisə məlumat verdik. Onlar öz tövsiyələrini verdilər. Seminarda AFFA və PFL-dən sırf klublarla işləyən nümayəndələr iştirak edirdi. Əgər PFL və AFFA əməkdaşı klublarla sıx əlaqədədirsə, deməli, onların gündəlik üzləşdiyi bir nüanslarda daha yaxından tanışdılar. Klubların bu məsələyə öz baxışı varsa, PFL və biz də məsələ isə öz prizmamızdan yanaşırıq. Yəni çox maraqlı fikir mübadiləsi oldu. Bir məsələyə üç tərəfdən baxış, gələcəkdə məsələlərin həllinə, yaxud da daha yaxşı təcrübənin qazanılmasına yol açır”.

O.Əhmədov qeyd edib ki, bu seminara ilk növbədə Premyer Liqa klubları cəlb edilib: “Şükürlər olsun ki, 10 klubumuzun hamısından bu seminarda iştirak edən var. Klublarda müxtəlif vəzifəli şəxslər – klub prezidenti, icraçı direkor, akademiyaya cavabdeh olan şəxslər seminarda iştirak edir. Onlar bu seminardan özləri üçün də faydalana bilərlər. Çünki məsələn, marketinq direktoru üçün hansısa bir idman tərəfdən cavabdeh olan şəxsin fikrini dinləmək maraqlıdır. Çünki marketinq biliklərinə hər hansı bir idman biliklərini də əlavə edəndə bu, gələcəkdə müsbət dinamika gətirə bilər”.

O.Əhmədov Frankfurtda keçirləcək 2-ci modulla bağlı da məlumat verib. O qeyd edib ki, Almaniya futbolundan faydalı olanı Azərbaycana gətirmək olar: “Əsas “Aytraxt”ın texniki bazası, klubun və akademiyanın gündəlik işi və infrastrukturla tanış olacağıq. 

“Aytraxt” Bundesliqa klubudur, neçə ildir stabil nəticələr verirlər, bir neçə il əvvəl Avropa Liqasının finalında oynayıblar. Həm də Frankfurt elə bir yerdə yeləşir ki, nəinki Almaniyanın, Avropanın ən böyük biznes mərkəzlərindən biridir. Biz də gələcəkdə onlardan nələrisə öyrənə bilərik. Demirik ki, onlarda olan hər şeyi tətbiq edəcəyik. Çünki Almaniyanın futbol strukturu ilə bizimki arasında çox böyük bir fərq var. Amma bizə uyğun gələn hər hansı bir yeniliyi götürə bilərik. Sözsüz ki, alman modelini tamamilə Azərbaycanda tətbiq etmək olmaz. Çünki həm mentalitet, həm ölkənin yerləşməsi məsələsi var. Futbol coğrafiyamız fərqlidir. Onlar neçə ildir stabil olaraq Bundesliqada 18 komanda ilə çıxış edirlər. Amma bizim çempionatda 10 klub var. Bununla belə, bizə uyğun olanı etmək mümkündür.  

Məncə, birinci biz “Ayntraxt”da akademiyanın necə qurulması ilə tanış ola bilərik. İkincisi, stadiona azarkeşlərin cəlb edilməsi məsələsidir. Bilirsiniz ki, Almaniyada hər oyun tribunalar dolu olur. Çox nadir hallarda hansısa oyunda stadionda boş yerlər tapılır. Onlar buna birdən-birə nail olmayıblar. Bu, mərhələyə addım-addım gəliblər. Bizim onlardan daha çox öyrənməli olduğumuz məsələ odur ki, hansı addımları atıblar ki, futbol azarkeşlər üçün belə populyar olub. Bu mənada Almaniya futbolundakı 10 nümunədən 2-si bizə uyğun olsa, bəlkə də gələcəkdə stadiona daha çox azarkeşin cəlb edilməsi üçün bizə fayda verəcək. Bir misal çəkim. Növbəti seminarda bəlkə də, “Qəbələ” üçün infrastruktur məsələsi o qədər də maralı deyil. Çünki klubun bu sarıdan normal şəraiti var. Amma “Qəbələ”nin oradan öyrənəcəyi şey azarkeşlərin cəlb olunması ola bilər. Yaxud da “Turan Tovuz”da azarkeş məsələsinə ehtiyac olmasa da, akademiya baxımından nəsə öyrənməsi mümkündür. Yəni hər bir klubumuz özünə uyğun olandan faydalana bilər”.

Ramiq Ağaməmmədov

COMMENTS