Almaniyanın Daxili Kəşfiyyat Xidməti PYD və YPG-ni terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olduğunu təsbit edib.
“Report” xəbər verir ki, Konstitusiya Mühafizə Təşkilatının Almaniyanın Şlezviq-Qolşteyn əyalətindəki şöbəsinin internet saytı bu barədə 138 səhifəlik hesabat yayıb.
Sənəddə qeyd olunub ki, ölkədə fəaliyyət göstərən qanunsuz qrup və terror dəstələrinin 2017-ci ildəki vəziyyəti nəzarət altına alınıb. Hesabatda vurğulanıb ki, PYD terrorçu PKK ilə qardaş təşkilat, YPG isə bu terrorçu qruplaşmanın Suriyadakı qoludur.
Almaniya 1993-cü il dekabrın 22-dən PKK-nın ölkə ərazisində fəaliyyət göstərməsini qadağan edib. Rəsmi Berlin 2002-ci ildən isə PKK adını terrorçu təşkilatlar siyahısına salıb.
Hesabatda PKK-ya 3 səhifə yer ayrılıb. Sənədə əsasən, Almaniyada bu terrorçu qruplaşmanın 14500 təəssübkeşinin olduğu, bunların isə 700-ünün adı çəkilən əyalətdə yaşadıqları vurğulanıb.
Hesabatda əyalətdə ictimai birlik kimi fəaliyyət göstərən Almaniya Demokratik Kürd Cəmiyyətinin də məqsədinin terrorçu PKK ilə eyni olduğu diqqətə çatdırılıb.
Dosye.org
COMMENTS