Alternativ enerji sahəsində kəşflərimizi niyə xaricilərə “hədiyyə” edirik?

Alternativ enerji sahəsində kəşflərimizi niyə xaricilərə “hədiyyə” edirik?

Müəllif: Ceyhun Xəlilov

Azərbaycan cəmiyyətində ciddi dəyişikliklər baş verir. Artıq innovativ yanaşma baxış bucağından da dəyişikliklərin vacibliyi qaçılmazdır. Müasir dünyaya inteqrasiya yalnız hansısa konkret sahə üzrə deyil, bir-biri ilə əlaqəli şəkildə bütün texnoloji uğurların öyrənilməsi və onların düzgün mənimsənilməsi vasitəsilə yerli standartların yaranmasından keçir.

Yerli standartlar isə özümüzün hər hansı sahədə əldə etdiyimiz uğurların fonunda formalaşa bilər. Yəni,  söhbət yalnızca xaricdə mövcud olan müəyyən layihənin burada da tətbiqi zərurətindən getmir. Yerli standartlar formalaşdırılan zaman xarici təcrübə, qanunvericilik və onun işləmə mexanizmi öyrənilməlidir, lakin başqa yerdən gətirilmiş layihə burada eyni ilə tətbiq oluna bilməz. Bunu əsaslandıran səbəblərdən biri məkan və mühit amilidirsə, ikincisi yerli mütəxəssislərin olmaması və ya olanlardan düzgün istifadə edilməməsi faktorudur.

Ölkəmizə gətirilən bütün texnoloji yeniliklərin tətbiqi zamanı istehsalçı şirkət ən yaxşı halda öz üzərinə bir neçə işçini yeni avadanlıqdan istifadə qaydalarına öyrətmək üçün treninqlər təşkil etmək barədə öhdəliklər götürür. Yekunda isə verilən sertifikatlar avadanlıqların işinə nəzarət etməkdən başqa bir məqsəd daşımır. Qurğu və avadanlığı işlədə bilmək, onun təmirini və ya proqram təminatını həyata  keçirməyi bacarmaq demək deyil. “Mütəxəssislərin yetişdirilməsi” anlayışına avadanlığın istismarı zamanı yarana biləcək bütün çatışmazlıqların aradan qaldırılması bacarığı da daxildir, bunun üçün isə mütəxəssisə düzgün diaqnoz qoymağın, təhlil aparmağın, hətta ehtimal oluna biləcək problemlərin öhdəsindən gələ bilməyin yolları öyrədilməlidir.

Düşünməyə dəyməzmi ki, biz nəyin müqabilində və ya hansı şərtlər altında bu işləri görməyə cəhd edirik?! Qarşıya qoyulan vəzifələrə illik və ya rüblük plan kimi yanaşma dövrü artıq geridə qalmalıdır.

İnnovativ start-up layihələr çərçivəsində təşəbbüslər çox azdır. İT sahəsində bütün proqramçılarımız xarici QHT-lərin maliyyələşdirdiyi layihələrdə ya freelancer kimi və ya qrup şəklində iştirak etməklə inkişafa nail ola bilirlər. İnkişaf etmiş ölkələr süni intellekt sahəsində layihələrə qrant ayırmaqla yanaşı, yerli mütəxəssislərlə əməkdaşlıqda, onların birgə təşəbbüslərə cəlb edilməsində də  maraqlıdırlar. Bəs, belə şəraitdə adicə alternativ enerji ilə bərpa olunan enerji arasında fərqi anlamağa çətinlik çəkən bəzi rəhbər şəxslərimiz düşünmürlərmi ki, onların məsələyə yanaşma tərzi gənc nəslimizi hara aparır?!

Müasir dünyaya inteqrasiya müasir texnologiyalara uyğunlaşmaqdan keçir. Gənclərimiz əldə etdikləri nailiyyətləri xaricdə satmağa məcbur olur. İnkişaf üçün xaricə üz tutanlar çox vaxt geri qayıtmır. Bu isə sürətli beyin axınına gətirib çıxarır. Hazırkı dövrdə aktuallığı ilə seçilən alternativ və bərpa olunan enerji sahəsində kəşflərini realizə etmək üçün burada heç bir şərait olmaması səbəbindən gənc mütəxəssislər xarici laboratoriyalara müraciət edirlər. Nəticədə isə qiymətli ideyanın açıq şəkildə digər ölkəyə “hədiyyə olunması” baş verir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi prezident İlham Əliyevin 1 iyun 2012-ci il tarixli fərmanı ilə yaradılmışdı. Ona alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərmək, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək tapşırılmışdı. Lakin 2019-cu il 14 yanvar tarixində digər prezident fərmanı ilə bu qurum ləğv olunub. 2020-ci ildə isə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Agentlik yaradılıb. Bu dəyişikliklərin səbəbi bizim maraq sahəmizin xaricində  olduğu üçün sadəcə, cənab prezidentdən mövcud vəziyyəti nəzərə alıb, gənc innovatorlara dəstək naminə bizə köməklik etməsini xahiş edirik. Azərbaycanda yetəri qədər nüfuzlu elm adamlarımız vardır ki, bu işdə inkişaf konsepsiyasını düzgün təhlil edib, reallaşdırmaqda öz rəylərini və tövsiyələrini verə bilərlər.

Mənbə:pressklub.az

COMMENTS