AMEA- da elmin populyarlaşdırılması məsələləri müzakirə olunub

AMEA- da elmin populyarlaşdırılması məsələləri müzakirə olunub

mnb.jpg

Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda AMEA-nın prezidenti, akademik Akif Əlizadənin elmi müəssisələrin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə iştirakçıları salamlayıb, elmi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb. Akademik bildirib ki, AMEA-da əldə olunan elmi nəticələrin kütləvi informasiya vasitələri ilə ölkə və dünya ictimaiyyətinə çatdırılması müəssisənin əsas prioritetlərindən biridir. Bu, həmçinin elmimizin dünya elminə inteqrasiyasına, elmi nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.

Elmi jurnalistikanın xüsusi sahə olduğunu vurğulayan akademik bildirib ki, bu yöndə fəaliyyət göstərən jurnalistdən elmi intellekt səviyyəsinin yüksək olması tələb edilir. Akademik Akif Əlizadə qeyd edib ki, bu məqsədlə Akademiyanın Rəyasət Heyətində İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi, idarənin tərkibində isə Mətbuat orqanları, Elektron informasiya, ictimaiyyətlə əlaqələr və Elmi nailiyyətlərin təbliği şöbələri yaradılıb. Eyni zamanda əldə olunmuş elmi nəticələrə və innovativ nailiyyətlərə dair məlumatların populyar dildə cəmiyyətə ötürülməsini təmin etmək üçün AMEA-nın institut və təşkilatlarında İctimaiyyətlə əlaqələr üzrə məsul şəxslər təyin edilib. Nəticədə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlardan ibarət geniş şəbəkə yaradılıb, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə müntəzəm və operativ əlaqə sistemi qurulub.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək Akademiyanın bu istiqamətdəki siyasətindən və prioritetlərdən danışıb. Hazırda elektron informasiya əsrində yaşadığımızı bildirən akademik Rasim Əliquliyev respublikada heç bir məhdudiyyət qoyulmadan azad informasiya m​​əkanının formalaşdığını, hər kəsin informasiya əldə etmək azadlığının mövcud olduğunu qeyd edib.

AMEA-nın rəsmi veb-saytı olan www.science.gov.azın ölkənin elektron resursları arasında bütün standartlara cavab verən və böyük nüfuza malik saytı olduğunu söyləyən akademik-katib bu saytın təcrübəsi əsasında elmi müəssisələrin rəsmi veb-saytlarının da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. “Elm tv” internet televiziyasının bu ildən fəaliyyətə başladığını deyən akademik Rasim Əliquliyev bu veb-portalın da öz növbəsində elmin populyarlaşdırılmasına öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.

Müzakirələrlə keçən görüşdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev elmin təbliğinə, media ilə işin təşkilinə göstərdiyi diqqətə görə AMEA-nın prezidentinə öz təşəkkürünü bildirib, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Öz çıxışında müəssisələr üzrə məsul əməkdaşlara müraciət edərək onları, əsasən elmi nəticələr və institutların fəaliyyəti barədə informasiyaları daha geniş işıqlandırmağa çağırıb.

Tədbirdə AMEA Geologiya və Geofizika İnstitutunun məsul əməkdaşı Səid Hüseynov “Elmin kütləvi təbliği: müasir durum və inkişaf perspektivləri” adlı təqdimatla çıxış edib. Akademiyanın fəaliyyətinin, əldə etdiyi uğurların KİV-də yüksək səviyyədə təbliğ edildiyini nəzərə çatdıran çıxışçı elmin özünün də geniş təbliğinə ehtiyac duyulduğunu bildirib.

Sonda ayrı-ayrı institut və təşkilatların əməkdaşlarının təklifləri səsləndirilib və fikir mübadiləsi aparılıb.


AMEA Rəyasət  Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS