AMEA-da işləmək üçün bilik,savad, təcrübə, yoxsa “himayədar qohum”ların olmalıdır?

AMEA-da işləmək üçün bilik,savad, təcrübə, yoxsa “himayədar qohum”ların olmalıdır?

Möhtərəm Prezident cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradıldı, bu vəhdət gələcəkdə elmin və təhsilin inteqrasiyasına güclü təkan verəcək! AMEA-nın demək olar ki, fundamental elm ilə məşğul olan əksər institutları Nazirliyin nəzdinə verildi. Onlar qurtuldu… Soruşacaqsınız nədən? Son dövrlərdə AMEA-da baş verən qanun pozuntuları və biabırçılıqlardan, elm ocağı olaraq məhv edilməkdən…

Hazırda AMEA böyük islahatlar dövrünü yaşayır, lakin bu təşkilatda özbaşınalıq, anarxiya və qanun pozuntuları olduğu kimi davam edir. Kənar təsirlər nəticəsində AMEA-nı de-yuro və de-fakto idarə edənlər hələ də eyni şəxslər deyil. Baş verənlər onu göstərir ki, Ramiz Mehdiyev “getsə də”, onun komandasının əsas üzvləri hələ də AMEA-da qalır və bu qurumun məhvi yolunda bacardıqlarını edirlər.

AMEA Rəyasət Heyətinin bir neçə şöbəsi AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov tərəfindən 07 iyul 2022-ci il tarixli 13/1 nömrəli və 20 iyul 2022-ci il tarixli 376 nömrəli sərancamları ilə ləğv edildi. Həmin şöbələrin 50-dən artıq əməkdaşıi ixtisara düşdü, lakin onlardan bir neçəsi işlə təmin olundu, kimisi dərhal, kimlər isə qayğıkeş qohumları sayəsində bir qədər sonra. Keçək mətləbə…

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev get-hagetdə Natiq Mehdiyev adlı şəxsi Kadrlar şöbəsinin müdiri təyin etdi. Soyadlarının eyni olması yəqin ki, təsadüf idi. Yuxarıda qeyd olunan ixtisara düşən işçilərdən biri AMEA İşlər İdarəsinin Təmir tikinti şöbəsinin iş icraçısı Anar İlham oğlu Mehdiyev (yenə həmin soyad, amma bu dəfə təsadüfi deyil) birdən-birə vəzifəsi yüksəldilərək AMEA-nın Xüsusi şöbəsinə tam ştatla baş mütəxəssis vəzifəsinə təyin olundu. Təbii ki, dogma əmisi – AMEA Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyevin sayəsində.

Onu da qeyd edək ki, Natiq Mehdiyev AMEA Kadrlar şöbəsindən əvvəl Xüsusi şöbənin müdiri işləmişdi. Anar Mehdiyev eyni zamanda universitetlərdən birinin magistraturasında ƏYANİ təhsil alır! Axı, əyanı təhsil alan Anar İlham oğlu Mehdiyev necə olur ki, DTX-nın xüsusi şöbəsində tam ştatla işə götürülür? Görünür, Ramiz Mehdiyev öz kadrlarını lazımı yerlərdə və lazımı vəzifələrdə yerləşdirə bilib. Təəsüflər olsun ki, AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov dövlət maraqlarına deyil, mehdiyevçilərə xidmət edir.

Qardaşı oğlunu işlə təmin etmək üçün AMEA Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyev eyni zamanda bir neçə qanun pozuntusuna yol verib, AMEA-da işə qəbul dayandırılsa da, ixtisar olunmuş kadrı və eyni zamanda əyani magistraturada təhsil alan magistrantı əvvəlki vəzifəsindən daha yüksək vəzifəyə tam ştatla işə götürür. Yəgin ki, ixtisar olunan 50 nəfərin arasında bilik və təcrübə baxımından Anar Mehdiyevdən daha təcrübəli, bilikli kadrlar var, amma nə yazıq ki, onların himayədar əmisi, “daydayı” yoxdur.

Yaxşı, deyək ki, əminin ürəyi dözməyib, qardaşı balasına kömək edib, bəs müvəqqəti də olsa, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun da mərhəməti hər kəsə qarşı eynidirmi? Son zamanlar AMEA-da baş verən grup şəklində sabotajlar haqqında, AMEA Təhsil şöbəsinin “elmlər doktoru” olmayan müdiri Ələddin Məlikovun özünü “fəlsəfə elmləri doktoru” kimi qələmə verərək, rəsmi sənədləri imzalamaqla vəzifə səlahiyyətlərini aşması və bununla da sənədləri saxtalaşdırması haqqında xəbər saytlarında çoxsaylı yazılar getmişdi, hətta bu məsələ ilə bağlı hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır, bu da təəcüblü deyil, çünki AMEA rəhbərliyi idarəetməni düzğün aparsaydı, bu biabırçılıqlara yol verilməzdi. Və yaxud özü bakalavr olan Aynur Məhərrəmovanın AMEA-nın magistraturasında dərs deməyi və magistrlərin məzun günündə onlara nəsihət verərək yola salması… bəlkə onlara da kimlərsə “əmilik” edir deyə AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov bunların qarşısını almır?!!

Bu ğün A.Həşimov AMEA-nın yeni Nizamnaməsi üzrə tərtibat işləri aparır. Yəqin ki, bu qanunsuzluqları “qanuniləşdirmək” üçün yeni Nizamnamədə müvafiq maddələr nəzərdə tutular… Müvafiq elmi dərəcəsi olmayan özünü “elmlər doktoru” kimi qələımə verə bilər və dövlətin pulunu qanunsuz mənimsəyərək “elmlər doktoru” üzrə məvacib alar, “vəzifəli əmisi” olan isə işsiz qalmaz, bakalavr olan magistrantlara dərs deyər, axı bura AMEA-dır…

AMEA-nın rəhbəri Arif Həşimova xatırlatmaq istərdik ki, Azərbaycan Milli Elmlər Akademiyası kiminsə şəxsi təşkilatı deyil, “kiminlə istəyirəm işləyirəm, kimi istəyirəm DİM-dən kənar doktoranturaya qəbul edirəm, kimə istəyirəm dərs demək hüququnu verirəm, kimsə əzizimizdirsə işləməlidir, amma kimsə düz işləyir, qanunu əsas götürür, qanun pozuntularına yol vermir, buna görə də o bizə xoş deyil və işdən getməlidir” tezisi idarəçilikdə əsas ola bilməz!

Ümüdvarıq ki, bu məsələ ilə müvafiq orqanlar, xüsusilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məşqul olacaqlar, AMEA-da heç olmasa bu sahədə qanun pozuntularına görə tədbir görülüb ölçü götürüləcək. Araşdırmalar davam edir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq…

DOSYE.ORG

 

COMMENTS