Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə 75 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Şahbaz Muradova və 70 illik yubileyi münasibətilə tarix üzrə elmlər doktoru Maisə Rəhimovaya AMEA-nın Fəxri Fərmanını təqdim edib.
Sonra tədbirdə AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” adlı məruzə ilə çıxış edib. Alim bildirib ki, Sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi zamanı əsasən hakim ideologiyanın insan cəmiyyətinin inkişaf mərhələləri haqqındakı siyasi-tarixi baxışlarına istinad edilib. XX əsr ədəbiyyatşünaslıq elmində Azərbaycan ədəbiyyatının 6 mərhələdən ibarət olan dövrləşdirilməsi müəyyən edilib. Lakin təklif olunan konsepsiyada isə çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin dövrləri yenidən müəyyənləşdirilib. Burada sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar və Azərbaycançılıq məfkurəsi kimi prinsiplər nəzərə alınıb.
Məruzədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 10 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib.
Məruzə dinlənildikdən sonra geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib.
İclasda humanitar və ictimai elmlərə dair orta və ali məktəb dərsliklərinin hazırlanmasında akademik İsa Həbibbəylinin təklif etdiyi dövrləşdirilmə konsepsiyasından istifadənin nəzərə alınması barədə qərar təsdiq edilib. Həmçinin AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin yazılmasında yeni konsepsiyaya istinad edilməsi, bundan əlavə “Azərbaycan tarixi”, “Azərbaycan incəsənəti tarixi”, “Azərbaycan fəlsəfə tarixi” və bu qəbildən olan başqa çoxcildliklərin hazırlanmasında vahid konsepsiyanın müəyyənləşdirilməsi barədə qərar qəbul olunub.
Növbəti məsələ AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının yeni tərkibinin təsdiq edilməsi barədə olub. Həmçinin İqtisadiyyat İnstitutunun Elmi şurasının tərkibində də dəyişikliklər edilib.
Tədbirin davamında AMEA alimlərinin yubileyləri ilə əlaqədar həyata keçirələcək tədbirlər müzakirə olunub. AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun Azərbaycan helmintologiya elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 50 illiyi ilə münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması barədə qərar qəbul edilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Akademik Mikayıl Useynovun 110 illik yubileyinin keçirilməsi haqqında” Tədbirlər Planı müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə təsdiq olunub. Sənədin icrasından irəli gələn məsələlərin həll edilməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib.
İclasda AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 80 illik yubileyi münasibətilə alimin xatirəsinə həsr olunan Elmi sessiyanın keçirilməsi, “Seçilmiş əsərləri”nin 5 cilddə hazırlanaraq nəşr edilməsi, alimə həsr olunmuş məqalələr və xatirələr toplusunun, onun əsərlərinin biblioqrafik göstəricisinin hazırlanaraq nəşr olunması, ədəbi prosesə həsr edilmiş tədqiqatların stimullaşdırılması məqsədilə tənqid və ədəbi proses üzrə “Yaşar Qarayev mükafatı”nın təsis edilməsi və mükafatın hər il “Ədəbi proses” yaradıcılıq müşavirəsində təqdim edilməsi, eləcə də Yaşar Qarayevin adının əbədiləşdirilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
Tədbirdə AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Ərtegin Salamzadənin Azərbaycan sənətşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 50 illik yubileyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması qərara alınıb.
Daha sonra iclasda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şəhərsalma sahəsində elmi tədqiqat işlərinin yeni tələblərə uyğunlaşdırılması zərurətini nəzərə alaraq elmi təşkilatın struktur tərkibində dəyişikliklər edilib. Qərarla institutun bəzi şöbələrinin adları dəyişdirilib. Onların yeni əsasnamələrinin bir ay müddətinə müvafiq qaydaya uyğun hazırlanması barədə tapşırıq verilib.
İclasın sonunda bir sıra kadr məsələləri müzakirə edilib. Rəyasət Heyətinin qərarı ilə Nərgiz Əliyarlı AMEA Rəyasət Heyəti aparatının Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəhbərinin müavini vəzifəsinə təyin edilib. Bundan başqa filologiya elmləri doktorları Məmməd Əliyev və Məhərrəm Qasımlı AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavinləri, filologiya elmləri doktoru Xatirə Bəşirli AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, Sədaqət Hüseynova muzeyşünaslıq və fond işi üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva isə həmin elmi təşkilatın elmi katibi vəzifələrinə təyin ediliblər. Həmçinin AMEA-nın müxbir üzvü Şahin Mustafayev AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.
AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsi
COMMENTS