Bakıdakı Mərkəzi Nəbatat Bağı son vaxtlar mətbuatın həddən artıq diqqət mərkəzinə çevrilmiş və mətbuatda vaxtaşırı bir-birinə tamamilə əks olan fikirlər dərc olunur. Lakin Bağın əməkdaşları həm bəzi jurnalistlərin “həmləsinə”, həm də onların ifrat diqqətinə fədakarcasına müqavimət göstərirlər.
Belə ki, hələ 2014-cü ilin oktyabr ayında internet saytların birində “Botanika Bağı- meqapolisin qəlbində bir udum saf hava” adlı son dərəcə gözəl reportaj dərc olunmuşdur. Reportajda təbiətin bu canlı muzeyində nadir bitkilərin genofondunun qorunub saxlanması ilə məşğul olan alimlərin əməyinə yüksək qiymət verilmiş, maraqlı ekspozisiyalar, unikal mikroiqlim və respublikanın həqiqi sərvəti olan bu Milli Qoruğun təkrarolunmazlığı qeyd edilmişdir. Lakin bu yaxınlarda müxalif media orqanlarında Bağın inkişafının bütün müsbət tendensiyalarına kökündən zidd olan və böhtanlarla dolu “Bakının “Nəbatat Bağı” müəmmalı şəkildə məhv edilir” adlı məqalə dərc olunmuşdur. Qərəzli yanaşmanın sərgilənmiş olduğu məqalə, fikrimcə, Nəbatat Bağı haqqında reallığı əks etdirmir.
Sözügedən Bağ haqqında həqiqət əslində nədən ibarətdir?
Mərkəzi Nəbatat Bağının müasir vəziyyətinə obyektiv qiymət vermək məqsədilə bəzi faktlara müraciət edək və perspektivlərə nəzər salaq.
Hələ keçən əsrin 30-cu illərində naturalistlər ölkəmizin florasını fəal surətdə tədqiq etməyə başlamışlar. İlk botaniki ekspedisiyaların və tədqiqatların nəticələri 1934-1935-ci illərdə Bakı şəhərinin mərkəzində Botanika Bağının canlı kolleksiyasının təməlini qoymağa təkan verdi. Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının inşasının unikal layihəsi keçmiş SSRİ EA-nın Azərbaycan Filialının işçiləri və Qafqaz florasının görkəmli tədqiqatçısı, akademik A.A.Qrossheym başda olmaqla, alimlər tərəfindən işlənib hazırlanmışdır.
Azərbaycan florası 4500 növdən artıq ali bitkilərdən ibarət fantastik zəngin biomüxtəlifliyə malikdir ki, hazırkı dövrdə onların hər onundan biri təbiətdən yox olmaq təhlükəsindədir. Mərkəzi Nəbatat Bağında bu nadir və endem bitki növlərinin introduksiyası və mühafizəsi elmi işçilərin əsas vəzifələrindən biridir. “Qırmızı kitab”a salınmış belə bitki növləri burada 120-yə qədərdir. Bağın digər mühüm vəzifəsi Abşeronun landşaft və iqlim şəraitinə tropik və subtropik bitkilərin introduksiyası və uyğunlaşması ilə əlaqədardır. Yaxın vaxtlarda inşa olunmuş böyük oranjereya aktiv şəkildə bitkilərlə zənginləşdirilir. Bu yaxınlarda burada ekzotik növlər nümayiş etdiriləcəkdir. Yay aylarında su çatışmazlığı problemi kolleksiyanın saxlanmasında müəyyən çətinliklər yaradır. Belə ekstremal şəraitdə bitkilərin yaşama qabiliyyətlərini nə dərəcədə saxlamaları haqqında fikir yürütmək çox çətindir. Lakin alimlər nikbindirlər və Bağın inkişaf etdirilməsi üçün Dövlətin diqqətinin müsbət tendensiyası göz qabağındadır.
2015-ci ilin may ayında Mərkəzi Nəbatat Bağının tarixində ilk dəfə olaraq güllər şahzadəsi sayılan qızılgülün möhtəşəm sərgisi keçirilmişdir. Bağın zəngin növ və sort müxtəlifliyinə malik qızılgül kolleksiyasının haqlı olaraq Qafqazın ən böyük qızılgül kolleksiyalarından hesab olunması heç də təsadüfü deyil. Sərgini ziyarət edən çoxsaylı qonaqlar arasında Yaponiyanın Azərbaycandakı səfiri, cənab Tsuquo Takahaşi təqdim olunmuş sərgini yüksək qiymətləndirmişdir.
Qeyd edim ki, Bağın əsaslı şəkildə yenilənməsi və yenidənqurulması gözlənilir. Çünki, həm də elmi-tədqiqat müəssisəsi olan Mərkəzi Nəbatat Bağının mövcudluğu hər bir millətin simasıdır. Hazırda Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının alimlərinin məqsədi açıq səma altındakı bu elmi, mədəni-maarif mərkəzinin vacib komponentlərini mühafizə etmək və artırmaqdan ibarətdir.
Əlbəttə, Mərkəzi Nəbatat Bağı təkcə canlı kolleksiya deyil, həm də 600 min nüsxədən ibarət unikal herbari kolleksiyasıdır ki, onların arasında ilk dəfə olaraq bizim ölkəmizin ərazisində aşkar olunmuş və dünya Botanika ictimaiyyəti üçün böyük maraq doğuran tip nümunələri də vardır. ABŞ-ın Bitkilər üzrə Qlobal Təşəbbüs Fondu (GPİ) Botanika İnstitutunun Herbarisində saxlanılan nümunələrinin rəqəmsallaşdırılması, herbari məlumatlarının hazırlanması və dünya onlayn xəzinəsinə – məlumat bazasına daxil edilməsi məqsədilə alimlərə qrant təsis etmişdir.
Təəssüflər olsun ki, 2014-cü ildə Mərkəzi Nəbatat Bağının ərazisində Botanika muzeyinin yaradılması haqqında bir çoxlarının məlumatı yoxdur. Botanika Muzeyində ilk ekspozisiya Talış dağlarının unikal relikt bitkilərinə həsr olunmuşdur. İsveçrənin Friburq Təbiət-Tarixi Muzeyi, AMEA Botanika İnstitutu və qabaqcıl Avropa dizayner kompaniyasının müştərək işi olan sərgi, müasir interaktiv elementlər və yaraşıqlı innovativ maarifləndirici bazanı özündə cəmləşdirir. Bu sərginin açılışı Avropa ölkələrinin səfirliklərinin böyük marağına səbəb olmuş, mərasimdə İsveçrə, Avstriya və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri də iştirak etmişdir. Almaniyanın paytaxtı Berlin şəhərinin Botanika Bağı və Botanika Muzeyində Qafqaz florasına həsr olunmuş sərginin açılışında və təşkilində bizim botaniklər də yaxından iştirak etmişlər.
2015-ci ilin iyun ayında İsveçrədə keçirilən Ümumdünya relikt bitkilərinə həsr olunmuş sərginin üçdə bir hissəsi Azərbaycana həsr olunmuşdur. Ölkəmizin İsveçrədəki səfiri və İsveçrənin Təhsil naziri sərginin açılışında iştirak etmiş, belə tədbirlərin beynəlxalq əməkdaşlığın inkişafı, ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə məqsədi üçün vacibliyini qeyd etmişlər.
Dünyanın ən iri Botanika Bağlarından olan İngiltərənin Kral Kyü Botanika Bağının Minillik Toxum Bankının dəstəyi ilə AMEA-nın Botanika İnstitutu və Nəbatat Bağında yaradılmış endem bitkilərin toxum bazası nadir və nəsli kəsilməkdə olan növlərin qorunmasının digər mühüm və uğurlu formasıdır.
Belə faktlar çoxdur. Onlar bu gün bizim nəbatatçılarımızın fəxr edə biləcəyi yüksək elmi potensial və təcrübənin bariz nümunələridir.
Bununla yanaşı, hələ 2000-ci ilin may ayında Bakı şəhərini Böyük Britaniya Krallığının gülçülük cəmiyyətinin nümayəndələrinin bir qrup həvəskar gülçüləri ziyarət etmişlər. Onlar şəhərin dağlıq hissəsində yerləşən Mərkəzi Nəbatat Bağındakı bitki növlərinin ceşid zənginliyinə heyran qalmış, sonralar Londonda bu cəmiyyətin populyar jurnalında bitkilərin növ müxtəlifliyindən ibarət heyrətamiz guşə – Azərbaycan paytaxtının mərkəzindən çox uzaqda olmayan və çoxsaylı şamlıqlar arasında itib-batan oazis haqqında məqalə dərc olunmuşdur.
Məqalə müəllifləri Avropanın Botanika bağlarını bizim Mərkəzi Nəbatat Bağında seyr etdikləri rənglərin təbii rəngarəngliyi və forması ilə müqayisə etmişlər. Gülçülər tərəfindən çəkilmiş oranjeleyanın damı və şüşələrini dəlib keçən 4 metrlik limon ağacı, bir-birinə sarılmış ağaclar, qeyri-adı qızılgül növləri və digər fotoşəkillər insanı heyran edir.
Avropa gülçülərinin təəccübünə səbəb olanlar bizim alimlər üçün reallıq idi. Məlumdur ki, ötən 15 il ərzində həm Mərkəzi Nəbatat Bağının, həm də çiçəklənən vətənimizin simasında çox dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərə son illərin prizmasından nəzər salınsa, inkişaf göz önündədir.
Mərkəzi Nəbatat Bağını və Muzeyi ziyarət edənlərin, xarici ölkələrdən olan qonaqların qeydiyyat kitabında yazdıqları ürək sözləri nəbatatçı alimlərimizi öz fəaliyyətlərində daha da ruhlandırır və Azərbaycanın bu unikal bitki müxtəlifliyinin qorunması üçün yeni yollar axtarmağa ilham verir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət
Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
COMMENTS