AMEA-nın 70 illik yubleyi münasibətilə mətbuat konfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin AMEA-nın 70 illik yubileyinə həsr olunan mətbuat konfransı keçirilib.

Akademiya prezidenti tədbiri açaraq qonaqları və media nümayəndələrini salamlayıb. Tədbirdə KİV nümayəndələrinə yubiley ərəfəsində görülən işlər və Akademiyada həyata keçirilən layihələr haqqında məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 14 mart 2014-cü il tarixli Sərəncamını xatırladan AMEA rəhbəri qeyd edib ki, ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Akademiyanın müstəsna rolu var.  Akademiya yarandığı vaxtdan mühüm nailiyyətlər qazanıb, elmi məktəblərin qurulmasına müvəffəq olub, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya edib. AMEA prezidenti vurğulayıb ki, Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir.

Akademik Akif Əlizadə bildirib ki, 100 ildə xalqımızın keçdiyi tarixi inkişaf yolunda Elmlər Akademiyasının yara­dılması mühüm yer tutur. AMEA-nın yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar bir hadisədir. 70 il bundan əvvəl xalqımızın elmi və ictimai fikir tari­xində əvəzsiz xidmət göstərmiş ilk təsisçilərin təməl daşını qoy­duğu Akademiya bu gün də fəaliyyət göstər­məkdə, respubli­kamızın sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında yaxından iştirak etməkdədir.

AMEA rəhbəri qeyd edib ki, dövlət başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olun­muş Tədbirlər planı” təsdiq olunub. Bu müddət ərzində 70 illik yubileyə hazırlıq işləri ilə məşğul olan Təşkilat komitəsi tərəfindən AMEA-nın 70 illik yubiley tədbirləri ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilib.

Sonra akademik yubiley tədbiri ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, Rəyasət Heyətinin qərarı ilə Akademiyanın yarandığı vaxtdan bu günə qədər həqiqi, müxbir və fəxri üzvləri olmuş alimlərin geniş elmi tərcümeyi-halını əks etdirən “Akademiya simalarda” adlı kitab nəşr olunub. Yubiley ərəfəsində işıq üzü görən və geniş oxucu auditoriyasının diqqətini cəlb edən bu kitab elmi ictimaiyyətə böyük töhfə kimi olduqca əhəmiyyətlidir. Akademik vurğulayıb ki, bu kitabın hər səhifəsindən həyatını və ömrünü elmi yaradıcılığa sərf etmiş görkəmli bir alimin nurlu siması canlanmaqdadır. Onlar qədim və zəngin elmi irsimizin möhkəm bünövrəsi üzərində ucalan elm məbədinin – Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması və inkişafında əvəzsiz xidmətləri olmuş böyük alimlərdir. Akademik Akif Əlizadə bildirib ki, kitabda 450-yə yaxın alimin hər biri haqqında bir səhifəlik tərcümeyi-hal fotoları ilə birgə oxucu auditoriyasına təqdim olunur. Eyni zamanda kitabın ilk səhifələrində “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əks olunub.

Digər nəşrlərdən də danışan akademik əlavə edib ki, yubiley münasibətilə “AMEA-nın prezidentləri”, “Azərbaycan Milli Elmlər Akademiyası – 70” kitabları, “AMEA-nın təsisçiləri” adlı 15 cildlik kitab, həmçinin, Akademiyanın təsisçiləri haqqında bioqrafik məlumatı əks etdirən kitab, AMEA haqqında bələdçi kitabı və bukletlər, AMEA-nın bəzi elmi-populyar jurnallarının yubileyə həsr olunmuş xüsusi nömrələri də nəşr olunub. Akademik həmçinin yubileyə həsr olunmuş poçt markası və zərfin də hazırlandığını diqqətə çatdırıb.

Akademik AMEA-nın 70 illik yubileyi ilə əlaqədar sənədli film çəkildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, “Azərbaycanın elm məbədi” adlı filmdə AMEA-nın ayrı-ayrı tarixi inkişaf mərhələlərində Akademiyaya dövlət qayğısından, görkəmli simaların xidmətlərindən, Azərbaycan cəmiyyətindəki yeri və mövqeyindən geniş bəhs olunur. “Salnamə” studiyasında çəkilmiş filmin ssenari müəllifi və yaradıcı heyətin rəhbəri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ayaz Salayevdir.

Tədbirdə akademik Akif Əlizadə yubiley ərəfəsində həyata keçirilən mühüm tədbirlərdən biri kimi AMEA-nın 70 illik yubileyi münasibətilə təsis olunan medaldan danışıb. Bildirib ki, medal Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb. Yubiley medalının ön tərəfində AMEA-nın Rəyasət Heyətinin binası təsvir edilib, “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri yazılıb, arxa tərəfində isə “70” rəqəmi həkk olunub.

Mətbuat konfransında qeyd edilib ki, yubileylə əlaqədar sosial çarx hazırlanaraq televiziya kanallarının efirində yayımlanır. Yubileyə həsr olunan, o cümlədən AMEA-nın fəaliyyət istiqamətləri, elmə verdiyi töhfələr, son illər qazandığı uğur və əldə etdiyi nailiyyətlərdən bəhs edən sosial çarx, həmçinin şəhərin mərkəzi küçələrindəki iri monitorlarda nümayiş olunur.

Akademiyanın prezidenti 70 illik yubileylə əlaqədar AMEA əməkdaşlarının mükafatlandırılmasından da danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən AMEA-da uzun müddət səmərəli fəaliyyət göstərmiş, elmin inkişafında xüsusi xidmətləri olan bir qrup əməkdaşın “Şərəf” və “Şöhrət” ordenləri, həmçinin “Tərəqqi” medalı, “Əməkdar elm xadimi”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar mühəndis” fəxri adları və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncamlar imzalandığını qeyd edib.. Akademik bəzi əməkdaşların AMEA-nın “Fəxri Fəxmanı” ilə də mükafatlandırılacağını diqqətə çatdırıb.

Akademik AMEA-nın institut və təşkilatlarının 70 illik yubiley ərəfəsində həyata keçirdiyi tədbirlərdən də danışıb. Bildirib ki,  institut və təşkilatların tarixinə və fəaliyyətinə dair 3 dildə buklet, yubileyə həsr olunmuş video çarx və AMEA-nın yubiley nəşrləri üçün müəssisələrin ən mühüm elmi nəticələri barədə materiallar hazırlanıb. Yubiley ilə bağlı AMEA-nın institut və təşkilatlarının nailiyyətləri, əsas elmi istiqamətləri, fundamental tədqiqatları, qrantları, bu müəssisələrin mükafat və təltiflərə layiq görülmüş əməkdaşları haqqında televiziya verilişləri hazırlanır, qazetlərdə məqalələr çap olunur. İnstitut və təşkilatlar tərəfindən yubiley ərəfəsində beynəlxalq və respublika elmi-praktiki konfrans və yubileyə həsr olunmuş müsabiqələrin keçirildiyini diqqətə çatdırıb.

Mətbuat konfransında Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının AMEA-nın 70 illik yubileyi çərçivəsində gördüyü işlərdən də bəhs olunub. Bildirilib ki, yubileyə həsr olunmuş “Akademik Elm həftəliyi – 2015” beynəlxalq multidisiplinar forum ölkə həyatında mühüm hadisə kimi yadda qalıb. Akademik qeyd edib ki, forum digər ənənəvi tədbirlərdən fərqli şəkildə keçirilib. Tədbir çərçivəsində Akademiyada ilk dəfə olaraq interaktiv müzakirələr təşkil olunub. Məqsəd respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirliklər, elmin inkişafına dəstək verən fondlar, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirmək, onlarla müştərək, faydalı əməkdaşlığa nail olmaqdır. Müzakirə üçün olduqca aktual olan “Akademik startaplar: nəyi nailiyyət hesab edək?”, “Elmin inkişafında mövcud fondların rolu” və “İnnovativ ideyalar və perspektivlər” kimi mövzular müzakirəyə çıxarılıb. Akademik Akif Əlizadə bildirib ki, forum çərçivəsində xüsusi əhəmiyyət kəsb edən multidisiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskussiyalarda fəal iştirakını təmin etmək məqsədilə beynəlxalq konfrans keçirilib. Konfransda 22 ölkədən dəvət olunmuş 300-ə yaxın  gənc alim və mütəxəssis iştirak edib.

Sonda akademik Akif Əlizadə media nümayəndələrinin suallarını cavablandırıb.

AMEA Rəyasət  Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS