AMEA-nın İDARƏETMƏ SİSTEMLƏRİ İNSTİTUTUNUN 50 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, institutun yaranması tarixini 1952-ci ilin mayından – Azərbaycan Elmlər Akademiyasındakı Neft ekspediyası nəzdində Elektromodelləşdirmə laboratoriyasının yaradıldığı vaxtdan hesablamaq olar. Bu laboratoriyada Azərbaycanda neftçıxarma proseslərinin modelləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini nəzərə alaraq Sovet Respublikaları arasında Ukraynadan sonra ikinci olaraq akademik Yusif Məmmədliyinin təşəbbüsi ilə Hesablama Mərkəzinin yaradılması qərara alınıb. 1965-ci ilin mayında isə sözügedən mərkəz Kibernetika İnstitutu statusunu alıb.
Akademik qeyd edib ki, bu gün İdarəetmə Sistemləri İnstitutunun mövcudluğu, Heydər Əliyevin adı ilə bağlıdır. Yalnız 90-cı illərin ağır dövrlərində onun elmimizə qayğısı Akademiyanı, o cümlədən, bu institutu, onun alimlərini, əməkdaşlarını çətin bir vəziyyətdən xilas edib. Hələ illər öncə Ulu öndərin bu istiqamətə qayğısı nəticəsində, xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə 1971-ci ildə Kibernetika İnstitutunun nəzdində təsərrüfat hesablı “Avtomatlaşdırılmış İdarəetmə sistemləri” şöbəsi yaradılıb, 1982-ci ilin martında bu şöbə müstəqil təşkilata, 2002-ci ildə isə İnformasiya Texnologiyası İnstitutuna çevrilib. Vurğulanıb ki, məhz Kibernetika İnstitutu 1977-1981-ci illərdə “Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin yaradılması üzrə baş təşkilat təyin olunub və akademik İsmayıl İbrahimovun rəhbərliyi altında bu sahədə mühüm işlər görülüb.
AMEA rəhbəri institutun elmi və elmi-təşkilati fəaliyyətində ciddi dəyişikliklərin Azərbaycanın müstəqillik qazanması ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, elmimizin dünya elmi mühitinə inteqrasiyası zərurətinin nəticəsi kimi, İdarəetmə Sistemləri İnstitutu müasir elmin aktual istiqamətlərini əhatə etmək məqsədilə müxtəlif problemlər üzrə öz fəaliyyətini genişləndirməkdədir. İnstitutun fəaliyyətini ölkəmizin inkişaf konsepsiyasına və yeni prioritet elmi istiqamətlərə uyğunlaşdırmaq məqsədi ilə, Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarı ilə adı dəyişdirilərək “İdarəetmə Sistemləri İnstitutu” adlandırılıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında bildirib ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”ndan irəli gələn tələbləri nəzərə alaraq, institutda bir sıra fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir.
Son 10 ildə institut tərəfindən 177 iş Respublikanın müxtəlif sahələrində tətbiq edilib, 3089 elmi əsər, (1363 xaricdə), 69 monoqrafiya (30 xaricdə) çap olunub, 39 qrant, 3 beynəlxalq, 14 Avrasiya, 14 Azərbaycan Respublikasının patenti alınıb.
Hazırda institutun 4 şöbəsində 25 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. İnstitutda AMEA-nın 4 həqiqi üzvü, 3 müxbir üzvü, 20 elmlər doktoru, 70 fəlsəfə doktoru və elmi tədqiqatların tətbiqi ilə məşgul olan təcrübəli elmi işçilər çalışır.
Sonra institutun direktoru, akademik Telman Əliyevin “İdarəetmə Sistemləri İnstitutunun yaranması və inkişaf mərhələləri” adlı məruzəsi dinlənilib. Akademik bu il 50 illik yubileyini qeyd edən institutun tarixi, görülən işlər haqqında məlumat verib, Azərbaycan Milli Elmlər Akademiyasında son 2 ildə aparılan islahatların nəticələri göz qabağında olduğunu, bölmələrdə və bütövlükdə Akademiyada işgüzar yaradıcılıq mühitinin formalaşdığını diqqətə çatdırıb. Həmçinin, Akademiyanın prezidenti, akademik Akif Əlizadənin böyük, iqtisadi səmərə verə bilən və elmi tutumlu multidisiplinar problemlərin həlli strategiyasından danışıb.
Akademik Telman Əliyev məruzəsində böyük, iqtisadi səmərə verə bilən və elmi tutumlu multidisiplinar problemlərin həlli strategiyasına toxunub, bir sıra mühüm məsələlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, akademik Akif Əlizadənin rəhbərliyi altında “Gücdən düşmüş neft mədənlərini onlayn rejimində idarə etməklə onların rentabelliyini təmin etməyə imkan verən iyerarxik intellektual robast nəzarət, diaqnostika və idarəetmə sistemlərinin yaradılması və ölkənin bütün mədənlərində tətbiqi” dövlət proqramını tərtib edilib. Proqramın reallığını sübut edən hazırlıq işlərini görülüb. Bibiheybət mədənlərinin, Balaxanıneftin və Şirvan OİL-in bir sıra obyektləri yoxlanılıb, eksperimentlər aparılıb və müəyyən edilib ki, bu problemi yaxın 3-5 il müddətində həll etmək mümkündür.
Həmçinin, AMEA-nın Yer Elmləri Bölməsi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə yaratdığı 11 seysmoakustik stansiyalar şəbəkəsindən seysmoloqların instrumentariya kimi istifadə etməsi problemindən danışan akademik, nazirliyin köməyi ilə həmin stansiyalardakı seysmik proseslərin qeydiyyatının onlayn rejimində monitorinq mərkəzinə ötürüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, dərin quyular üzərindəki stansiyalar seysmik prosesləri 15-30 saat zəlzələdən əvvəl 300-500 km radiusda qeyd edir, lakin prosesin ocağının yerini tapmaq imkanı yoxdur. Dayaz quyu stansiyaları isə onlardan 5-10 saat sonra məsafəcə özlərinə yaxın prosesi qeyd edir. Beləliklə dərin quyularda yerləşən stansiyalar regionda zəlzələ olacağını əvvəlcədən xəbər verir, dayaz quyulardakı stansiyalar isə onların istiqamətini, yəni zonasını müəyyənləşdirməyə imkan verir. Təklif olunan şəbəkə çox mükəmməl bir instrumentariydir. Dünyanın heç bir ölkəsində belə instrumentariy yoxdur. Bu instrumentariy Yaponiyanın Seysmik İnstrumentariy Korporasiyasının prezidenti Toru Kajiwara, İtaliyanın aparıcı seysmoloqlarının rəhbərliyi və dünyanın 10-dan çox ölkəsinin seysmoloqları tərəfindən diqqətlə öyrənilib və onun effektivliyi təsdiq edilib.
Məruzədən sonra İSİ-nin tarixinə həsr olunmuş film nümayiş olunub.
Sonra çıxış edən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafının perspektiv istiqamətlərindən danışıb.
Daha sonra çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elektron hökümətin elmi tutumlu aktual problemlərindən danışıb. Akademik bildirib ki, Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar, o cümlədən “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qeyd olunmuş bir çox tələblər elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi məsələsini zəruri edib. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumlarında, eləcə də İnformasiya Texnologiyaları İnstitutunda məqsədyönlü işlər həyata keçirilir.
Məruzədə Respublikamızda informasiya cəmiyyətinin qurulması ilə əlaqədar milli inkişaf modelinin formalaşdığı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, intellektual əməyə əsaslanan cəmiyyətə keçid elm və təhsil sahəsində bütün ənənəvi modellərin transformasiyasını gündəmə gətirir ki, bu məsələ də alim və mütəxəssislərimizin diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Yusif Məmmədov, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, “МЕХАТРОНИКА, АВТОМАТИЗАЦИЯ, УПРАВЛЕНИЕ” jurnalının baş redaktoru Nikolay Filimonov, Aktika Akademiyasının (Sankt-Peterburq) prezidenti Valeriy Mitko, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Proqram təminatı şöbəsinin rəhbəri Bəxtiyar Siracov, Türkiyənin Dokuz Eylül Universitetinin (İzmir) dekanı Əfəndi Nəsibov və digərləri institutun tarixindən danışıb, aparılan tədqiqat işləri və əldə olunmuş nailiyyətlər haqqında fikirlərini bölüşüblər.
Sonda qonaqlar İSİ-nin sərgi zalı və laboratoriyaları ilə tanış olublar.
İki gün davam edəcək tədbirin növbəti günündə qonaqlar İSİ-nin Bakı şəhərində və ölkəmizin digər bölgələrində tətbiq etdiyi layihələrlə tanış olacaqlar, həmçinin Bibiheybət neft-qaz çıxarma idarəsi və Lahıc RNM ASP stansiyasına səfər təşkil olunacaq.

AMEA Rəyasət Heyəti
aparatının İctimaiyyətlə əlaqələr
və elmin populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS