AMEA-nın PREZİDENTİ “EaZy Solutions” ŞİRKƏTİNİN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “EaZy Solutions” şirkətinin səlahiyyətli nümayəndəsini qəbul edib.

AMEA ilə “EaZy Solutions” şirkəti arasında əməkdaşlığın perspektivindən danışan akademik Akif Əlizadə elektron nəşrlərdən istifadənin Azərbaycan alimləri üçün faydalı olacağını bildirib. AMEA rəhbəri müasir dünyanın tələblərinə uyğun ən son elmi nailiyyətlərə dair kitab, jurnal və digər nəşrlərin alimlərimiz üçün vacib olduğunu vurğulayıb.

Qonaq öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Qonaq vurğulayıb ki, “EaZy Solutions” şirkəti “Cambridge University Press”, “De Gruyter”, “JSTOR” və digər aparıcı nəşriyyat və yayım evləri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərir, onların məhsullarını, xidmətlərini dünyanın bir çox universitet və elmi müəssiələrinə təqdim edir.
Görüşdə qərara alınıb ki, bu nəşriyyatların xidmət və məhsullarına tələbatı öyrənmək, eləcə də respublikada bu istiqamətdə görülən işləri müzakirə etmək üçün bu ilin oktyabr ayında dəyirmi masa keçirilsin. Yerli və xarici mütəxəssislərin iştirakı ilə baş tutacaq görüşdə beynəlxalq nəşriyyatların bazalarına giriş, onların nəşrlərində məqalələrin dərci, həmçinin onlardan səmərəli istifadə və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

AMEA Rəyasət Heyəti
Aparatının İctimaiyyətlə əlaqələr
və elmin populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS